Təcavüzkar Ermənistan son zamanlar xüsusilə azğınlaşmışdı. Bunun da səbəbi özünü tam cəzasızlıqda hiss etməsi idi. Həqiqətən də bu işğalçılıq siyasətinə, təcavüzkarlığa beynəlxalq səviyyədə heç bir reaksiya göstərilmirdi. Nəticədə ermənilər daha da irəli getmək, dağıdıcılıq, işğalçılıq siyasətini həyata keçirməyə həvəslənirdilər. Hələ 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri yeni ərazilərin işğalı üçün müharibənin gərəkliyi haqqında fikir səsləndirdi. Müvafiq olaraq Azərbaycanın digər ərazilərinə iddialar səsləndirməyə başladılar. Belə olan halda təcavüzkara qarşı ən sərt addımlar atılmalı idi. Beynəlxalq təşkilatlar, dünyanın ayrı-ayrı dövlətləri Ermənistanı işğalçı, təhlükəli fikirlərdən çəkindirməli idi. Bu yanaşmalar eyni zamanda Cənubi Qafqazdakı vəziyyətə təsir edən olduqca təhlükəli presedentlər ortaya qoyurdu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun fikirincə, beynəlxalq təşkilatlar bu hallara qarşı da ikili standartlardan yanaşdılar: “Dərk etməliydilər ki, dağıdıcılıq, işğalçılıq missiyası dünyanın digər coğrafiyasındakı vəziyyətə gec-tez təsir göstərəcək. Ermənistanın hərbi təxribatlarının, işğalçılıq siyasətinin nəticələrinin qarşısının alınmasının vacibliyi haqda dünyaya çağırışlar edildi. Azərbaycan nümayiş etdirdi ki, problemin dinc vasitələrlə aradan qaldırılması imkanları mövcuddur, dövlətimiz bu istiqamətdə addım atmağa hazırdır. Amma çox təəssüf ki, Azərbaycanın bu çağırışlarına reaksiya verilmədi. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75-ci sessiyasında Ermənistanın təcavüzündən bəhs etdi, dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, regionda yaranacaq vəziyyətə görə məhz təcavüzkar Ermənistan günahkardır”.
Deputatın sözlərinə görə, Ermənistanın addımları, intensiv xarakter alan hərbi təxribatları açıq-aşkar geniş miqyaslı müharibəyə aparırdı: “Beynəlxalq ictimaiyyət bu məsələlərə diqqət yetirmədi. Nəhayət sentyabrın 27-də Ermənistan genişmiqyaslı hərbi təxribatlar törətdi. Azərbaycan bu təxribatların qarşısını almaqla yanaşı əks-hücum əməliyyatlarına başladı. İlk növbədə məqsəd Ermənistanın intensiv xarakter alan təxribatlarının qarşısını birdəflik almaqdan ibarət idi”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, problemin həlli istiqamətində aparılan danışıqlar bir nəticə vermədi: “Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququndan istifadə etdi. Çünki sonsuzluğa qədər əhəmiyyətsiz danışıqların aparılması mümkün deyildi. Danışıqlar status-kvonun saxlanılmasına xidmət edirdi”.
Millət vəkili bildirib ki, düşmənin kaputilyasyasından sonra imzalanmış birgə bəyanat dövlətimizin maraqlarını özündə ehtiva edir: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bütün dünya üçün müsbət təcrübə olmalıdır. Bəzi regionlarda separatizm meyillərinin baş qaldırması üçün əsaslar mövcuddur. Azərbaycan məhz bu separatizm meyillərinə də ölümcül zərbə vurdu. Bu, çox böyük bir nümunədir ki, dünyanın digər coğrafiyalarında separatizm meyilləri əhəmiyyətli dərəcədə zəifləyəcək. Buna görə Azərbaycana beynəlxalq miqyasda təşəkkür olunmalıdır. Amma bəzi hallarda bunun əksi müşahidə olunur. Bütün bunlara baxmayaraq, Azərbaycan yeni bir reallıq formalaşdırdı”.