25 Noyabr 2020 15:20
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcərin erməni işğalçılarından azad olunması günüdür. Ali Baş Komandan bu münasibətlə xalqı təbrik etdi. Kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyib. Doğulub, boya-başa çatdığmız Kəlbəcər bizim üçün əzizdir-doğmadır. 30 ilə yaxın Kəlbəcərə qayıdacağımız günü gözləmişik. Kəlbəcərin işğal gününü yada salarkən arzulamışıq ki, azad olunduğu günü qeyd edək. Bu gün Şanlı Ordumuzun şücaəti ilə istəyimizə nail olduq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Kəlbəcər azad olunsa da, biz işğal gününü heç vaxt unutmayacayıq:

"Gələcək nəsillər də bunu unutmamalı və daha məsuliyyətli olmalıdır. 10 noyabrda kapitulyasiya aktına ermənilər diz çökərək, imza atdılar. Çıxılmaz vəziyyətdə qalan düşmən buna məcbur oldu. Üçtərəfli razılaşmaya əsasən, bir güllə atılmadan düşmən Ağdam, Kəlbəcər, Laçın rayonlarını təhvil verdi. Bu, böyük nailiyyət, tarixi zəfərdir”.

Aqil Məmmədov bildirib ki, Kəlbəcər ölkəmizin ərazi baxımından böyük, strateji rayonudur:

“Bütün Kəlbəcərliləri bu tarixi gün münasibəti ilə təbrik edirəm. Gözümüz aydın olsun. Nəhayət öz tarixi ata-baba yurdumuza qayıdırıq. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik. Məhz Ali Baş Komandanın iradəsi, Ordumuzun rəşadəti ilə tarixi ədalət bərpa olundu. İllərdir vətən həsrəti ilə yaşayan vətəndaşlarımız doğma yurd-yuvalarına geri dönür. Kəlbəcər bir şəhər, bir qəsəbə olmaqla, 145 kənddən ibarətdir. 1992-ci ildə Milli Məclisin qərarı ilə Ağdərə rayonunun 9 nümayəndəliyi, 18 kəndi inzibati olaraq Kəlbəcər rayonuna birləşdirilib. Bu qanun qüvvədədir. Kəlbəcər rayonu 3050 kv km əraziyə malikdir. Rayonun zəngin yeraltı-yerüstü sərvətləri, böyük meşə örtüyü var. 4000 mindən artıq bitki növü var ki, onun 2 mindən artığı müəlicəvi əhəmiyyətlidir. Mineral yataqlarla zəngin olan Kəlbəcər civə, uran, tikinti materialları, dünyaca məşhur isti su mineral yatağı ilə tanınır. Həmçinin Kəlbəcərin zəngin qızıl yataqları ölkəmizin inkişafına, iqtisadiyyatın canlanmasına töhvə verəcək”.

Millət vəkili əlavə edib ki, Kəlbəcər Ermənistanla 136 km sərhəddə malikdir:

“Artıq o sərhədlərə Sərhəd Qoşunlarımız nəzarət edəcək. Kəlbəcərin uca zirvələrində üçrəngli bayrağımız dalğalanacaq. 77 min kəlbəcərli ölkəmizin 54 rayonunda, mindən artıq yaşayış məntəqəsində məskunlaşıb.”

Kəlbəcərin Ağdaban kəndində doğulub boya-başa çatan deputat Aqil Məmmədov uşaqlıq, gənclik illərinin öz doğma yurdlarında keçdiyini qeyd edib:

“Ağdaban Dədə Şəmşirin, şair Qurbanın kəndi kimi tanınır. Kəlbəcər deyəndə bu şəxslər yada düşür. Ermənilərin Kəlbəcərdən çıxarkən bütün evləri, meşələri yandırdı. 1993-cü ilin aprel ayında kəlbəcərliləri zorla çıxaran ermənilər 10 saat vaxt vermişdilər qarlı Murovdağ zirvəsini aşaq. Amma onlara 10 gün də əlavə vaxt verildi ki, Kəlbəcəri təhvil versinlər. Bu, bizim dövlətin hümanistliyi idi ki, mülki şəxslər oradan çıxsın. Kəlbəcərə, Ağdabana qayıdan kimi əzizlərimizin, şəhidlərimizin, Aşıq Şəmşirin, şair Qurbanın qəbirlərini ziyarət edəcəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər