14 Dekabr 2020 09:05
3 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını gürcü politoloq Tengiz Txilava cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan tarixi qələbə qazandı, bütün torpaqlarını Ermənistanın işğalından geri qaytardı. Ölkəmizin həyata keçirdiyi əks-hücum əməliyyatlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanın qələbəsi təkcə Azərbaycanın özü üçün yox, həmçinin bölgəmiz üçün tarixi qələbədir. Post-sovet məkanında bir neçə dövlətin - Gürcüstan, Ukrayna, Moldovanın əraziləri işğal olunub. Xoşbəxtlikdən, Azərbaycan artıq onların sırasına daxil deyil, itirilmiş ərazilərinin geri qaytarılmasına nail oldu. Bu qələbə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, sonra isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin onilliklər ərzində gördüyü böyük işlərin nəticəsidir. Bu müddət ərzində Azərbaycan ordusu yenidən təşkil olundu və peşəkar şəkildə silahlandı. Amma müharibəni ancaq ordu ilə qazanmaq mümkün deyil. Biz Azərbaycanın iqtisadi nailiyyətlərindən xəbərdarıq və iqtisadiyyatın artım tempini Qərbin bir çox inkişaf etmiş ölkələri ilə müqayisə etmək mmükündür. Azərbaycan dövlətçiliyinin inkişafına nail olub.

Sirr deyil ki, 90-cı illərin əvvəllərində Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlub olması, erməni birləşmələrinin rəşadətindən yox, Azərbaycanda baş verən siyasi xaosdan və vəziyyətin idarə edilməməsi ucbatından baş vermişdi.
Eyni zamanda regionun iki mühüm siyasi oyunçusu – Rusiya və Türkiyənin razılaşdırılmış fəaliyyəti nəticəsində çox böyük diplomatik işlər görülüb. O ki qaldı bu müharibənin sırf hərbi hissəsinə, yüksək texnologiyalı müharibənin aparılmasının xrestomatik nümunəsidir. Əlbəttə, həlak olmuş şəhidlərin hər birinin həyatı qiymətlidir, lakin hərbi əməliyyat elə aparılıb ki, hərbçilərin həyatın maksimum dərəcədə qorunsun və həqiqətən tarixi qələbə əldə edilsin. Mən Azərbaycanı, Azərbaycan xalqını və onun lideri, Prezident İlham Əliyevi bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

- Bu münaqişənin həlli ümumilikdə regiona necə təsir edəcək?

- Gəlin, bir məqama diqqət çəkək, münaqişə BMT başda olmaqla müxtəlif beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həll edilməli idi. Təəssüf ki, regionumuz daim həmin təşkilatların işinin səmərəsizliyini öz üzərində hiss edib. Ancaq əgər BMT kimi beynəlxalq təşkilat öz qərarlarının icrasını təmin edə bilmirsə, bunu Azərbaycan öz gücü ilə edəcəkdi və etdi. Region məhz Azərbaycanın müəyyənləşdirdiyi yeni reallıqlar qarşısındadır. Əlbəttə, Ermənistan çətin günlər keçirir və mən Tbilisidə və Bakıda azərbaycanlı dostlarımla söhbətləri xatırlayıram, əgər bu ölkə SSRİ-nin dağılmasından sonra destruktiv deyil, konstruktiv mövqe tutsaydı, hər şey yaxşı olardı. Bu imkan 90-cı illərdə mövcud idi, lakin Ter-Petrosyanın devrilməsindən sonra Ermənistan real siyasət yox, mifik "Böyük Ermənistan" xəyalının gerçəkləşdirilməsi yoluna qədəm qoydu. Nəticədə məğlubiyyət, illüziyaların qırılması və ölkədə çox acı siyasi proseslər baş verdi.

Ümid edirəm və əminəm, erməni xalqı sonda anlayacaq ki, öz liderlərindən başqa heç kim onlara qəsd etmir. Bu, kifayət qədər uzun prosesdir, amma yalnız regional əməkdaşlıq Ermənistan dövlətçiliyini xilas edə bilər. Müsbət amil kimi Türkiyənin regiondakı rolunun gücləndiyini vurğulamamaq olmaz. Əgər indiyə qədər Türkiyənin əsasən iqtisadi məqsədləri var idisə, indi o, siyasi oyunçu kimi inamla regional platformaya daxil olur. İri siyasi oyunçuların şaxələndirilməsi yalnız regionumuzun xeyrinədir. Lakin regionun əsas fiquru Azərbaycandır, onun rolu və əhəmiyyəti regional çərçivədən kənara çıxmağa başlayır. Öz dövlət və milli maraqlarını tam şəkildə təmin etməyə yönəlmiş müstəqil siyasəti ilə dünya ölkələrinə nümunədir.

- Gürcüstanın Azərbaycanla hazırki münasibətlərini necə dəyərləndirirsiniz?

- Məlumdur ki, Azərbaycanın Gürcüstanla uzun tarixə söykənən mehriban qonşuluq münasibətləri var. Tarixən dünyada qonşu dövlətlərin böyük qismi bir-birinə düşmən idi. Azərbaycanla Gürcüstanın münasibətləri buna tamamilə əks örnəkdir, Qafqaz kimi partlayıcı regionda mehriban qonşu və dost ölkələrdir. 90-cı illərdən bu ölkələrin münasibətlərinə strateji tərəfdaşlıq əlavə olundu və onsuz bu münasibətləri təsəvvür etmək çətindir. Biz zaman-zaman ölkələrimiz arasında yaranan ayrı-ayrı problemləri bilirik, lakin onlar həmişə dostluq sazişləri ilə həllini tapıb. Əminəm ki, bu, həmişə belə olacaq.

Azərbaycanın qələbəsi onu siyasi cəhətdən gücləndirir və tamamilə realdır ki, Gürcüstan dost ölkə və Azərbaycanın strateji tərəfdaşı kimi onun artan nüfuzundan istifadə edə və öz problemlərinin, ilk növbədə siyasi problemlərinin həllinə kömək etmək üçün imkanlardan istifadə edə bilər. Düşünürəm ki, belə olan halda Azərbaycan dost ölkəyə yardım etmək üçün əlindən gələni edəcək.


Müəllif: Zəhra Rəsul

Oxşar xəbərlər