“Türkiyədən qırıcı təyyarələrin qalxıb düşmənə ağır zərbələr endirməsi an məsələsidir”
Azərbaycanın sentyabrın 27-də başlatdığı 44 günlük Vətən müharibəsi noyabrda imzalanan üçtərəfli sazişlə başa çatdı, Ermənistan faktiki məğlubiyyətini qəbul etdi, əraziyə sülhməramlılar gətirildi. Dekabrın 1-nə qədər isə iki mərhələ - üç rayonun savaşsız Azərbaycan dövlətinə qaytarılması prosesi müşahidə olundu. Hazırda tərəflər arasında Qarabağa dair üçüncü mərhələ, siyasi-diplomatik mübarizə gedir.
Teleqraf.com mövzu ətrafında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətləşib.
Müsahibəni təqdim edirik:
- Sentyabrın 27-də başlanan müharibə faktiki olaraq noyabrın 10-da üçtərəfli sazişlə yekunlaşıb. Bundan sonrakı mərhələ dekabrın 1-nə qədər çəkib və Ermənistan üç rayonumuzu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz qaytarıb. Dekabrın 1-dən proses siyasi-diplomatik mərhələyə daxil oldu. Siz bu mərhələni və gedişatı necə qiymətləndirirsiniz?
- Əslində təsəvvür edirdim ki, atəşkəs haqqında birgə bəyanat imzalandıqdan sonra Ermənistan kapitulyasiyaya gedir və bu sənədi imzalamaqla bizim ərazi bütövlüyümüzü tanıyır və bu prinsip əsasında həllinə razılıq verir. Prezident də açıq bəyan etmişdi ki, nə status-kvodan, nə də hər hansı bir statusdan söhbət gedə bilməz. Sonradan Vladimir Putinin “biz danışmışıq və razılaşmışıq ki, status-kvo saxlanılacaq və status məsələsini gələcək rəhbərlər həll edəcək” fikirləri vəziyyəti bir qədər mürəkkəbləşdirdi. Bundan sonra Rusiya sülhməramlılarının gəlib qondarma rejimin nümayəndələri ilə tərəf kimi danışması əslində onların süıhməramlı missiyasına zidd idi. Çünki BMT-nin sülhməramlı əməliyyatlar departamentinin rəsmi sənədi var. Bu sənəddə qeyd edilir ki, BMT sülhməramlıları əsasən üç missiyanı yerinə yetirir. Əlbəttə, ilk olaraq hər iki münaqişə tərəfinin razılığı olmalıdır. Yəni tərəflər sülh istəyir və sülhməramlılar da ora gəlir ki, təxribatlar baş verməsin. Başqa sözlə, rəsmi iradənin əleyhinə proses baş verməsin və münaqişə yenidən alovlanmasın. Bunun üçün birincisi, tərəflərin razılığı lazımdır. İkincisi, sülhməramlılar bitərəfliyini qoruyub saxlamalıdır. Üçüncüsü, tərəflərə qarşı güc tətbiq etməməlidirlər. Sülhməramlılar yalnız özləri hücuma məruz qaldıqları halda müdafiə məqsədilə silah tətbiq edə bilərlər. Yəni sülhməramlıların məqsədi güc tətbiq etməkdən ibarət deyil. Hazırda BMT dünyanın 13 bölgəsində sülhməramlı missiya həyata keçirir və onun illik büdcəsi də təqribən 8 milyard dollardır. Sözümün canı odur ki, sülhməramlıların statusunun nədən ibarət olduğu beynəlxalq sənədlə müəyyənləşir. Bununla eyni zamanda sülhməramlılar əsasən üç missiyanı yerinə yetirir.
Birincisi, sülhü qoruyub saxlamaq missiyasıdır, bizdə olan sülhməramlılar bu statusa malikdir. İkincisi, sülhyaratma missiyasıdır. Yəni sülh yoxdur, amma sülhməramlılar BMT Təhlükəsizlik Şurasının qərarı ilə hansısa bölgəyə daxil olur, güc tətbiq edir, münaqişə tərəflərini ayırır.
Üçüncüsü, sülhə məcburetmə missiyasıdır. Məsələn, Liviyada sülhə məcburetmə missiyası oldu. Bizdə nə sülhyaratma, nə də sülhə məcburetmə missiyasıdır. Burada olan sülhməramlılar sülhü qoruyub saxlama missiyasını həyata keçirir. Lakin bu, birgə bəyanatda öz əksini tapmayıb. Sənəddə yalnız qeyd edilir ki, sülhməramlılar gəlir. Sülhməramlılar digər tərəf kimi yalnız Ermənistanla əməkdaşlıq edə bilərlər. Əslində sülhməramlıların gedib Arayik Arutyunyanla görüşməsi, qurama rejimin "bayrağı" altında foto çəkdirməsi sülhyaratma missiyasına ziddir.
Mən sənəd imzalandıqdan sonra parlamentdə çıxış edərək bildirdim ki, bir qrup insan rus sülhməramlılarının bölgəyə daxil olmasını həm beynəlxalq, həm də milli qanunvericiliyə zidd hesab edirlər. Qeyd etdim ki, əslində bu, belə deyil. Azərbaycanın xarici ölkələrdə Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakına aid qanun var. Qanun 2010-ci ildə qəbul edilib. Bu qanunda bizim Silahlı Qüvvələrinin səlahiyyətləri, hansı qaydada göndərildiyi və sair müəyyən edilirir.
Amma Azərbaycana sülhməramlıların gəlməsinə dair həmin qanunda cəmi bir müddəa var. Səhv etmirəmsə, qanunun 4.4-cü bəndində qeyd edilir ki, Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatların keçirilməsi üçün xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər. Amma bu müraciətin mexanizmi nəzərdə tutulmayıb. Mən ona görə təklif etdim ki, xarici sülhməramlıların Azərbaycanda iştirakı haqda qanun qəbul edək və ya mövcud qanuna bir fəsil əlavə edək. Burada nəzərdə tutulsun ki, sülhməramlıların statusu nədən ibarət olur, onlar hansı formada dəvət olunur. Əlbəttə, dövlət adından müqavilələri dövlət başçısı imzalayır, prezident qəbul edir və ya qəbul etmir.
Amma xaricə sülhməramlılar göndəriləndə Milli Məclis bu prosesdə iştirak edir. Əslində xaricə silahlı qüvvələrin göndərilməsinə biz parlament olaraq razılıq veririksə, ölkəyə gələn qüvvələr üçün də razılıq verməliyik. Mən təklif etdim ki, bu cür hallar qanunda nəzərdə tutulsun. Bu, həm də nümayəndəli orqanın prezidentlə məsuliyyəti bölüşməsi deməkdir. Həm də qanunda sülhməramlıların statusu müəyyən olunsun. Yəni sülhməramlılar bura hansı mandatla gəlib: sülhyaratma, sülhə məcburetmə və ya sülhü qoruma missiyası ilə. Bir daha vurğulayım ki, müharibədən sonra sülhməramlılar əslində sülhü qorumaq missiyası ilə bura gəlib. Yəni tərəflər özləri sülhə razılaşır və sülhməramlılar da gəlib ərazidə dayanır ki, sülh pozulmasın.
Həmçinin bizim 2010-cu ildə qəbul etdiyimiz Hərbi Doktrinanın 4.29-cu bəndi var. Həmin bənddə qeyd edilir ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla Azərbaycan ərazisində xarici dövlətlərin hərbi iştirakına icazə verilmir. Amma istisna hal kimi müəyyən olunub ki, hərbi-siyasi vəziyyətdə əsaslı dəyişiklik olduqda müvəqqəti olaraq xarici hərbi iştiraka icazə verilə bilər. Amma müvəqqəti müddətin nə qədər olması yenə də qanunla müəyyənləşmir. Əslində 100 il də müvəqqətidir, əbədi deyil. Əlbəttə, gündəlik danışığımızda bilirik ki, hər bir məfhumun məna yükü var. Biz anlayırıq ki, müvəqqəti dedikdə təqribən söhbətin hansı müddətdən getdiyi bəllidir. Bu olsun 5 və ya 10 il. Sözsüz ki, 50 və ya 100 il ola bilməz. Buna heç bizim ömrümüz də çatmaz. Onun üçün mən təkliflər etdim ki, qanunda bu məsələyə də aydınlıq gətirilsin.
Həm də qanunda BMT-nin əsas prinsipləri öz əksini tapsın. Bu halda bilinsin ki, sülhü qoruma missiyası zamanı rus sülhməramlıların statusu nədən ibarətdir. Orada ev tikməkdən, humanitar yardım etməkdən və ya erməni qaçqınlarını İrəvandan Xankəndinə daşımaqdan ibarət ola bilər. Yeri gəlmişkən, 10 noyabrda imzalanan sazişdə qeyd edilib ki, qaçqınların geri qaytarılması işi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyi məşğul olmalıdır. Amma bir çox hallarda görürük ki, sülhməramlılar İrəvanda camaatı avtobusa mindirib Xankəndinə gətirirlər. Bu statusun aşılması deməkdir. Mən hesab etmirəm ki, sülhməramlıların səlahiyyətini aşması varsa, dərhal buna görə Rusiya ilə düşmən olmalıyıq. Qətiyyən yox. Lakin Rusiya rəsmiləri ilə bu məsələləri aydınlaşdırmalı, müzakirələr aparmalıyıq. Lazım gəlsə, Azərbaycanın müvafiq dövlət adamları Moskvaya səfər etməli, onlar bura dəvət olunmalıdır. Yəni əlaqələr intensivləşməlidir. Baxın, üçtərəfli saziş imzandıqdan sonra Ermənistan prezidenti başda olmaqla bir neçə dövlət adamı Moskvaya səfər edib. Bizdən səfər edən olmayıb.
Bu mənada hesab edirəm ki, diplomatik təmasları gücləndirməliyik. Danışıqlar masası arxasında problemlər öz həllini tapmalıdır. Həm də sülhməramlılar iki dövlətin - Azərbaycan və Ermənistan arasında yerləşdirilməyib. Sülhməramlılar Qarabağda yaşayan etnik ermənilərlə Azərbaycanın digər əraziləri arasında yerləşib. Rusiya Prezidenti Putin də dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Hətta hərbi əməliyyatlar zamanı Putin dedi ki, biz müdaxilə edə bilmərik,çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır. Sülhməramlılar da Ali Baş Komandanlarının bu mövqeyindən çıxış etməlidirlər. Əgər bura Azərbaycanın ərazisidirsə, orada Azərbaycanın qanunları tətbiq edilməlidir. Sülhməramlılar ermənilərin yaşadığı kənd, qəsəbə və rayonların tədricən Azərbaycanın yuridiksiyasına qaytarılması istiqamətində fəaliyyət göstərilməlidir. Birgə bəyanatda qeyd edilirdi ki, erməni silahlı qüvvələrinin ərazini tərk etməsilə paralel sülhməramlılar gəlir. Lakin sülhməramlılar gəlib, amma erməni silahlı qüvvələri hələ də ordadır. Biz gördük ki, son insident zamanı ermənilər Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində təxribata əl atdılar. Bəlli oldu ki, orada təxribat edənlər Ermənistan ordusunun əsgər və zabitləridir. Deməli, erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərini tərk etməyiblər. Bu da istər-istəməz Azərbaycan cəmiyyətində narazılıq yaradır. Bunu da danışıqlar yolu ilə həll etmək lazımdır. Təbii olaraq Azərbaycan təxribatın qarşısını aldı, ordumuz həmin iki kəndi nəzarətə götürüb.
Üstəlik Qubadlı və Zəngilanın bəzi kəndlərində ermənilərin qaldığı haqda xəbərlər yayılır. Qanunsuz məskunlaşdırılan kəndlərdə... Sosial şəbəkələrdə yayılan məlumata görə, onlar yaza qədər vaxt istəyib, guya indi qış olduğundan çətindir. Bilirsinizmi, işğal edilən ərazinin məskunlaşdırılması hərbi cinayətdir. Belə ağır cinayət hadisəsinə humanist münasibət olmamalıdır. Onlar dərhal bizim torpaqları tərk etməlidir.
Hesab edirəm ki, həm də gündəlik baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq lazımdır. Necəki 44 günlük müharibə zamanı bu yüksək səviyyədə edilirdi.
- Qüdrət bəy, bir neçə il əvvəl siz deyirdiniz ki, əslində Azərbaycan Qarabağ danışıqlarını Rusiya ilə aparmalıdır. Hətta buna görə sizə hücumlar oldu, tənqidlərə məruz qaldınız. Necə düşünürsünüz, nəticə olaraq dedikləriniz baş verdimi?
- Bəli, mən illər əvvəl belə təkliflə çıxış etmişdim. Hətta qeyd etmişdim ki, Qarabağda tam suverenliyimizi bərpa edək və lazım gəlsə, Azərbaycanda bir zamanlar Qəbələdə olduğu kimi Rusiya hərbi bazasını yaradaq. Niyə? Çünki hərbi bazanın statusu dəqiq məlum olur və onun ölkənin daxili siyasətinə müdaxilə etmək, münaqişəni qızışdırmaq imkanı çox məhdud olur, nəinki münaqişə bölgəsində yerləşən sülhməramlıların... Bu mənada dediyim təklif sərfəli variant idi. Biz Qarabağda mütləq suverenliyimizi təmin edirik, əvəzində Rusiyanın hərbi bazası olur və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv oluruq. Amma indi biz Qarabağ üzərində tam suverenliyimizi bərpa etməmişik, həm də təhlükəli variantda sülhməramlılar ölkəyə gəlib. Fikrimcə, mənim təklifim də maraqlarımıza tam cavab verirdi.
