II Dünya müharibəsindən sonra - iyun ayında Moskvada hərbi parad keçirildi. Stalin bu paradı nəyə görə etdi? Sübut və nümayiş etdirdi ki, Alman faşizmi üzərində qələbəni Sovet İttifaqı qazanıb. Eləcə də sübut etdi ki, Sovet İttifaqı faşizmi məhv etdi. Sözsüz ki, hərbi paradın məqsədləri də olur. Buna da təbii yanaşmaq lazımdır. Biz də erməni faşizmi üzərində qələbə çalmışıq, onları vurub tarixi ərazilərimizdən qovmuşuq. Bu mənada sabah hərbi paradın keçirilməsi çox əlamətdar hadisədir, tarixdir.
Bu fikirləri Teleqraf.com-a hüquq professoru Rüstəm Məmmədov sabah Azadlıq meydanında keçiriləcək Qələbə paradı haqqında danışarkən deyib.
Onun fikrincə, Azərbaycan bu ənənəni davam etdirir:
“Dünyaya göstərmək istəyirik ki, qələbə qazanmışıq. Əlbəttə, bu çox böyük qələbədir. Təsəvvür edin ki, son 30 ildə bir milyona yaxın qaçqın və köçkünümüz pis vəziyyətdə yaşayıb. Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək onları qoruyub saxlayıb, yaşamaları üçün əlindən gələni edib. Bir milyon insanı 30 il ərzində saxlamaq heç kimə asan gəlməsin. Bu saat bir ailədə 5 adamı saxlamaq çətindir. Amma bir milyonluq insan ordusunu 30 il Azərbaycan dövləti saxlayıb. İndi dünyaya göstərəcəyik ki, bizim torpaqlarımızı işğal etdiyiniz, imkan vermədiniz insanlarımız öz ata-baba torpaqlarında rahat yaşasınlar. İşğalçılıq siyasəti həyata keçirdiniz, vəhşilik etdiniz. Amma Azərbaycan şəhidləri, əsgərləri və ağıllı lideri hesabına torpaqlarını geri qaytardı. Bəli, bu həqiqətdir və dünya bunu görməlidir. Odur ki, Qələbə paradı çox əhəmiyyətli tədbirdir və Azərbaycan tarixində onun yeri olacaq”.