Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Qərb ölkələrində məskunlaşmış, iqtidara qarşı radikal mövqeyi ilə fərqlənən bir qrup soydaşımız hakimiyyəti Rusiya sülhməramlılarını Azərbaycana buraxmağa görə sərt tənqid edir, Rusiyanı Azərbaycana düşmən dövlət kimi təqdim edib onu birgə Bəyənatda nəzərdə tutulmuş səlahiyətlərindən kənara çıxmaqda ittiham edirlər. Rusiyanı Azərbaycanın ərazi bütövlüyü üçün təhdid sayırsınızmı?
- Biz bilirik ki, Azərbaycanın torpaqlarının 30 il işğal altında qalmasının əsas səbəbkərları həm də Qarabağ münaqişəsinin həllinə kömək etməli olan Minsk qrupunun həmsədrləri ABŞ və Fransadır. Çünki onlar işğalçıya heç bir təzyiq göstərməyib bizə sanksiya tətbiq etməklə bir milyon vətəndaşımızın 30 il ağır və əzablı qaçqın həyatı yaşamasına, torpaqlarımızın məskunlaşdırılmasına şərait yaratdılar. Hazırda bu ölkələrdə məskunlaşmış, həmin ölkələrin hökumətlərindən pul alan insanların Rusiyaya münasibətdə tutduğu mövqe başa düşüləndir. Ona görə ki, həmin ölkələrin Rusiya ilə münasibətləri gərgindir və Rusiyaya sanksiya tətbiq etmişlər.
27 sentyabrda biz öz torpaqlarımızı işğaldan azad etməyə başlayanda Rusiya prezidenti neytral və ədalətli mövqe sərgilədi və bəyan etdi ki, döyüşlər Azərbaycanın ərazisində getdiyi üçün bizim Ermənistanla qarşılıqlı hərbi yardım haqqında müqaviləmiz olsa da münaqişəyə müdaxilə edə bilmərik. O isə sözünə hörmət etməyi bacaran dövlət adamıdır. Bu mövqe digər həmsədrləri daha da qəzəbləndirdi. Onlar çox istəyirdilər ki, Azərbaycanı Rusiya dayandırsın. İndi də himayə edib, sığınacq verdiklərinə tapşırıblar ki, Paşinyan kimi çalışsınlar ki, Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərini pozsunlar. Amma unudurlar ki, Rusiya ilə Azərbaycan arasında etimadlı və qarşılıqlı maraqlara söykənən münasibətlər qurulub. Artıq keçən əsrin 90-cı illəri deyil, çox şey dəyişib. Vaxtilə Qərbin müxtəlif dairələrinin tapşırığı ilə etnik seperatizmi qızışdırıb SSRİ-ni dağıdan Ermənistan bu dəfə Rusiyanı münaqişəyə cəlb edib Rusiya Federasiyanı dağıda bilməz.
Biz həmin dairələrin iddia etdiyi kimi Rusiyanın təhdidi ilə onun sülhməramlı qüvvələrini Azərbaycana buraxmamışıq. Biz istəmirdik ki, beynəlxalq birlik haqlı olduğumuz halda bizi etnik təmizləmə siyasətində ittiham etsin. Ermənistan məğlub olduğunu etiraf edib bizim tələbləri yerinə yetirməyə hazır olduğunu Rusiyaya bildirmişdi və bizə Ermənistanla barış üçün vasitəçi lazım idi. Sözsüz ki, bu zaman Rusiyanın bölgədəki marağını və beynəlxalq nüfuzunu da nəzərə almışıq. Ermənistan Türkiyəni bizim yaxın müttəfiqimiz kimi yaxına buraxmırdı. Putin isə ona olan daxili və xarici təzyiqlərə baxmayaraq hər zaman bəyan edirdi ki, Azərbaycan da onlara yaxın olan dövətdir və Rusiyanın strateji tərəfdaşıdır. İlham Əliyev də eyni mövqeni sərgiləməklə yanaşı həm də zamanında bəyan etmişdi ki, o Putinə inanır. Ona görə də İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə atəşin dayandırılmasına və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair birgə Bəyanatı imzaladı. Dağlıq Qarabağı tərk etmiş dinc erməni sakinlər yalnız Rusiya təhlükəsizlik təminatı verəcəyi halda geri dönə bilərdi. Hazırda bizə səlahiyyət hədlərini aşma kimi görünən Rusiya sülhməramlıları tərəfindən atılan bəzi addımlar ona hesablanıb ki, ermənilərin etmadını qazansınlar və onları geri qayıtmağa inandırsınlar. Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk edəndən və erməni sakinlər geri dönəndən sonra onların Azərbaycanın yurisdiksiyasına qaytarılması prosesi başlayacaq. Əvvəllər də söyləmişdim ki, Rusiya Ermənistanı müdafiə etmək istəsəydi ilk gündən münaqişəyə qatılmaq üçün bəhanə tapardı, yaxud yaradardı.
Dağlıq Qarabağın ərazisinin yarısı bu gün Ordumuzun nəzarəti altındadır. Qərblə ciddi problemləri olan Rusiya satqın ermənilərə, yaxud 2 min kv.kilometr əraziyə görə Türkiyə və Azərbaycanla münasibətlərə son qoyub bizlərlə böyük müharibəyə girməz. Çünki bilirlər ki, bir qarış torpağımıza görə belə vuruşacağıq. Həm də razılaşmaya görə biz istəməsək Rusiya 5 ildən sonra Qarabağı tərk etməlidir. Bunun təminatı həm Rusiyanın nüfuzu, həm də qardaş Türkiyədir. Bu gün Türkiyə Milli Müdafiə Nazirliyi növbəti dəfə bəyan etdi ki, işğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır və bu məsələdə hər hansı güzəşt ola bilməz. Qardaş Türkiyə həmişə yanımızda olacaqdır.
Putin isə bəyan etdi ki, daha Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməyin, çünki münaqişə bitib. İnşallah yaxın gələcəkdə biz Türkiyə, Rusiya və Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağını görəcəyik. Çünki hər üç dövlətin marağı və təhlükəsizliyi bunu tələb edir. Bu gün Rusiyada 33 milyon müsəlman, 16 milyon türk yaşayır. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə əsas müttəfiqləri də türk dövlətləridir.