1 Dekabr 2020 09:05
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibıəni təqdim edirik:

- Aydın müəllim, Fransa Senatı qondarma rejimin tanınması ilə bağlı qərar qəbul etdi. Qərb qanunverici sisteminə erməni təsirini necə şərh edirsiniz?

- Parlamentlərin verdiyi qərarlar hər dedikdə reallıqla bağlı olmur. Hökumətlər isə birbaşa reallıqla işləyir. İnzibati orqanlar daxili və beynəlxalq birlikdə ölkəsini təmsil edir. Ona görə də, hökumət hər bir addımını ölçüb-biçməli olur. Fransa yaxşı bilir ki, Azərbaycan kimi, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkətanın 3 illik sədri olan bir ölkə ilə hökm dili ilə danışmaq olmaz. Hər kəs bu gün Azərbaycanın öz problemlərini beynəlxalq hüquqa və suverenliyinə əsasən həll etdiyini bilir.

Bu baxımdan Fransanın Azərbaycanla bağlı sərgilədiyi mövqe razılıqla qarşılanmır. Təəssüf olunan haldır ki, Avropa cəmiyyətində müstəqilliyini yeni qazanmış ölkələrlə bağlı hələ tam və dolğun, hərtərəfli bilgi yoxdur. Azərbaycanın xəritədə yerini bilməyən senatorlar həqiqətə uyğun olmayan qərarlar qəbul edib. Fransa Senatının qərarından sonra istənilən halda bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan öz topaqlarını işğaldan azad edib. Azərbaycan regionun təhlükəsizliyinin və stabilliyinin qarantıdır. Dünya bunu belə qəbul edir. Ayrı-ayrı ölkələrin parlamentlərinin səhv addımları sadəcə olaraq tarixin bir səhifəsidir. Həmin parlamentlərdə də obyektivliyin qələbə çalacağına şübhə yoxdur.

- Kəlbəcərin azad edilməsindən sonra Azərbaycan Ermənistan sərhədi ilə bağlı məsələ gündəmdir. Sərhəd xətti necə müəyyənləşəcək?

- Dövlətlər müstəqillik qazandıqda tərkibində olduğu sistemlərin zamanında olan sərhədlər dövlət sərhədi kimi qəbul olunur. Azərbaycan və Ermənistanın SSRİ dövründə inzibati sərhədləri olub. Həmin sərhədlər də bu gün qəbul olunur. Ayrı-ayrı xırda detallar ola bilər ki, onlar da növbəti mərhələlərdə həll olunacaq.

- Ermənistan tərəfindən revanşla bağlı fikirlər səslənir. Bu erməni cəmiyyətini sakitləşdirmək cəhdidir, yoxsa belə tendensiya gözlənilir?

- Azərbaycan öz ərazisini işğaldan azad edib. Ermənistan hərb maşını Azərbaycan Ordusunun gücünü görüb. Ermənistan bu gün Azərbaycanın gücünü, qətiyyətini, beynəlxalq aləmdə olan dəstəyini də bilir. Ona görə də Ermənistanda revanş çağırışları ölkələrində daxili siyasəti gərginləşdirməkdən başqa heç bir nəticə verməyəcək.

Bu revanşizmin tez-tez hakimiyyət dəyişikliyi və ya hansı proseslərin olacağı Azərbaycan üçün qətiyyən maraqlı deyil. Azərbaycan ancaq öz ərazi bütövlüyünü təmin etmək barədə düşünür. Ermənistanda gedən proseslərin isə ilk növbədə onun apardığı qüsurlü, beynəlxalq hüquqa zidd siyasətin nəticəsi olduğu düşünülür.

- 10 noyabr razılaşması regionun gələcəyi, əlaqələrin inkişafı üçün nə kimi təsiri olacaq?

- İşğalçı Ermənistan sağlam düşüncəli bir yol tutsa regionda stabillik təmin olunacaq. Naxçıvanla sərhədin açılması, quru yolla gedişin təminatı Ermənistanın iqtisadiyyatı üçün də az da olsa faydalı olacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, heç şübhəsiz ki, əlaqələrin yeni səhifəsi açıla bilər. Bunun da ancaq faydası ola bilər. Paşinyanmı hakimiyyətdə qalacaq, digərimi gələcək - onlar Ermənistanın gələcəyinin məhz bu faktordan asılı olduğunun fərqinə varmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı torpaq iddiasından əl çəkməlidir. Bu ölkə Azərbaycanın hüquqlarını sona kimi tanımalıdır.


Müəllif: Tapdıq Qurbanlı