9 Dekabr 2020 09:05
2 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qələbə paradına qədər uzun bir tarixi yol keçdi. Çox gərgin, məşəqqətli dönəmlər yaşadıq. Bəzən müəyyən səbəblərdən düşmənə lazımi cavab verə bilmədik. Ancaq bütün bunlar müvəqqəti xarakterli idi. Çünki bu olanlar xalqımızın inamını, gücünü, iradəsini sarsıda bilmədi. Xalqa tarixi dönəmlərində liderlik etmək bugünkü qələbəni təmin edən ən başlıca amildir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycan xalqına Müzəffər Ordunun Qələbə paradının sevincini yaşadır:

"Azərbaycan xalqı bu gün özünün qalib ruhunu yaşayır. Ali Baş Komandan özünün cəsarəti və iradəsi ilə milli ruhumuzu özümüzə qaytardı. Ölkədə milli birliyə nail olundu. Xalq iqtidar birliyi sayəsində Azərbaycan cəbhədə böyük zəfər qazandı. Azərbaycan bütün dünyada öz ədalətli mövqeyini təmin etməyi bacardı. Dövlətçilik ənənələrimizin tarixi köklərə əsaslandığını bütün dünya gördü”.

Elman Məmmədov bildirib ki, Azərbaycan Ordusunun bu gün dünyanın aparıcı orduları sırasında olması mövcud reallığı təmin edib:

“90-cı illərin əvvələrində Azərbaycandakı xaosdan yararlanan düşmən müvəqqəti cinayətlərinə sevindilər. Ermənilər bir vaxtlar - tanklarımız Bakıya qədər gedəcək - deyirdilər. Onların yuxusu “çin” oldu. Amma erməni tankları Bakıya Ordumuz tərəfindən hərbi qənimət kimi gətirildi. Güclü Azərbaycan Ordusu döyüşdə düşmənə layiqli cavab verdi və qələbə qazandı".

Deputat ermənilər hər il Şuşanın işğal günündə orada özlərinə uydurma qələbə paradı təşkil etdiklərini də xatırladıb:

“Bu gün isə Azərbaycan Qələbə paradı keçirir. Şuşada Azərbaycan bayrağı ilə Müzəffər Ordumuz öz mövqeyini tutub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər