Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi. Düşmənin uzun illər işğal altında saxladığı, müqəddəs ruhlarımızın uyuduğu torpaq uğrunda aparılan, sonu qələbə ilə bitən bu mübarizə hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan parlamentinin sədr müavini Adil Əliyev deyib.
Vitse-spiker xatırladıb ki, rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı düşmənə məxsus olan texnikaların və canlı qüvvənin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı rəsmi kadrlar hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə izlənilib:
“Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkilib. Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyəti artıq erməni xalqının iradəsini sındırıb.
Bu gün ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider, müharibə meydanında ilk dəfə qalib ordu gördülər. Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq. Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi..."
Adil Əliyev əlavə edib ki, noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan azad edib: “Ardınca bir günün içində 70-dən artıq kənd, 8 strateji yüksəklik düşmən tapdağından təmizləndi, bu da düşməni mat vəziyyətinə saldı... Savaşın başladığı ilk zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddət müharibənin dayandırılması məqsədilə xarici dövlətlərə yalvardı. Dövlət başçımızın dəmir iradəsi, Azərbaycan xalqının öz liderinə qüvvətli inamı, ordumuzun ruh yüksəkliyini görəndən, üstəgəl də Şuşanın azad edilməsindən sonra çıxılmazlıq labirintinə düşdü.
Xain Ermənistanın və onun xain baş nazirinin razılaşma kapitulyasiyasını imzalamaqdan başqa yolu qalmadı. Artıq 10 noyabr - xalqımız üçün Zəfər bayramıdır, qələbə günüdür. Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa da, ölkəsində ona qarşı etirazlar sürətlə artıb. Ermənistanın siyasi rəhbərliyi bütün xəbərdarlıqlara baxmayaraq, heç bir halda öz şövinist siyasətindən əl çəkmədi. Bu da onun üçün ağır nəticəsi - həm döyüş meydanında məğlub oldu, həm də ki, onsuz da çətin iqtisadi durumda olan ölkəni bu qədər maliyyə itkiləri ilə lap pis vəziyyətə saldı. Bu maliyyə böhranından çıxmaq üçün düşmən ölkəyə azı bir neçə onillik lazım olacaq. Eyni zamanda, Paşinyanın xalqının gözündə olmayan etibarı tamamilə yerlə bir oldu. Onu da bildirim ki, Paşinyana qarşı etirazlar yalnız kapitulyasiyanı imzaladıqdan sonra başlamamışdı.
Daha əvvəl də ölkədə baş nazirin müxalifət nümayəndələrini, jurnalistləri həbs etdirməsi, onların ölümünə səbəb olma halları ilə əlaqədar kifayət qədər narazılıqlar mövcud idi. Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərcivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir qan tökülmədən qaytarmağı öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular.
Sazişin şərtlərinə baxsaq görürük ki, ordumuzun işğaldan azad etdiyi və razılaşma ilə boşaldılan bütün ərazilərdə nəzarət bizdə qalır, habelə həmin yerlər Azərbaycan Respublikasının tərkibinə daxil olur. Bu isə o deməkdir ki, üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır”.
Adil Əliyev hesab edir ki, Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb. Onun fikrincə, Azərbaycanın dövlət-ordu-xalq birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst edib: “Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı. Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”