Cəmi 44 gün ərzində ərazi bütövlüyümüzün bərpası "yenilməz erməni ordusu" barədə deyilənlərin sadəcə mif olduğunu ortaya qoydu. Azərbaycanın Prezidenti istənilən əlverişsiz müharibə vəziyyətini dəqiq rəhbərlik və hazırlıqlı ordu sayəsində qələbəyə çevirməyin mümkün olduğunu bütün dünyaya sübut etdi. Müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Vətən müharibəsindəki qələbə və əldə edilmiş uğurları şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistana, o cümlədən də bütün dünyaya sübut olundu ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz:
“Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və faktiki olaraq kapitulyasiyaya məcbur etdi. Təcavüzkar Ermənistanın hərbi və siyasi ekspertlərinin, hərbçi və məmurlarının etirafları Azərbaycanın öz ərazi bütövlüyünü istənilən bir qüvvə ilə qarşıdurmada müdafiə etmək gücündə olduğunu bir daha sübut etdi. Nəticədə 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları alt-üst oldu”.
Politoloqun fikrincə, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz:
“30 il ərzində nə baş verirdi? Hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Azərbaycan Ordusu isə Ali Baş Konmandanın rəhbərliyi altında yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var" fikirləri Vətən müharibəsində tam olaraq təsdiqləndi. İllərdən bəri özünü Azərbaycan torpaqlarından çıxmamaq üzərində kökləyən Ermənistanın işğalçı əsgərləri, muzdlu quldurları və mürəkkəb mühəndis qurğuları ordumuzun həmlələrinə duruş gətirə bilmədi. Azərbaycanın müharibədən dəfələrlə güclənərək çıxması, Ermənistanın isə bir dövlət kimi hərtərəfli dağılmaya məruz qalması qalibiyyətli müharibə üçün xalqa söykənən yetkin liderin və güclü ordunun nə qədər həlledici şərtlər olduğunu qəti sübuta yetirdi”.
“Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü və artıq hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Fakt ondan ibarətdir ki, Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir”- deyə Yusif Bağırzadə qeyd edib.