20 Noyabr 2020 15:00
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın azad edilməsini, Ordumuzun şəhərə daxil olması xəbərini böyük qürur və qəhərlə qarşıladım. Ermənilər 1988-ci ilin fevralın 12-də ilk dəfə Dağlıq Qarabağ məsələsini qaldırdılar. Buna etiraz olaraq 10 gün sonra Ağdamdan cəsarətli, igid oğlanlar Əsgəran istiqamətində dinc, silahsız yürüş etdi. Ermənilər də o zaman bu aksiyanı atəşə tutdu. Ağdamın Bəxtiyar və Əli adında iki qəhrəmanı şəhid oldu. Bu gün onların ruhu şad olsun. Ağdam artıq azaddır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, 1988-ci ildə hadisələr başlayanda Ağdam Dağlıq Qarabağda yaşayan azərbaycanlıların ümid, pənah yeri idi.

Onun fikrincə, Ağdam uzun illər o bölgə üçün təminat mərkəzi olub: ”Ağdam hər zaman cah-cəlalı, qüdrəti, görkəmli şəxsiyyətləri, igid oğulları ilə tanınıb. Dağlıq Qarabağa giriş qapısı Ağdamdır. Bundan sonra Qarabağa gedən Ağdamdan keçəcək. Xocalıya Ağdamdan keçib gedəcəyik”.

Elman Məmmədov bildirib ki, bu gün Ordumuz Ağdamdadır: “İşğal başa çatdı. Xalqımız Şanlı Zəfərini qeyd edir, bir-birimizi təbrik edirik. Tarixi günlər yaşayırıq”.

Deputat söyləyib ki, Xocalı soyqırımı zamanı orada olan şəhidlər Ağdam məscidinə gətirilirdi: “Ağdamın Əsgərən tərəfə olan çıxışında sovet dövründə qoyulmuş abidə kompleksi vardı. İlk Şəhidlər xiyabanı orada salındı. Təhlükələr artandan sonra Ağdamdan Bərdəyə olan istiqamətdə Uzun Dərə adlanan yerdə şəhidlər dəfn edildi. İşğalın başa çatması ilə Ağdamda Xocalı şəhidlərinin ruhunu yad edəcəyik. Ağdamın işğaldan azad edilməsi münasibəti ilə xalqımızı təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı