“Türkiyə Cənubi Qafqazda böyük geosiyasi oyunçuya çevrilir. Yaxın Şərqdən sonra Cənubi Qafqaz da Türkiyə üçün ciddi əhəmiyyətə malikdir. Artıq bütün dünyada bunu başa düşüblər. Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu yeni tarixin başlanğıcı kimi də qəbul etmək olar”.
Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Sizcə, bir sıra Qərb dövlətləri Azərbaycandan nə istəyir? Savaş başa çatdıqdan sonra Qərbdə yaranan fəallıq nədən irəli gəlir?
- ATƏT-in Minsk qrupunun iki həmsədri – Fransa və ABŞ Dağlıq Qarabağdakı proseslərdən kənarda qaldı. Bu gün meydanda daha çox Türkiyə və Rusiya rol oynayır. Məlumdur ki, Avropa Rusiyaya münasibətdə müxalifət mövqeyində durub. Bu münasibətlər zaman-zaman düşmənçilik həddinə qədər qalxır. Krım məsələsinə görə Avropadan Rusiyaya sanksiyalar tətbiq olunur. Navalnı amilinə görə yeni sanksiyalar gündəmdə idi.
Həmin amillərə görə Avropada Rusiyanın imici nə qədər sarsılmışdısa, Dağlıq Qarabağda yaranmış yeni situasiya isə Avropanı bir qədər “yumuşaq” münasibət sərgilməyə sövq edir.
Məlumdur ki, Avropanın bir sıra dövlətləri indiyədək Qarabağ prosesində Ermənistanın mövqeyindən çıxış edirdilər və Rusiyanın da burada aparıcı qüvvə olduğunu bilirdilər. Qarabağda savaş başladıqdan sonra Rusiyaya mürciət etməyə başladılar ki, problemə bir əncam qılsın. Amma Rusiyanın bunun əksinə olaraq, Suriya və Liviyadan sonra Dağlıq Qarabağda da Türkiyə ilə anlaşması Avropanı narahat etməyə bilməz. Türkiyənin Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda da güclənməsi Avropanı ciddi şəkildə narahat edir.
- Xüsusən də Fransanı…
- Bura qədər Fransa və Türkiyə arasında Aralıq dənizinin şərqi ilə bağlı gərginlik vardı. Qarabağa gəldikdə, məlumdur ki, Fransa hökumətində erməni lobbisinin ciddi fəaliyyətləri var. Digər yandan, bir sıra Fransa şirkətləri və bu ölkədə fəaliyyət göstərən erməni iş adamları uzun illər işğal altında qalmış Dağlıq Qarabağda böyük sərvətlər qazanırdılar. İşğalın başa çatması ilə həmin sərvətlərin itirilməsi nə Fransa şirkətləri, nə də o ölkədəki erməni iş adamlarının xoşuna gəlir.
Dağlıq Qarabağda vəziyyətin dəyişməsi Fransa ilə yanaşı, digər Qərb dövlətlərinin də xoşuna gəlmədi. Azərbaycan isə Qərb və ya ATƏT-in Minsk qrupunun yaratdığı situasiyanı və oyunları pozdu. Azərbaycan status-kvonu ləğv edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Nəticədə Fransa baş verənlərdən kənarda qaldı.
Tək Fransa yox, bütün Qərb dövlətləri və beynəlxalq təşkilatlar baş verənlərdən qıraqda qaldı. Görünən budur ki, bölgədə əsas rol Türkiyə və Rusiyadadır. Hər iki ölkənin gələcəkdə bölgədə həyata keçiriləcək layihələrdə birgə yer alacağı da görünməyə başlayıb.
- Qeyd edtdiyiniz kimi, Fransa Dağlıq Qarabağda özünə yer etmək istəyir. Təzyiqlərlə və ya alternativ gedişlərlə buna nail ola bilərmi?
- Nə Fransa, nə də digər Avropa dövlətləri Azərbaycana təzyiq edə biləcəklər. Azərbaycan bu gün Cənubi Qafqazın, yəni bu bölgənin ən güclü dövlətidir. Öz siyasətini müstəqil şəkildə aparır. Azərbaycan Ermənistandan fərqli olaraq, nə maddi, nə iqtisadi, nə siyasi, nə də hərbi baxımdan xarici dövlətlərdən asılıdır. Azərbaycanın müstəqil mövqeyi Dağlıq Qarabağda gedən savaş zamanı da özünü göstərdi. Azərbaycan bu prosesdə Türkiyə ilə birlikdə hərəkət etmək niyyətindədir.
Əlbəttə, Rusiya da burada yer alacaq. Buna görə də, Avropa dövlətlərinin, xüsusən də Fransanın təzyiqləri heç bir nəticə verməyəcək. Beynəlxalq qurumlar belə, bu məsələyə görə səslərini çıxara bilmirlər. Çünki illərdir münaqişənin həlli ilə bağlı özlərinin qəbul etdikləri qətnamələri həyata keçirmədilər. Bu baxımdan, istənilən təzyiqin Azərbaycana təsir edəcəyini düşünmürəm.
Əlbəttə, Fransa bölgədə özünə yer etmək istəyirdi. Baş verənlərə də bunun üçün fürsət kimi baxırdı. Amma proseslər Fransanın istəklərindən kənarda cərəyan etdi, bütün qapılar üzünə bağlandı. İndi əli bölgədən tamamilə üzülmüş Fransa cığal uşağa bənzəyir. Təzyiq xarakterli bəyanatlarla nəyəsə nail olacağını düşünür. Amma hazırda bölgədə elə bir reallıq yaranıb ki, yeni situasiya Fransa və ya digər bir Qərb dövlətinin bura müdaxiləsini istisna edir.
Ümumiyyətlə, Cənubi Qafqaz tarixən də Fransanın rol almadığı bir geosiyasi bölgə olub. Yaxın Şərqdə, Aralıq dənizinin şərqində özünə yer tapa bilməyən Fransa Cənubi Qafqaza yeni oyun meydanı kimi baxsa da, həmin bölgələrdə olduğu kimi, burada da “türk səddi”nə çırpılıb dayanmaq məcburiyyətində qalacaq.
- Bəs Türkiyə baş verən prosesin harasında durur? Bölgədə özünə yer edib və buna görə təzyiqlər qarşısındadır. Ankara bu təzyiqlərə duruş gətirə biləcəkmi?
- Türkiyə Cənubi Qafqazda böyük geosiyasi oyunçuya çevrilir. Yaxın Şərqdən sonra Cənubi Qafqaz da Türkiyə üçün ciddi əhəmiyyətə malikdir. Artıq bütün dünyada bunu başa düşüblər. Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu yeni tarixin başlanğıcı kimi də qəbul etmək olar. Bu bölgə Türkiyənin böyük ideologiyasının yayılması üçün qapı rolunu oynayacaq. Türkiyə digər dövlətlərdən fərqli olaraq, burada torpaq zəbt etmək üçün rol almır. Azərbaycanla Türkiyəni bir-birinə qardaşlıq münasibətləri bağlayır. Türkiyə həmişə Azərbaycanın yanında olub, bu gün də yanındadır.
Türkiyə Azərbaycanla yanaşı, digər türk dövlətlərinə də həssas münasibət göstərir. Türkiyə türk arealının ən güclü dövlətidir. Bu baxımdan, Türkiyənin Cənubi Qafqazdakı fəallığı, Azərbaycana verdiyi dəstək anlaşılandır. Artıq Türkiyə öz istəyinə nail olub, Cənubi Qafqazda real faktordur. Əlbəttə, Azərbaycan da bu məsələdə Türkiyənin yanındadır. Təsadüfi deyil ki, hazırda bölgədə həyata keçirilən layihələrin aparıcı qüvvələri Türkiyə və Azərbaycandır. Gələcək üçün nəzərdə tutulan layihələr də hər iki ölkənin ərazilərindən keçəcək.
- ABŞ-ın yeni seçilən Prezidenti Co Baydenin Cənubi Qafqaz siyasəti necə olacaq - o da Makron kimi reallıqları təhrif edəcək, yoxsa obyektiv mövqe sərgiləyəcək?
- Bayden öz partiyasından (Demokratlar) olan əvvəlki prezidentin – Barak Obamanın siyasətini yürüdəcək. Trampdan fərqli olaraq, ABŞ-ın geosiyasi maraqlarını ön planda tutacaq. Yəni ABŞ öz gücünü göstərməyə başlaya bilər. Bu baxımdan, Baydenin Cənubi Qafqazla bağlı hansısa fikirlər irəli sürəcəyi gözləniləndir.
Yeni Amerika prezidentinin Türkiyənin Cənubi Qafqazdakı rolunu nəzərə alacağını düşünürəm. Türkiyə ABŞ-la müttəfiqdir, hər ikisi NATO üzvüdür. Buna görə də, ABŞ-ın Türkiyənin buradakı fəaliyyətlərini dəstəkləyəcəyini ehtimal edirəm. Türkiyənin bölgədəki mövcudluğu NATO-nun hərbi baxımdan Cənubi Qafqazda olması deməkdir. Bu da Amerikanın maraqlarına uyğun olmalıdır.