Həm də bəzi adamlar özlərini başadüşməzliyə vurur, bu da mənin günahım deyil. Bəziləri qərəzdən, bəziləri anlaşılmazlıqdan, bəziləri həqiqətən başa düşmürlər ki, bizim torpaqlarımız Rusiya Ermənistanı müdafiə etdiyindən işğal altında qalırdı. Prezident İlham Əliyev də deyirdi ki, bizi Ermənistanla təkbətək buraxın. Özünüzdən mif yaratmısınız ki, guya güclü ordunuz var, gəlin təkbətək döyüşək. Cənab Prezident əgər deyirsə ki, gəlin təkbətək döyüşək, deməli sənin arxanda başqası var. O dövrdə mən əslində deyirdim ki, tərəf Rusiyadır, onunla danışmaq lazımdır. Bu mənada məncə, siyasətdən uzaq, sadəlövh və elementar düşünmək imkanların məhdud olmalıdır ki, sən Azərbaycanın siyasi, diplomatik sahədə danışıqlar aparmadan, hazırlıq görmədən Ermənistanın təxribatına əks-hücumla cavab verə biləcəyini düşünəsən. Bəziləri yenə də özlərini başqa cür aparır, deyirlər ki, biz niyə Xankəndinə daxil olmadıq və s.
- Niyə?
- Anlayanlar bilir ki, biz Rusiyanın bu münaqişəyə cəlb olunmasında maraqlı deyilik. Rusiyanın bu münaqişəyə cəlb edilməsi müharibənin nəticəsindən asılı olmayaraq Suriya və başqa ölkələr kimi fəlakət olar. Odur ki, atəşkəs imzalanan günün səhəri mən bəyan etdim ki, biz hazırkı şəraitdə mümkün olan maksimum nəticələrə nail olduq.
- Necə düşünürsünüz, Azərbaycan iqtisadi imkanlar hesabına Qarabağda suverenliyini tamamilə təmin edə bilərmi?
- Məncə, elə bu cür də olacaq. Açığı, mən başqa yol görmürəm. Biz əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonları bərpa etməliyik. Orada müasir üslubda yeni şəhər və qəsəbələr salmalıyıq. Bu şəhər və qəsəbələrdə müasir yollar, kanalizasiya sistemi, su təchizatı, elektrik enerjisi təmin olunmalıdır. İlk növbədə dəmiryolu çəkilməlidir. Cənab Prezidentin dediyi kimi, sanki işğal edilən ərazilərimizdən bir vəhşi qəbilə keçib, hər şeyi dağıdıblar. Ora elə böyük tikinti materialları lazımdır ki, bunu sadəcə yük avtomobiləri ilə daşımaq mümkünsüzdür. Odur ki, birinci dəmiryolu xətti bərpa olunmalıdır. Büdcə müzakirələrində bu məsələni qaldıracağam. Ağdama qədər dəmiryolunun təmirinə başlanılıb. Zəngilana qədər də dəmiryolu olmalıdır ki, biz bu rayonlarımıza tikinti materialları daşıya bilək. Vətəndaşlar da buna cəlb edilməlidir. Bəzi hallarda kəndlərin bərpasını dövlət özü həyata keçirməməli, kəndləri müasir layihələr əsasında layihələndirməlidir. Onsuz da kimin evi, torpağının harada olduğu məlumdur. Bundan sonra həmin adamlara pul verib tələb etmək olar ki, bu layihə əsasında evini tik, başqa məqsədlər üçün bu vəsaiti xərcləmə. Əhalinin özünü bu işə cəlb etmək lazımdır. Bu, məskunlaşmanın daha sürətlə həyata keçirilməsinə səbəb olar.
İkincisi, quruculuq işlərinə donor təşkilatlarını, dövlətlərini də cəlb etmək lazımdır. Bizim baş prokurorla görüşdə ABŞ səfiri deyib ki, onlar dövlət olaraq dağılmış ərazilərimizin bərpasında iştirak edə bilərlər. Məncə, Azərbaycan çəkinmədən bu dövlətlərə müraciət etməlidir. Əslində onların böyük günahı var. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi vaxtında təcavüzün qarşısını almadılar. İmkan verdilər ki, erməni tərəfi həm torpaqları işğal etsin, həm də dağıtsın. İndi onların bir növ mənəvi və siyasi borcudur ki, bu işdə bizə kömək etsinlər. Azərbaycan da bu köməyi istəməlidir.
Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə güclü hərbi bazalarımız olmalıdır. Ehtimal edirəm ki, iki yeni korpus yaradıla bilər. Düşünürəm ki, bizim ən güclü hərbi bazalarımızdan biri Kəlbəcədə olmalıdır. Şuşada bizim hərbi qarnizon olmalıdır. Bu, gələcəkdə istənilən təxribatların qarşısını operativ şəkildə almağa imkan verə bilər.
- Azərbaycanı Naxçıvanla və perspektivdə Türkiyə ilə birləşdirəcək Mehri dəhlizinin açılması kimi strateji məsələ də üçtərəfli sazişdə öz əksini tapıb. Hazırda Ermənistanda bütün siyasi qüvvələr bunun onlar üçün ciddi səhv olacağını elan edirlər. Necə düşünürsünüz, bu dəhliz açılacaqmı?
- Əslində erməni siyasətçiləri gözəl başa düşürlər ki, bu dəhliz açılsa ondan bizdən çox Ermənistan bəhrələnəcək. SSRİ zamanı mən Naxçıvanda doğulub boya-başa çatmışam. Naxçıvandan keçən qatarların 80 % Ermənistana gedirdi. Naxçıvana nə yük gəlirdi ki...Yalnız Bakı-Şərur sərnişin qatarı idi və az-maz yük gəlirdi. Əsas yük Ermənistana daşınırdı. İndi Rusiya ilə Ermənistanın birbaşa əlaqəsi yoxdur. Avtomobil yolları ilə Gürcüstan üzərində yük daşınması problematikdir. Dəhliz açılsa, bundan Ermənistan da faydalanacaq.
- Bəs nədən erməni siyasətçiləri buna qarşı çıxırlar?
- Onlar fikirləşirlər ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpa olunması Rusiyanın maraqlarına uyğun deyil. Guya onlar belə düşünürlər ki, bu kimi fikirlər Rusiyanın narahatlığına səbəb ola bilər. Baxın, Paşinyan Azərbaycan və Türkiyə ilə dil tapmağın lazım olduğunu dedikdən sonra həm ölkə daxilində, həm də Rusiya mətbuatında ona qarşı kampaniya başladı. İddia edildi ki, Paşinyan belə açıqlamalarla ölkəni uçuruma aparır, Ermənistanın gələcəyi Rusiya ilə bağlıdır və s. Guya Rusiya ilə yaxın olmaq başqa ölkələrlə əlaqələri qurmamaq deməkdir. Erməni siyasətçilər əslində Rusiyaya bağlı olduğundan revanşist mövqedən çıxış edir, bildirirlər ki, düşmənçiliyi davam etdirəcəyik.
Mən hesab edirəm ki, dəhliz açılacaq. Bu, Rusiyanın da maraqlarına uyğundur. Bir var ruslar Gümrüdəki bazaya yüklərini təyyarə ilə daşıya, bir də var qatarla... Bu, onlar üçün ucuz başa gəlir. Üstəlik İran dəmiryol xətləri Culfa ilə birləşdirilib. SSRİ zamanı Yaponiya və Çindən gələn mallar İran üzərindən qatarla Azərbaycan üzərindən keçməklə Rusiya və Avropaya gedirdi. Mən bunu özüm görmüşəm, bəzən dəmiryolu xətti kənarında yaşayan bəzi insanlar cinayət törədərək qatarardakı yükləri ələ keçirməyə də çalışırdı. Bu mənada Rusiya da maraqlıdır ki, dəhliz açılsın. Üstəlik Ermənistan dəmiryolları Rusiyanın nəzarətindədir, Rusiya onu alıb. Ehtimal edirəm ki, bu dəhlizin açılması haqda danışıqlar əslində Rusiya ilə gedir.
- Bundan sonrakı prosesdə Türkiyənin iştirakı formatını necə görürsünüz?
