“Əgər türk ordusu bu gün ermənilərdə xof yaradırsa, bu, Azərbaycan dövlətinin yox, ermənilərin problemidir. Bu gün Türkiyədə minlərlə erməni etnosu yaşayır. İrəvanda iş tapa bilməyən ermənilər Türkiyəyə üz tuturlar, onların sayı yüz mindən artıqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu haqda xatırlatma edib. Yəni bu ermənilər necə Türkiyədə özlərini rahat hiss edirlərsə, Azərbaycanda da türk əsgərinin qarşısında özünü normal aparmaq məcburiyyətindədir”.
Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı gedən son proseslərdəki rolunu necə qiymətləndirirsiniz?
- Türkiyənin Qarabağ torpaqlarının işğaldan azad olunmasındakı rolu danılmazdır. Bunu danmaq və təkzib etmək nankorluq olardı. Türkiyə Vətən Müharibəsi başlamamışdan əvvəl də həmişə Azərbaycanın yanında olub, birmənalı olaraq, Azərbaycanın bu yöndəki xarici siyasətini dəstəkləyib. Hesab edirəm ki, Türkiyənin son proseslərdəki mənəvi və siyasi iştirakı həlledici rol oynadı. Siyasi proseslərdəki Türkiyə amili ağır çəkiyə malik oldu. Türkiyə həm də regionun ən böyük hərbi gücü olaraq, çəkindirici rol oynadı. Türkiyə amili Ermənistana havadar olan dövlətlərin proseslərə müdaxiləsinin qarşısını aldı. Müharibə dövründə bu amil olmasaydı, Azərbaycan ciddi əngəllərlə qarşılaşacaqdı. Çox ciddi təzyiqlər var idi. Bu təzyiqlərin varlığını Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə xalqa müraciətlərində dilə gətirdi. Türkiyə bu dövr ərzində təkcə çəkindirici hərbi güc olaraq çıxış etmədi, paralel olaraq, Azərbaycanla birlikdə bütün dünyada diplomatik fəaliyyət göstərdi. Bunun nəticəsi idi ki, bir çox böyük güc mərkəzləri Azərbaycana qarşı mövqe tutmaqdan geri çəkildilər. Aktiv olanlar da təsirsiz hala gətirildi.
Türkiyə Vətən Müharibəsi ərzində və bundan sonra Azərbaycanın verdiyi bütün qərarlara ciddi mənəvi-siyasi dəstək verib. Azərbaycan ordusunun hərbi təchizatının yüksək səviyyədə aparılması da, müharibənin taleyini əvvəlcədən müəyyən etdi. Söhbət havada Azərbaycan ordusunun dominantlığından gedir. Məlumdur ki, Azərbaycan Türkiyədən aldığı Pilotsuz Uçan Aparatlarla qısa müddətdə Ermənistan ordusunun havadan müdafiə sistemlərinin hamısını sıradan çıxardı. Buna görə də qardaş Türkiyənin həll prosesində bu kimi rolları danılmazdır.
Türkiyə ictimaiyyəti də Vətən Müharibəsində Azərbaycanla bir ürək oldu. Bütün Türkiyə Azərbaycana dəstək verdi. PKK-nın siyasi qolu HDP istisna olmaqla, Türkiyənin bütün siyasi çevrələri öz dəstəyini əsirgəmədi. Hesab edirəm ki, bu məqamlar Avropanın güc mərkəzləri üçün prosesə çəkindirici amil rolunu oynadı. Buna görə də mən bütün siyasət adamları adına qardaş Türkiyəyə bu prosesdə bu səviyyədə Azərbaycana verdiyi dəstəyə görə öz təşəkkürümü bildirirəm. Nə Azərbaycan xalqı, nə də tarix qardaş Türkiyənin bu həyati məsələnin həllində verdiyi dəstəyi unudacaq. Biz də bütün çətinliklərdə qardaş Türkiyənin yanında olacağımızı bildirirəm, bu həm mənəvi, həm siyasi, həm də hərbi anlamda olacaq.
- Bəs türk hərbi qüvvələrinin Qarabağda atəşkəsə nəzarət üçün sülhməramlı missiyası nə vəd edir?
- Son günlər bəzi siyasətçilər Türkiyə adına xoşagəlməz ifadələr işlədiblər. Türk ordusunun Birgə Monitorinq Mərkəzindəki iştirakını istəmədiklərini, onun prosesə zərər verəcəyini bəyan ediblər. Bu, Azərbaycanın yürütdüyü siyasətə zərbə vurmaq və xəyanətdir. Çünki türk ordusunun bu prosesdə iştirakının təmin edilməsinin arxasında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi durur. Prezident dəfələrlə çıxışlarında Türkiyənin bu prosesdə necə çəkindirici faktor olduğunu ifadə edib. Nədənsə, türk ordusunun gəlişinə etiraz edərək, ermənilərin və Rusiya sülhməramlıların psixoloji durumunu nəzərə alarkən, çox rahatlıqla Azərbaycan və Türkiyədəki insanların psixoloji durumunu gözardı edirlər. Bu gün Azərbaycan cəmiyyəti bir ürək olaraq, türk ordusunun ölkəmizə gəlməsini istəyir. Düşünürəm ki, siyasi hakimiyyətin də iradəsi bu yöndədir.
Türkiyə ordusunun Azərbaycana gəlişi hüquqi əsaslarla, Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərar çərçivəsində təmin edilir. Bu, Azərbaycan üçün də strateji əhəmiyyət kəsb edir. Çünki Türkiyə ordusunun ölkəmizə gəlişi qüvvələr nisbətini tarazlaşdırır, durumun ermənilərin xeyrinə dəyişməsinin qarşısını alır. Bu da qüvvələr nisbətinin Azərbaycan dövlətinin xeyrinə dəyişməsi deməkdir. Üstəgəl, türk ordusunun buradakı varlığı Ermənistanın havadarlarına istədikləri hərəkəti etməsinə imkan verməyəcək. Çünki verilən qərarlar Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində müzakirə olunandan sonra icra ediləcək.
Bu mərkəzin fəaliyyəti təmin olunmayana qədər Azərbaycan əleyhinə gedişlər edilə bilər. Fikir verin, Rusiya sülhməramlıları bəzən elə qərarlar qəbul edir ki, bunlar Azərbaycan ictimaiyyətinin xoşuna gəlmir. Düşünürəm ki, türk qüvvələri orada olandan sonra belə qərarlar qəbul etmək mümkün olmayacaq.
Rusiya tərəfindən açıqlama verildi ki, erməni qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılıb. Amma hələ də dağlıq və meşəlik ərazilərdən Azərbaycan əsgərinə atəş açan ermənilər var. Rusiya üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməyib. Hələ də erməni keşişlər Kəlbəcərin qaytarılmasına baxmayaraq, oradakı qədim alban məbədlərində fəaliyyət göstərmək üçün öz iddialarını ortaya qoyurlar. Azərbaycan sərhədlərini keçərək ora soxulmaq istəyirlər. Bütün bu məsələlərin həllini görmək üçün Türkiyə ordusunun Rusiya qüvvələri ilə pralel fəaliyyətinə ehtiyac var.
Ən nəhayət, qardaş Türkiyə bu münaqişənin birdəfəlik həll prosesində Rusiya ilə birlikdə tərəf olaraq çıxış edir. Bunu qətiyyən unutmaq olmaz. Bildiyiniz kimi Ermənistanla Azərbaycan arasında son sülh müqaviləsi imzalanmayıb. Bu məsələnin həllində Rusiya ilə birlikdə Türkiyənin də masada olması, Azərbaycanın xeyrinə olacaq. Bu məsələlər Azərbaycana üstünlük qazandırır. Əgər türk ordusu bu gün ermənilərdə xof yaradırsa, bu, Azərbaycan dövlətinin yox, ermənilərin problemidir. Bu gün Türkiyədə minlərlə erməni etnosu yaşayır, İrəvanda iş tapa bilməyən ermənilər Türkiyəyə üz tuturlar, onların sayı yüz mindən artıqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu haqda xatırlatma edib. Yəni bu ermənilər necə Türkiyədə özlərini rahat hiss edirlərsə, Azərbaycanda da türk əsgərinin qarşısında özünü normal aparmaq məcburiyyətindədir.
Qarabağda, yəni Azərbaycanda yaşamaq istəyən erməni Azərbaycan əsgərinin yanında türk əsgərini görməsini də həzm etmək məcburiyyətindədir. Bunu Rusiya sülhməramlısı qəbul etmirsə, onların istəklərini də biz qəbul etmirik. Türk əsgərinin bura gəlməsini istəməyənlər Ermənistanın dəyirmanına su tökən insanlardır. Belə insanlar ciddi ictimai qınağa məruz qalmalıdırlar. Çünki bu cür açıqlamalar Türkiyəni incidə bilər. Halbuki bu insanların belə ifadələr işlətməyə heç bir mənəvi haqları yoxdur.
- Zəngəzur üzərindən Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirəcək yolun və ya dəhlizin çəkiləcəyindən də danışılır. Bu, perspektivdə mümkündürmü və özündə hansı hədəfləri ehtiva edir?
- Bu, Laçın dəhlizinə paralel olaraq düşünülüb. Bu dəhlizin açılması 10 noyabr anlaşmasında da nəzərdə tutulub. Bilirsiniz ki, bu ərazilər – Zəngəzur sovet imperiyası dönəmində qanunsuz olaraq Ermənistana verilib. İşğal planı həyata keçiriləndən sonra Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələri kəsilmişdi. Bu, təkcə Naxçıvanla yox, Türkiyə ilə birbaşa quru əlaqələrin kəsilməsinə gətirib çıxarmışdı. Ayrıca, bu, sadəcə dəhliz açmaq xatirinə bəyanatda öz əksini tapmayıb. Verilmiş bu qərar strateji əhəmiyyətlidir.
Hesab edirəm ki, 10 noyabr bəyanatı spontan olaraq ortaya çıxmayıb. Hesab edirəm ki, Rusiya, Türkiyə və Azərbaycan arasında ciddi müzakirələrdən sonra belə bir bəyanat verilib. Nəticədə Zəngəzur üzərindən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin qurulması da burada öz əksini tapıb. Əslində bu, regionda yeni əməkdaşlıq formatının ortaya çıxmasını hədəfləyir. Düşünürəm ki, bu təklif ilk olaraq, Azəbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Bu da gələcəkdə bölgənin iqtisadi cəhətdən çiçəklənməsinin önünü açır. Yəni bu məsələ təkcə Türkiyə və Azərbaycanın yox, eyni zamanda Rusiya və İranın da geosiyasi maraqlarına uyğun gəlir. Hətta gələcəkdə daşı ətəyindən tökərsə, Ermənistanın da maraqlarını ifadə edir. Çünki hakimiyyətdə kimin olmasından asılı olmayaraq, kommunikasiya və logistik xətlər açılmasa, Ermənistanın iqtisadi inkişaf perspektivi sıfıra bərabərdir. Yəni batan Ermənistan daha da dibə batmağa davam edəcək. Buna görə də, Ermənistan üçün gələcək inkişaf Zəngəzur üzərindən açılacaq dəhlizlə mümkün ola bilər.
Məlumdur ki, bu bölgədə təkcə avtomobil yox, dəmir yolunun inşası da nəzərdə tutulur. Bu, təkcə Naxçıvan və Azərbaycanı, Azərbaycan və Türkiyəni yox, Avropanı həm şimala, həm şərqə, həm də cənuba birləşdirəcək yeni xətlərin çəkilməsi deməkdir. Hesab edirəm ki, bu, elə bir əməkdaşlıq formatıdır ki, heç bir dövlət bundan imtina etməməlidir. Bu məsələnin üzərindən gələcəkdə elə bir əməkdaşlıq formatı yaranacaq ki, regionda sülh və təhlükəsizliyi təmin etmək baxımından yeni geostrateji reallığı özünə əks etdirəcək.