Ermənistan 1992-1993-cü illərdə bizə yaşatdığını indi özü yaşamağa məhkum olub. Əgər siyasi təhlillərimizin nəticəsi gözlənilən olsa İrəvanda hakimiyyət dəyişikliyi baş verəcək. Bizdə də 1992-1993-cü illərdə hakimiyyət dəyişiklikləri baş verirdi. Amma o dövr Azərbaycanından fərqli olaraq indiki Ermənistanda ortada olan qüvvələr iki istiqamətdədir: yerli ermənilər və “Qarabağ erməniləri”. Yerli ermənilər "Qarabağ erməniləri"ni sevmirlər. Sosial şəbəkələrin erməni seqmentində bu ayrımçılıq özünü açıq biruzə verir.
Bu fikirləri politoloq Cümşüd Nuriyev Ermənistanda müşahidə olunan siyasi prosesləri Teleqraf.com-a şərh edərkən deyib.
Mütəxəssis əlavə edib ki, Ermənistan dilənçi vəziyyətə düşdüyü üçün bütün günahı əslində Qarabağda yaşamış ermənilərdə görür və onlara“çönmə erməni” (şartavaz) deyirlər: “İndi Ermənistanda haylarla şartavazların münasibətlərində kardinal gərginləşmə prosesi gedir. Ermənistan sürətlə siyasi-hərbi, iqtisadi-sosial, mədəni depressiyaya məruz qalıb. Bu ölkə faktiki iflasa yaxınlaşır”.
C. Nuriyev əlavə edib ki, Ermənistanın iflasının göstəriciləri bütün sahələr üzrə özünü göstərməkdədir: “Təkcə Ermənistan dəmiryolları deyil. Məsələn, Ermənistanın hava məkanı Argentinada yaşayan bir erməninin əlindədir. Strukturların müəyyən hissəsinə İran nəzarət edir. Yunanıstanın da burada nəzarəti var. Qısaca desək indi Ermənistanın bir deyil, bir neçə sahibi var. Hesab edirəm ki, Azərbaycanın iddialarından sonra Ermənistanın bir sahibi də Azərbaycan olacaq. Mənim fikrimcə, Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı Avropa məhkəməsi qərar verdikdən sonra bu məsələ də gündəmə gələcək”.
Müsahibimiz xatırladıb ki, indi Ermənistanda siyasi təhlilçilər və politoloqlar belə nəticəyə gəlib ki, Ermənistan çöküş ərəfəsini yaşayır: “Nikol Paşinyan ola bilsin ki, 3-4 ay hakimiyyətdə qalsın. Qərb istəyir ki, Paşinyan qalsın, Rusiya isə bu mərhələdə onun iqtidardan getməsində maraqlı deyil. Co Bayden hakimiyyətə gəldikdən sonra Qafqazda müəyyən yerdəyişmələr ola bilər”.