Tarix boyu terroru, soyqırımı siyasətlərinin əsas xətti edən işğalçı Ermənistanın ölkəmizə qarşı təxribatı davam edir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğu tam şəkildə sübuta yetirilib. Bədnam ölkə işğalçılıq siyasəti ilə özünü rəzil duruma saldığını açıq-aydın nümayiş etdirir.
Bunu Telqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikirincə, Ermənistanın işğalçı, təcavüzkar siyasəti regionda sülh və sabitliyin önündə ən böyük əngəldir:
"Dünyanın Ermənistanı işğalçı dövlət qismində qəbul etdiyi vaxtda Minsk Qrupunun üzvü olan Fransanın Azərbaycana qarşı mövqeyi anlaşılan deyil. Həmsədr ölkə olan Fransanın mövqeyi, bəyanatları münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. Bu, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Fransanın işğalçı, təcavüzkar ölkəyə dəstək verməsi təəssüf ediləcək məqamdır. İşğalçının, haqsızın yanında dayanmaq qərəzlidir. Bu yanaşma siyasi, etik qaydalardan kənardır”.
Məlahət İbrahimqızı bildirib ki, vasitəçilik missiyasını üzərinə götürən ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz:
“Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalıdır. İşğalçının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk Qrupunun tərkibində olması sual doğurur. Bütün dünya qəbul edib ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bura Azərbaycanın tarixi, əzəli torpağıdır. Bunu dərk etməyən ölkənin vasitəçi missiyasına ehtiyac yoxdur”.
Millət vəkili noyabrın 25-də Fransa senatında Qarabağla bağlı məsələnin müzakirəyə çıxarılmasının qəbuledilməz olduğunu söyləyib:
“Qarabağ Fransa prezidentinin ötən gün təsdiq etdiyi kimi Azərbaycanın qanuni ərazisidir. Burada hansısa bir vahidliyin yaranması beynəlxalq hüquqa ziddir. Eyni zamanda Azərbaycan Konstitusiyasına və qanunlara görə, ölkə ərazisində istənilən dəyişiklik ancaq qanunla müəyyənləşir. Burada hansısa bir ölkənin qanunverici orqanın söz haqqı və inzibati əsası ola bilməz. Ona görə də Fransa Senatında Qarabağla bağlı təqdim edilən məsələnin qəbul olunması belə sual altındadır. Çünki senat tək ermənipərəst parlamentarilərdən ibarət deyil. Orada da dünya nizamını, beynəlxalq hüququ yaxşı dərk edən insalar təmsil olunur. Düşünülən odur ki, senata təqdim edilən məsələ geri qaytarılacaq və yaxud qəbul olunmayacaq”.