13 Noyabr 2020 20:00
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanda Baş nazir Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbs etdirir. Artıq ölkədə Ermənistanda hakimiyyətə qarşı çıxanlara təzyiqlər və təhdidlər edilir.

Bunu Teleqraf.com-a millət vəkili Ceyhun Məmmədov deyib.

Onun fikrincə, Qərb dairələri uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab” kimi təqdim edirdilər: “Küçə yürüşləri ilə hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim edirdilər. Amma Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb. Ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib”.

Deputatın sözlərinə görə, əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir təşkilat qalmayacaqdı: “Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır”.

Ceyhun Məmmədov qeyd edib ki, cənab Prezident İlham Əliyevə feyk məlumatlar əsasında sual verənlər Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir: “Sanki Ermənistanda heç nə baş verməmiş kimi davranırlar. Ermənistandakı təlatümə, kütləvi insan həbsinə görə, Paşinyana heç bir sual ünvanlanmır. Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycana qarşı hədyanlar yazılır. Bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər. Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətləri baş verib. Bundan bəhs etmək əvəzinə Azərbaycana qarşı uydurmalarını davam etdirirlər”.

Millət vəkili vurğulayıb ki, bir sıra Qərb ölkələrinin Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər