2 Dekabr 2020 20:25
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri möhtərəm cənab Prezident.

İcazə verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu. Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.

Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan etdi.

Bununla yanaşı, Akademiya əyani dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşr oldu.

Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri - Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə - doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlə qeyd etməyi qərara almışdır. Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.

Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər