12 Dekabr 2020 16:00
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfər paradının 10 dekabrda keçirilməsinin çox böyük tarixi, siyasi, strateji əhəmiyyəti vardı. Bu paradın məhz 10 dekabrda keçirilməsi erməni separatizmini dəstəkləyənlərə verilmiş çox böyük bir mesajdır. Belə ki, 1991-ci ilin məhz 10 dekabr tarixində ermənilər Dağlıq Qarabağda qanunsuz “referendum” keçirərək, “müstəqillik” elan etdilər, 29 il sonra Zəfər paradı keçirən Azərbaycan isə bununla həm də yanlış yazılmış tarixi düzəltdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Zəfər paradı və paradda Ali Baş konamdan, Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan öz qələbəsi ilə Cənubi Qafqazda Ermənistanın timsalında neofaşizmə ağır zərbə vurdu:

"Qələbə paradı bütün regionumuzun gələcəyinə dair bir sıra istiqamətlərdə təsirli mesajlar verən tarixi bir hadisə oldu. Bunun barəsində hələ çox danışılacaq. Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi, siyasi iradəsi, güclü diplomatik məharəti nəticəsində Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, o heç zaman işğal faktı ilə barışmadı və öz torpaqlarını yağı düşmənin tapdağından azad etdi.

Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Eləcə də Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə nümayiş olundu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast olunub. Amma Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən biri də bu oldu. Azərbaycan bütün dünyaya necə bir möhtəşəm zəfər qazandığını göstərdi".

Yusif Bağırzadənin sözlərinə görə. Qələbə paradında çıxışı zamanı cənab Prezident bir daha bildirdi ki,Azərbaycan son 30 il ərzində öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün mümkün olan imkanlardan istifadə etdi:

"Bu illər ərzində istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən keçirildi, müzakirələr aparıldı. Lakin məlum oldu ki, bütün bu danışıqlar və müxtəlif səviyyəli təkliflər yalnız münaqişənin dpndurulması və son nəticədə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq məqsədi güdür. Amma bu planı hazırlayanlar və onu Azərbaycana zorla sıramaq istəyənlər cənab Prezidentin hakimiyyətə gəldiyi gündən etibarən “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik” fikirlərini qulaqardına vurmaqla nə qədər səhv yolda olduqlarını indi yəqin ki, daha yaxşı anlamış oldular. Bütün dünya gördü ki, Azərbaycan həqiqətən öz ərazilərinin işğalı ilə barışmadı və həqiqətən də bu münaqişənin hərbi yolla həlli variantı mövcud imiş. Və bütün dünya bildi ki, bu fikirləri uzun illər boyunca yalnız mötəbər kürsülərdən səsləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin lazım olduğu an həmin həqiqətləri döyüş meydanından da keçirərək hər kəsə qəbul etdirə biləcək qədər dönməz qətiyyəti və yenilməz iradəsi var.

Hesab edirəm ki, Qələbə paradının keçirilməsinin həm tarixi, həm siyasi, həm də böyük ideoloji-mənəvi əhəmiyyəti var. Azərbaycan dünyaya göstərdi ki, çox məkrli, təhlükəli bir düşməni məğlub edərək qələbə qazanıb. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, bu qələbənin həsrətində, sorağında idi və bu zəfəri xalqımıza Ali Baş Komandanın rəhbərliyilə yenilməz Azərbaycan Ordusu bəxş etdi. Azərbaycanın cəbhədə qazandığı qələbə ilə Cənubi Qafqazda Ermənistanın timsalında neofaşizmə ağır zərbə vurdu və işğalçılıq siyasəti həyata keçirən düşməni diz çökdürdü”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər