Topraqlarımız müəyyənləşmiş qrafikə uyğun işğaldan azad edilir. Ağdamdan erməni silahlıları çıxarılıb. Qan tökmədən, güllə atmadan qələbə müstəvisində işğalda qalan ərazilərimiz azad edilir. Bu, Ali Baş Komandan İlham Əliyevin diplomatik sahədə qazanmış ən böyük uğurudur. Cənab Prezidentin müdrik siyasətçi, yüksək diplomatik keyfiyyətləri özündə əks etdirən dövlət xadimi olduğunu bütün dünya gördü. Üçtərəfli bəyanat imzalandıqdan sonra müxtəlif seqmentlərdə gümanlar fərqli idi. Siyasi dəlallar buna ən müxtəlif şəkildə qiymət verirdi.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun fikrincə, Ordumuzun Ali baş Komandanın rəhbərliyi ilə sentyabrın 27-dən başladığı hərbi əməliyyatlar, atılacaq addımlar zərgər dəqiqliyi ilə həyata keçirilib.
Deputat qeyd edib ki, 10 noyabrda imzalanan bəyanat Ermənistanın kaputulyasiyası idi: “Ermənistanın arxasında duran hətta müharibə dövründə Azərbaycana qarşı təzyiqlər edənlər reallıqdan uzaq düşmüş prinsiplərdən çıxış edirdilər. O cümlədən, Minsk Qrupunu üzvü Fransanın proseslərə yanaşması qəbuledilməzdir”.
Fəzail Ağamalının fikrincə, Fransa erməni lobbisinin istəyi ilə siyasi bəyanatlar və həqiqətdən uzaq qərarlar qəbul etmək iddiasına düşür: “Cənab Prezidentin iradəsinə bələd olan hər kəs bilir ki, imzalanmış bəyanat Azərbaycan xalqının maraqlarına tam uyğundur. Burada nəzərdə tutulan bütün prinsiplər həyata keçirilir və icra olunur. Azərbaycan ərazi bütövlüyü tam təmin edilib. Ermənilər digər işğal edilən torpaqlarımızdan çıxarılır. Müəyyənləşmiş qrafikə uyğun olaraq ermənilərin bu ərazilərdən çıxarılması təmin olunacaq”.
Partiya sədri Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunları ilə yaşamasında heç bir problemin olmayacağını bildirib.