- Türkiyənin burada iştirakı Rusiyada müəyyən dairələri, elə başqa qonşu dövlətləri də ciddi şəkildə qıcıqlandırır. Onlar burada Türkiyənin hərbi iştirakından narahatdırlar. Türkiyə əvvəla Azərbaycanla sərhəd dövlətdir. Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycan deməkdir. Əlbəttə, Cənubi Qafqazda Türkiyəni sıxışdırmaq mümkün deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkiyə adamların qəlbindədir. Sadəcə Azərbaycanda bir qrup adamlar var ki, onların bir hissəsi məqsədyönlü şəkildə, bir hissəsi başa düşməyərək Azərbaycan-Rusiya münasibətlərini Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qoyurlar. Yəni sən Türkiyə ilə yaxınsansa, hökmən Rusiya ilə düşmən olmalısan və yaxud Rusiya ilə yaxınsansa, Türkiyə ilə düşmən olmalısan. Eləcə də İranla əməkdaşlıqda maraqlısansa, Türkiyə ilə düşmən olmalısan. Deməyim odur ki, ölkəmizdə ölkənin öz maraqlarını dərk edib ondan çıxış edən təfəkkür, dünyagörüşü bir çoxlarında formalaşmayıb. Kim hansı tərəfə meyillidirsə o tərəfi qabardır və hesab edir ki, Azərbaycanın o ölkə ilə yaxınlaşması vacibdir.
Bu xəstə təfəkkür ciddi formada dəyişməlidir. Rusiya ilə yaxınlaşma Qərblə münasibətlərin korlanması kimi anlaşılmamalıdır. Rusiya özü can atır ki, Qərblə münasibətlərini bərpa etsin, ABŞ-la əlaqələrini yaxşılaşdırsın. Rusiya buna can atırsa, sən niyə bunu etməyəsən? O başqa məsələdir ki, Qərbin Qarabağla mövqeyində ədalətsizlik varsa, biz onu həmən pisləməliyik. Məsələn, ABŞ Türkiyəyə sanksiya tətbiq edirsə, biz qətiyyətlə onu qınamalıyıq. Qeyd etməliyik ki, NATO-nun digər üzvləri Rusiyadan belə komplekslər alıb, Yunanıstan, Sloveniya və digərləri S-300 alıblar və hətta bunu NATO müdafiə sisteminə inteqrasiya ediblər. Hələ Türkiyə deyir ki, biz onu NATO müdafiə sisteminə inteqrasiya etdirməyəcək, avtonom sistemdə çalışdıracağıq. Amma buna baxmayaraq Türkiyəyə qarşı əsassız olaraq sanksiyalar tətbiq edilir.
- Qarabağdakı yeni təmas xəttində Türkiyənin iştirakı hansı dividentlər gətirə bilər?
- Prezident bəyan etdi ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Amma bildiyiniz kimi ermənilər Ağdamda bir salamat bina qoymayıb ki, həmin binanı təmir edəsən və prosesə başlanılsın. Yəqin ki, onlar üçün iş şəraiti yaradıldıqdan sonra buna başlanılacaq. Yalnız məlumat budur ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Say barədə, onların statusu haqqında da ictimaiyyətə məlumat verilməyib. Fikrimcə, belə məsələlərə dair cəmiyyətə mütəmadi informasiya verilməli, xəsislik edilməməlidir.
Monitorinq Mərkəzində türk mütəxəssislərin iştirakı sözsüz ki, müsbət hadisə olacaq. Ərazidə baş verənlər ciddi nəzarət altında saxlanılacaq, əgər ermənilərin təxribat xarakterli hərəkətləri üçün hazırlıq işləri görüləcəksə, biz bundan xəbərdar olacağıq. Odur ki, türklərin orada olması lazımdır. Bilirsinizmi, Türkiyə bizimlə ABŞ qədər məsafədə yerləşsəydi, deyərdim ki, buna ehtiyac yoxdur, Türkiyə bizə köməyə gəlincə iş-işdən keçər. Amma Türkiyənin özündən qırıcı təyyarələrin qalxıb düşmənə ağır zərbələr endirməsi an məsələsidir. Məsafənin yaxınlığı baxımdan deyirəm. Qeyd edilirdi ki, Türkiyə hərbçiləri də sülhməramlı prosesdə iştirak edəcək, amma reallıqlar da var və onunla barışmaq lazımdır. Bəzən hansısa məsələlərdə güzəştə getmək, hansısa məsələlərdə dirnəniş göstərmək lazımdır. Siyasət budur. Hər zaman istədiyini 100 faiz əldə etmək mümkün olmur. Mütləq başqa ölkələrin maraqlarını nəzərə almaq lazım gəlir. Odur ki, bu kimi halların anlayışla qarşılanması müsbət haldır.