2 Dekabr 2020 19:00
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bütün çıxışları böyük bir fəlsəfə, kitab, yol xəritəsidir. Bunu öyrənmək, təbliğ və təhlil etmək lazımdır. Yeni tarixin başlanğıcı üçün ən mühüm çıxışlardan biri cənab Prezidentin Laçının azad olunması ilə bağlı xalqa müraciəti idi. Bu müraciət regionun və dünyanın gələcəyini müəyyən edən tezislərlə zəngin idi. Uzaqgörən Ali Baş Komandan bu müharibədə xalqımızı qalib etmək üçün ən zəruri və vacib addımları atıb.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun fikrincə, bu gün Azərbaycan regionda yeni reallıq yaradan bir aktordur:

"Bu reallıq mövcud idi. İndi isə bu reallığın güclü faktoru meydana çıxır. Regiondakı mövcud reallığı yaradan, prosesləri ardıcıllıqla gündəmə gətirən Azərbaycandır. Bu gün isə ən vacib reallığı yaradan Azərbaycan lideridir. Cənab Prezidentin çıxışında Azərbaycanın apardığı siyasətin doğru və düzgün olduğu sübut olundu. Bu düzgün siyasət regionda yeni reallıq yaratdı. Azərbaycan Ordusu Ali Baş Komandan və xalqımız bu gün regionun digər tərəfdaşlarını öz ətrafına cəlb edir”.

Səməd Seyid bildirib ki, cənab Prezidentin çıxışı dünya münasibətlər sisteminin yeni üslubunu müəyyənləşdirdi:

“Yeni yaranmış situasiyada vacib aktor, nüfuz sahibi olmaq üçün reallıq dəyişməli idi. Ermənistanın da faciəsi ondan ibarət idi ki, o, aktor olmaq istəyində olsa da, reallığı dəyişdirə bilmədi. Azərbaycan isə reallığı dəyişdirərək, regionda aparıcı aktor oldu. Bunun tamam başqa bir fəlsəfəsi var. Digər tərəfdən yeni situasiya vacib və cazibəli olduğu üçün bundan yararlanmaq istəyənlər çoxalır. Ona görə də Azərbaycanın tərəfdaşlarının sayı kəskin şəkildə artmaqda davam edir. Ölkəmiz öz siyasətini dürüst formada təqdim etdiyi üçün digər qonşularımız, dostlarımız da buna açıq tərəfdaş oldu. Bunun da başlıca amili - bir millət. iki dövlət - anlayışı idi ki, qardaş Türkiyə Azərbaycanın haqq işində onun yanında oldu. Qardaş Türkiyənin nüfuzu, siyasi gücü Azərbaycanın təqdim etdiyi ideyaları inkişaf etdirməyə şərait yaratdı. Eyni zamanda, açıq tərəfdaşımız olan Rusiya Azərbaycanın yeni reallığına dəstək verir”.

Millət vəkili vurğulayıb ki, yeni yaranmış reallığa digər qonşularımız İran və Gürcüstan da böyük maraq göstərir:

“Artıq regionun 5 dövləti yaranacaq yeni müstəvidə daha aktiv rol alacaq. Ermənistan bundan sonra konstruktiv müstəvidə siyasət yürütsə, onun da bu situasiyadan yararlanmaq şansı var. Proseslər onu göstərir ki, Azərbaycanın illər boyu səsləndirdiyi reallıqları indi dünya dərk etməyə başlayıb. Artıq Rusiyanın televiziya kanalları Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam şəhərlərindən reportajlar hazırlayır. Aparıcı “Euronews” kanalı Füzuli şəhərindən, məcburi köçkünlər haqda, onların rastlaşdığı tarixi gerçəkliklərdən bəhs edən proqramlar yayımlayır. Hansı ki, bəzi kanallar dünənə kimi Azərbaycanla bağlı həqiqətləri təqdim etməkdən boyun qaçırırdı. İndiki halda Fransa Senatının üzvləri yanlış qərar versələr də, cənab Prezidentin çıxışından sonra onlar da reallığı dərk edəcəklər. Bundan sonra onların da yeni reallığı öyrənmək cəhdi müşahidə olunacaq. Yeni reallıqla barışmaqdan başqa onların da şansı yoxdur. Cənab Prezident vurğuladığı tezisdə də bildirilir ki, məcbur olub qəbul edəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər