18 Noyabr 2020 10:09
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ müharibə başlayarkən belə bir fikir irəli sürülürdü ki, artıq heç bir beynəlxalq güc işğalçı ölkəni müdafiə etmir və hamı ondan canını qurtarmaq istəyir. Elə buna görə proseslərə kənar seyrci kimi davranır və hər hansı müdaxiləyə cəhd göstərmirlər. Ancaq bu, qətiyyən belə deyildi. Məhz Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycanın Qələbəsi fonunda bölgədə Türkiyə və Rusiyanın rolunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu gün bölgənin taleyini Türkiyə ilə Rusiya həll edir: “Qərb dairələri 1992-93-cü illərdə, münaqişənin əvvəlində Qafqaz regionunda aktiv olsalar da bu gün nə ABŞ, nə də Fransanın proseslərə heç bir təsiri yoxdur. Bu gün Fransa birmənalı şəkildə Qafqazdakı real yerini itirib və uzaqlaşıb. Fransa dövləri sadəcə illuziyalarla danışır. Real siyasət odur ki, bu gün Qafqazın taleyini Türkiyə ilə Rusiya həll edir.

Azərbaycan Türkiyəni Qafqaz siyasətinə daxil etdi. Cənab Prezident də öz müraciətlərində birmənalı olaraq bildirdi ki, bu müharibə Qafqazda yeni reallıq yaratdı.

Bu gün təbii olaraq Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələri nəticəsində ortaya ədalətli qərarların çıxdığının şahidiyik”.

Politoloq hesab edir ki, reginun söz sahibləri ilə Azərbaycanın yaxşı əlaqələri də qələbəmizi şərtləndirən əsas amillərdən sayıla bilər: “Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.

Türkiyəyə gəldikdə isə bu ölkə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Yuxarıda da qeyd etdiyim kimi məhz Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini puça çıxardı. Prezidenti Rəcəb Tayyib Ərdoğanən “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq” deməsi Azərbaycanın həm danışıqlar masasında, həm də döyüş meydanında tək olmayacağı anlamını daşıyır ki, bu da qardaş ölkənin Azərbaycana verdiyi ən böyük dəstək hesab olunmalıdır".

Yusif Bağırzadə hesab edir ki, Rusiyanın bölgədə olması bu günün labüd şərtidir: "Amma Rusiya tərəfi xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etdi. Həmçinin sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da düşmən ölkə hərbçilərinin regionda qalmasını istisna edir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər