Cənab Prezidentin rəhbərliyi ilə 17 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Dövlətimiz regionda aparıcı aktora çevrilib, xalq-hakimiyyət birliyi möhkəmlənib. Mühüm sosial islahatlar həyata keçirilib, eyni zamanda ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, bu gün Azərbaycan Ordusu müasir texnologiyalarla təmin edilib.
Deputat vurğulayıb ki, güclü Ordumuz 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edib: “Xarici siyasətdə də uğurlar əldə edilib, regional formatda həyata keçirilən siyasət müsbət nəticələr verib. Regionda Azərbaycan iqtisadi lokomotiv rolu oynayır. Siyasi sabitlik, təhlükəsizlik üçün zəmin yaranıb. Ölkəmiz bölgədə hərtərəfli əməkdaşlıq, tərəfdaşlığı təmin edib. Bölgə ölkələrinin yaxınlaşması, qarşılıqlı münasibətlər formalaşıb”.
Azər Badamov Azərbaycanın dünyada söz sahibi olan dövlət olduğunu söyləyib: “Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Bu, ölkəmizin inkişaf səviyyəsini göstərir. Dövlətimiz son illər ərazində nəqliyyat dəhlizlərinin yaradıb. TANAP və TAP layihələrini reallaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Reallaşan layihələr qitələri birləşdirib. Eyni zamanda regionun önəmini artırıb. Layihələr təkcə ölkəmizlə kifayətlənməyib. Region dövlətləri bu işə cəlb olunub”.
Millət vəkili region üçün təhlükə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin artıq həll edildiyini bildirib: “Hərb meydanında ölkəmiz öz gücünü göstərdi. Proseslər artıq siyasi müstəvidə davam edir. 10 noyabrda imzalanmış üçtərəfli bəyanat region üçün yeni reallıqlar yaradır. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Qarabağ Azərbaycanın hüquqi müstəvisində yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.
Deputat Naxçıvanı Azərbaycanla birləşdirəcək yeni dəhlizinin əhəmiyyətinə toxunub: “Üçtərəfli razılaşmada bu öz həllini tapacaq. Cənab Prezidentin siyasəti gələcəyə hesablanıb. Bu siyasət Azərbaycan xalqının maraqlarını əhatə edir. Sabitlik, inkişaf Qarabağ Zəfəri dövlətimizin gücünü ehtiva edir”.