Hazırda 44 günlük müharibə Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatıb. Ermənistan məğlubiyyət aktına imza atıb və əldə olunan üçtərəfli razılaşmaya əsasən təsdiq edilmiş qrafikə uyğun olaraq Kəlbəcər, Ağdam və Laçını təhvil verir. Azərbaycan ərazilərindən hərbi birləşmələrini və qeyri-qanuni məskunlaşdırılmış sakinlərini çıxarır. Ancaq əvvəlcədən razılaşdırılmış qrafikdə Rusiya Federasiyası Prezidentinin xahişi ilə dəyişiklik edildi və ermənilərə daha 10 gün vaxt verildi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, bu, hər şeydən öncə məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır:
“Çünki Kəlbəcər-Basarkeçər (Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və ermənilərin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi təhvil verməsini mümkün etmir. Belə olan halda bizim iki yolumuz var idi. Ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərinin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli, ya da müzəffər ordu birliklərimiz vasitəsilə yolu bağlamalı idik. Bizim məqsədimiz düşmən qüvvələri ölkəmizi tərk etməyə məcbur etmək olduğu üçün onlara bir qədər də vaxt verdik. Əks təqdirdə ya onları məhv etməli, ya da girov saxlamalı idik ki, bu da Azərbaycanın məqsədləri içərisində deyildi. Çünki Azərbaycan böyük və məsuliyyətli dövlətdir, böyük qalibiyyət əldə edib və bu qalibiyyətə humanitar kontekstdə kölgə salmaq, beləliklə də informasiya müharibəsində ermənilərə və onların havadarlarına əleyhimizə olan arqumentlər vermək bizim maraqlarımıza zidd idi”.
Hikmət Babaoğlu deyib ki, döyüş meydanında başa çatsa da müharibənin diplomatik, informativ və siyasi müstəvidə hələ də davam etdiyini unutmaq olmaz:
“Hər kəsə aydındır ki, erməni vandalları birinci Qarabağ savaşında bizim dinc sakinlərimizə münasibətdə əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atmış, cəmi 10 saat ərzində öz doğma yurdlarından çıxmaları üçün tələb qoymuşdular. Biz bunu əsla unutmadıq və unutmağa da haqqımız yoxdur. İkinci Qarabağ savaşında bizə qarşı törədilən bütün cinayətlərin, o cümlədən Kəlbəcərimizdə törədilən cinayətlərin hamısının qisasını döyüş meydanında artıqlaması ilə aldıq. Düşmənə qan uddurduq. Döyüş meydanında və diplomatiyada elə dərs verdik ki, tarix boyu unudulmayacaq. Hazırda müharibə siyasi-diplomatik müstəvidə davam etməkdədir”.
Milli Məclis deputatının sözlərinə görə, Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu qərarlar təkcə Azərbaycanın statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir:
“Bu bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətidir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düzgün oxumağı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”.