8 Dekabr 2020 12:59
3 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub

***

09:23

Azərbaycan sərhədləri keçmiş SSRİ dövründəki xəritəyə uyğun müəyyənləşdirilməlidir. Müstəqillikdən sonra Azərbaycanın inzibati ərazi quruluşu dəyişməyib. Bu gün Rus sülhməramlıları da həmin xəritəyə uyğun hərəkət edir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkli Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan ərazisi daxilində müəyyən inzibati quruluşlar dəyişilsə də, sərhədlərdə dəyişiklik olmayıb:

“Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülüb. Eyni zamanda Azərbaycanın Ermənistanla sərhədində heç bir mübahisə ola bilməz. Keçmiş SSRİ dönəmindən qalmış sərhəd xətti var. Bu dəyişməyib. O sərhədlər daxilində biz müstəqillik əldə etmişik. Sonrakı proseslər də bu istiqamətdə davam etməlidir. Ermənistanın iddia etdiyi Qarabağ vilayəti - ərazisi deyilən bir anlayış yoxdur. Çünki bu ləğv edilib. 44 günlük müharibə isə yeni bir reallıq yaradıb. Keçmiş vilayətin ərazisinə daxil olan hissələr də Azərbaycan Ordusunun nəzarətindədir. İmzalanmış bəyanatda da bununla bağlı konkret prinsiplər var. Ermənistanın sonradan hansısa bir iddiasının əsası yoxdur və olmayacaq”.

Partiya sədrinin sözlərinə görə, Laçın dəhlizi Naxçıvana quru yolu üçün təminat rolu oynayacaq:

“Bəyanatın bir bəndi işləyib, ikinci bəndi işlək olmayacaq deyə yanaşma yoxdur. Azərbaycan Laçından onlara dəhliz verdi ki, Naxçıvana quru yolumuz açılsın. Bu olmayacaqsa, Laçın dəhlizi də işləməyəcək. Belə olan halda Rus sülhməramlılarının da burada hər hansı missiyası qalmır. Çünki bu. birbaşa Rusiyanın özünün imzaladığı bir sənəddir. Bu, yalnız Laçınla kifayətlənə bilməz. Azərbaycan bu prinsipi heç vaxt qəbul etməyəcək”.

Fazil Mustafa qeyd edib ki, burada əsas niyyət regionda əməkdaşlığa imkan yaratmaqdır:

“Əgər belə olmayacaqsa, bəyanatın da heç bir mənası olmayacaq. Ermənistanda baş verənlərin isə proseslərə heç bir təsiri olmayacaq. İdeologiya ilə zəhərlənmiş şəxslərdən heç nə gözləmək olmaz. Ermənistanda kimin hakimiyyətə gəlişinin bizim üçün heç bir fərqi yoxdur. Biz xalq olaraq öz işimizlə məşğul olmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər