Qərbin qardaş Türkiyəyə qarşı münasibətlərinin arxasında siyasi məqamlar dayanır. Çüni Türkiyə son illər milli maraqlara uyğun, sərbəst xarici siyasət yürüdür. Onun regionda nüfuzu artıb. Eyni zamanda Türkiyə beynəlxalq proseslərə təsir gücünü ortaya qoyur. Bu da Qərb dairələrini ciddi narahat edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, xüsusilə Türkiyə prezident üsul-idarəsinə keçdikdən sonra ABŞ və Avropa ölkələri daha əsassız şəkildə narahatlıqlarını göstərirlər:
"Çünki Qərb siyasi dairələri Türkiyənin xarici siyasətini yönləndirməyi düşünürdülər. Parlamentli respublika hardasa belə bir imkanı yaradırdı. Ona görə də Türkiyənin prezident üsul-idarəçiliyinə keçidi Qərbdə birmənalı qarşılanmadı. Bundan sonra Türkiyə ciddi tənqidlər üçün hədəf oldu”.
Elşad Mirbəşiroğluun sözlərinə görə, Türkiyədə bu proses uğurlu oldu:
“Bu gün Türkiyə siyasi proseslərin ən başlıca aktorlarından biridir. Qardaş ölkə dünya siyasətinə aktiv təsir etmək imkanına malikdir. Ona görə də Türkiyə kimi bir dövlətə təsir etmək imkanından məhrum olmaq Qərb tərəfindən qəbul olunmur. Çünki Qərb hər zaman Türkiyəyə qarşı qeyri-səmimi olub. Avropa İttifaqına üzvlük məsələsində Qərb hər zaman qeyri-obyektiv mövqe sərgiləyib”.
Millət vəkili qeyd edib ki, Azərbaycan bütün hallarda qardaş Türkiyənin yanındandır:
“Bu iki ölkə qarşılıqlı şəkildə bütün məsələlərdə bir-birilərini açıq şəkildə dəstəkləyir. İndiki şəraitdə Türkiyəyə qarşı bu cür addımların atılması heç bir əsasa söykənmir. Bu, qeyri-obyektiv qərəzli yanaşmadır. Bunu şərtləndirən əsas amil ondan ibarətdir ki, Türkiyə beynəlxalq münasibətlərin çox təsirli aktoruna çevrilib. Tam müstəqil siyasət yürüdür. Rusiya ilə hərbi-texniki əməkdaşlıq daha çox bəhanə kimi qəbul olunur. NATO-nun bir sıra dövlətləri Rusiya ilə daha yaxın hərbi-texniki əməkdaşlıq edir. Amma onlara münasibətdə oxşar mövqe sərgilənmir”.