25 Noyabr 2020 18:27
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətində ötən əsrin 90-cı illərindəki vəziyyət haqqında da danışıb. Ali Baş Komandan Ermənistanın işğalçılıq siyasətinə toxunaraq, bu işğala şərait yaratmış olan siyasi proseslərə münasibət bildirib. Prezident qeyd edib ki, Kəlbəcər və digər torpaqlarımızın zəbt edilməsində o zamankı hakimiyyətin də üzərinə böyük məsuliyyət düşür. 1993-cü ilin mayın 8-də Şuşa, 18-də Laçının işğal edilməsindən sonra ölkədə yaranmış siyasi xaos nəticə etibarı ilə hakimiyyət uğrunda mübarizəni şərtləndirib.

Bunu Teleqraf.com-a millət vəkili Elman Nəsirov deyib.

Onun fikrincə, yaranmış situasiyadan maksimum istifadə edərək o zaman Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zəbt edib:

"Düşmən isə o zaman Azərbaycandakı hakimiyyət uğrunda mübarizənin yaratdığı imkanlardan maksimum yararlanıb. O zamankı hakimiyyət öz əsgərini girov saxlayırdı. Siyasi səriştəsizlik ucbatından həyata keçirilən siyasət anti-milli xarakter daşıyırdı. Bütün bunlar isə nəticə etibarı ilə ölkənin zəifləməsinə səbəb olurdu".

Elman Nəsirov bildirib ki, dövlətin son dərəcə zəifləməsinə, vətəndaş müharibəsi ilə cəmiyyətin parçalanmasına görə AXC-Müsavat hakimiyyəti birbaşa məsuliyyət daşıyır:

“Həmin dövrün reallıqlarından düşmən tərəfi məharətlə istifadə edib. Yaranmış vəziyyətdən yararlanan düşmən 1993-cü aprel ayının 2-də Kəlbəcəri iğal edib”.

Millət vəkilinin sözlərinə görə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi:

“Eyni zamanda Kəlbəcər 27 il sonra işğalçılardan təmizləndi. Kəlbəcərin də erməni işğalı üçün münbit şəraiti o zamankı AXC-Müsavat cütlüyü yaratmışdı. Torpaqları isə geri qaytaran cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu oldu. Bu Ordunun da arxasında monolit Azərbaycan xalqı dayanıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər