Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:
(Əvvəli burada)
...1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Həmçinin 27 illik işğal dövründə də Ermənistan törətdiyi bütün cinayətlərə (hərbi, ekoloji, sivil, mədəni-tarixi irs) görə məsuliyyətə cəlb olunmalı, dövlətimizə, iqtisadiyyatımıza vurduğu ziyana görə təzminat ödəməlidir. Cinayətkar dövlət və onun talançı rəhbərləri müvafiq milli qanunvericilik aktları və beynəlxalq konvensiya sənədlərinin tələblərinə uyğun olaraq, həmçinin "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası və digər sənədlər əsasında beynəlxalq məhkəməyə verilməlidir.
Noyabrın 16-da ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl və Füzuli rayonlarına səfər edən zaman da bəyan etdi ki, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Cənab prezident vurğuladı: "Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək, onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq, o məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.
Artıq proses başlayır, əlbəttə, çox yaxşı olardı ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən vəhşicəsinə dağıdılan evlərin, qəbiristanlıqların, tarixi-mədəni abidələrin bəzilərini həm gələcək nəsillərə, həm də turistlərə nümayiş etdirmək üçün olduğu kimi saxlayaq. Fikrimcə, mühafizə edilməli, açıq muzey yaradılmalıdır.
- Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənilər də digər xalqlar kimi burada yaşamaq hüququ qazanacaqlar, birgə yaşayışı necə görürsünüz?
- Azərbaycanda müxtəlif millətlər yaşayır. Hətta Ermənistan Silahlı Qüvvələri Gəncəyə oktyabrın 4-də raket zərbələri endirəndə xəsarət alan mülki şəxslərin arasında erməni əsilli Azərbaycan vətəndaşı da var idi. Oktyabrın 17-də ermənilər tərəfindən törədilən terror nəticəsində həlak olan uşaqlardan biri 13 yaşlı Artur idi. Bu nəyi göstərir?
Cənab prezidentin də dəfələrlə dediyi kimi, Azərbaycanda hər bir xalqın, milli etnikin nümayəndəsi yaşayır və onlar bu ölkənin vətəndaşıdırlar. Bu insanların hüquqları Azərbaycan Konstitusiyası ilə təsbit olunur, ölkənin prezidenti qarantdır. Bütün dünya bilir ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişlər. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməyib və dini qarşıdurma olmayıb. Azərbaycanda müxtəlif dini məbədlər, kilsələr, məscidlər var. Ancaq bu fikirləri Ermənistan dövləti haqqında demək mümkün deyil.
Qondarma "DQR"də azərbaycanlılara qarşı cinayətlər törədən, digər ölkələrin erməni əsilli vətəndaşları məskunlaşıb. Ona görə də Vətən müharibəsi bitdikdən sonra Azərbaycan ancaq o ermənilərə birgə yaşamaq haqqını verməlidir ki, onlar azərbaycanlılara qarşı heç bir cinayət törətməyiblər, soyqırımı hadisələrində iştirak etməyiblər, boş qalan evləri, yeraltı və yerüstü sərvətlərimizi talan etməyiblər. Ermənilərin bizə olan münasibətini hər zaman yadda saxlamalıyıq. Bu baxımdan hüquq-mühafizə orqanları xüsusi tədbirlər planı əsasında işlərini qurmalıdırlar.
- Gender bərabərliyinin qorunması, qadın hüquqlarının təminatı istiqamətində hansı addımlar atılır? Ölkəmizdə daha çox hansı sahələrdə qadınların hüquqları pozulur? Azərbaycanda siyasətlə məşğul olan qadınlar azlıq təşkil edir. İlk siyasi elmlər üzrə doktorluq dərəcəsi almış xanım kimi qadınların bu sferada az təmsil olunmasını necə izah etmək olar?
- Hələ 102 il bundan əvvəl, 1918-ci ildə qadınlarımız müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandılar. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. 1920-ci ildə “Azərbaycanın zəhmətkeş müsəlman qadınları qrupu” adından Parlamentə ünvanlanmış təbrik teleqramını yada salmaq istərdim. Həmin sənəddə deyilir ki, “Əldə edilən müstəqilliyin möhkəmləndirilməsi münasibəti ilə gənc Azərbaycanı salamlayırıq. Biz ümid edirik ki, bu müstəqillik sayəsində, müsəlman qadını əsrlər boyu düçar olduğu ağır zülmətdən və hüquqsuzluqdan qurtulacaq, axır ki, öz azadlığını əldə edəcəkdir”.
Artıq bu Demokratik Respublikanın dəstəklənməsində Azərbaycan qadınlarının aktiv fəaliyyət göstərməsi sahəsində ciddi mesajı idi. 23 ay yaşamasına baxmayaraq, az bir zamanda, qadın hüquqlarının müdafiəsi, qadın iştirakçılığının təmin edilməsi sahəsində elə bir ideyalar, sosial institutlar yarandı və möhkəm təməl qoyuldu ki, bu gün o, özünü həm dövlət qadın siyasətində göstərir, həm də Azərbaycan qadını məhz bu bəhrədən qidalanır. Müstəqilliyimizin ilk illərində Azərbaycan qadını bütün sahələrdə çox aktiv fəaliyyət göstərib. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi.
Elə buna görə də, ümummilli lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunub. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşmışdı. Ulu Öndər bu məsələni diqqətində saxlayırdı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycan qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir.
Ümummilli lider xalqa müraciət edərək bildirmişdi: “Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir”. Məhz Azərbaycan qadınlarının təklifi ilə ilk dəfə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 1995-ci ildə keçirilmiş 39-cu sessiyasında, “Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi” üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Bu qətnamə müvafiq olaraq 1996-cı ildən başlayaraq, hazırkı dövrə qədər dəfələrlə Komissiyanın sessiyalarında müzakirə edilib və qəbul olunub. Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalayıb.
Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olub. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarıb. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunub.
Artıq hər dəfə mən bunu bildirirəm ki, bu qanunların qəbul olunmasında Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rol var. Ailə, Cinayət, İnzibati Xətalar, Mülki Məcələlərinə dəyişiliklər və əlavələr edildi. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olub. Bu gün ölkədə həyatın bütün sahələrində o cümlədən, sahibkarlıqda, qərarqəbuletmə və idarəetmədə, hüquq-mühafizə orqanlarında, diplomatiyada, elm və təhsildə qadınların sayı artmaqdadır. Milli Məclisin spikeri qadındır və bu çox müsbət qarşılandı. Hazırda prokurorluq orqanlarında qadınların sayı artmaqdadır. Qadın hüquqlarının müdafiəsi ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayı artıb. Lakin əlbəttə ki, bəzi çətinliklər də var, gender əsaslı zorakılığa qarşı mübarizə davam etdirilməlidir, aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir.
Qadınların rəhbər vəzifələrə irəli çəkilməsində hələ də stereotiplər mövcuddur, bunu aradan qaldırmalıyıq. Xüsusilə də qadınlarda özünə inam hissi olmalıdır. Bu inam hissini biz 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu, bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, balasının cənazəsini öz çiynində son mənzilə yola salan Səkinə ana ilə, ərinin cənazəsini öz çiynində son mənzilə yola salan o məğrur xanımla qürur duyuruq! Biz Azərbaycan qadını ilə fəxr edirik!
- Uşaq əməyindən istifadə və azyaşlıların istismar olunması ilə bağlı ölkəmizdəki durumu necə dəyərləndirirsiniz?
- Uşaq əməyinin istismarı hallarının qarşısının alınması diqqət yetirilməsi tələb olunan xüsusi məsələ olaraq qalmaqdadır. Belə uşaqların cəmiyyətə inteqrasiya olunması ilə bağlı mərkəzi və yerli səviyyədə icra mexanizmlərinin, müxtəlif sosial xidmətlərin mövcud olduğunu nəzərə alaraq problemin həlli istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən dünyada 152 milyon uşaq (64 mln qız, 88 mln oğlan) uşaq əməyinə cəlb edilib ki, bu da hər 10 uşaqdan biri deməkdir. Məhz bu baxımdan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də hər kəsi əhatə edən və universal xarakter daşıyan məqsədlər fonunda uşaq əməyinin aradan qaldırılması da qlobal məsələlərdəndir. BMT-nin Davamlı İnkişaf Məqsədlərində 8.7-ci hədəf 2025-ə qədər uşaq əməyinin bütün formalarının ləğv edilməsidir.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, beynəlxalq və yerli qanunvericilikdə uşaq əməyi ilə bağlı bir sıra normativ hüquqi sənədlər mövcuddur. Azərbaycan da uşaq əməyi ilə bağlı beynəlxalq konvensiyalara qoşularaq uşaq əməyi ilə bağlı uşaqların əmək hüquqlarını müəyyən etmiş və bu hüquqların qorunması sahəsində iş aparır. Lakin bütün bunlarla yanaşı, hələ də bir sıra çatışmazlıqlar var.
Təhlil də göstərir ki, evdən kənarda işləyən uşaqların böyük hissəsi ailəyə kömək məqsədilə işləyir. Bu isə öz növbəsində həmin uşaqların valideynlərinin məsuliyyəti məsələsini bir daha aktuallaşdırır. Uşaq əməyinin aradan qaldırılması üçün valideynlərlə maarifləndirmə işinin aparılması, belə ailələrə dəstək mexanizmlərinin hazırlanması qarşıda duran mühüm məsələlərdəndir. Digər bir məqam isə yüngül işin spesifikasiyasının aparılmasıdır. Bu, müəyyən yaş kateqoriyasında işləyən uşaqlarla bağlı anlaşılmazlıqların aradan qaldırılmasına səbəb ola bilər.
Foto: Ceyhun Rəhimov