Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.
Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Teleqraf.com xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir. Növbəti görüşlər Milli Məclisin deputatları - Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, həmçinin Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin və Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında təşkil olunub.
Görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.
Azərbaycanda ümummilli həmrəyliyi yaşadan və müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə olunan qələbənin əsas qəhrəmanı Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandandır. Məhz xalqın Azərbaycan Prezidenti İlham Əliyevə olan dəstəyinin və inamının nəticəsidir ki, 44 gün davam edən müharibə zamanı Azərbaycanda yaşanan mütləq birliyin şahidi olduq.
“Əldə olunan Qələbə sayəsində dövlətimiz öz inkişaf tarixində mahiyyət etibarilə yeni mərhələyə keçid alır”, – fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin hər bir üzvündən təşəbbüskarlıq və fədakarlıq tələb olunduğunu vurğulayıb. Qeyd edib ki, cəmiyyətdə mövcud olan bütün potensialın səfərbər olunmasında siyasi partiyalar aparıcı rol oynamalıdır.
Siyasi partiyaların rəhbərləri ilə görüşlərdə Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri geniş müzakirə olunub. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin qələbənin əldə olunmasında böyük rol oynadığını xatırladan Ə.Vəliyev vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin bu dəstəyini müharibənin ilk saatlarından hiss edib. Tarixboyu müxtəlif sınaqlardan keçən Azərbaycan-Türkiyə birliyi bu dəfə də imtahandan uğurla çıxdı. Ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, siyasət, etibarlı münasibətlər və səmimiyyət bu birliyi qoruyan əsas amillərdəndir.
Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində Qələbə mövzusu ətrafında danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”. Ölkə rəhbərinin bu fikirləri qazanılmış böyük qələbədən sonra Azərbaycanın regiondakı geosiyasi statusunun və rolunun artacağının qaçılmaz olduğuna işarə edir.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Əməkdaşlığın əhəmiyyətini və zərurətini xüsusi olaraq vurğulayan Ə.Vəliyev gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində maraqlı olduğunu da qeyd edib.
Müzakirə olunan məsələlər sırasında xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad edilmiş ərazilərdə birgə yaşayış mühitinin yaradılması olub. Prezident Administrasiyasının rəsmisi əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinə toxunaraq bildirib ki, bu məsələdə informasiya manipulyasiyalarından və fərqli təxribatlardan çəkinmək lazımdır.
Siyasi partiyaların rəhbərləri Zəfər paradının müasir azərbaycanlının milli kimliyinin formalaşması prosesində rolu, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin qərarlarını yüksək qiymətləndirib və belə təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.
Görüşlərin əhəmiyyətini bildirən partiya rəhbərləri milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildiriblər.