Azərbaycan Ordusu tərəfindən məğlub edilmiş işğalçı Ermənistanda bu gün daxili vəziyyət çox gərgindir. Ölkədə hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Nikol Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib. Ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır. Onlara təzyiqlər və təhdidlər olunur. Ermənistanda daxili gərginliyin yaranacağı labüd idi. Uzun illərdir ki, daxildə baş verənləri ölkə rəhbərliyi gizlətməyə çalışsa da, reallıq artıq özünü tamlığı ilə büruzə verdi. Dövlət başçısı ilə məmurların, hökumətin digər qurumlarının, vətəndaşların arasında olan qarşıdurmalar xalqın həyat tərzini, yaşam səviyyəsini aşağı salıb. Paşinyanın həyata keçirdiyi siyasət həm xalqı qane etmir, həm də ölkədə mövcud olan həyat tərzinin pisləşməsinə şərait yaradıb. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqlardan uzaq hərəkətləri, vədləri və çıxışları ilə özünün sonunu yaxınlaşdırdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu gün Ermənistanda baş verən hadisələr fonunda demokratiyanı özündə əks etdirən dəyərlər ayaq altına salınıb:
“Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qərbdə susqunluqla qarşılanır. Ermənistanla bağlı heç bir bəyanat verilmir, oradakı vəziyyət təhlil olunmur, heç bir qınaq və irad bildirilmir”.
Millət vəkilinin fikrincə, cənab Prezident İlham Əliyevə feyk məlumatlar əsasında sual verənlər, Qərb mediası Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir: “Beynəlxalq təşkilatlara Ermənistanda hazırda heç nə baş verməmiş kimi davranır. Paşinyana heç bir sual ünvanlanmır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada hədyanlar yazanların əsl kimlikləri ortadadır. Hazırda isə işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə, Tərtər və digər Azərbaycan şəhərlərində Emənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.
Sevinc Fətəliyeva müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb:
“Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən məlumatların yayımlanması qadağan edilib. Regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar ”.