17 Dekabr 2020 20:00
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klastr bombalarından istifadə edib” adlı hesabatında qeyd olunur ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Sənəddə vurğulanıb ki, Dağlıq Qarabağdakı qüvvələrin klaster sursatları olmadığından, bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da o, Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə “Human Rights Watch” təşkilatının Ermənistanın qadağan olunmuş silahlardan istifadə etdiyini təsdiqləyən hesabat sənədini şərh edərkən deyib.

Onun sözlərinə görə, "Human Rights Watch"un hesabatı Azərbaycanın Beynəlxalq Məhkəmələrə müraciət etməsinə imkan yaradır:

"Bütün bunlar o anlama gəlir ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı əsassız iddialarla çıxış edən, feyk məlumatların yayılmasında maraqlı olan bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanın hərbi və siyasi Qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər edərək həqiqəti etiraf etməyə başlayıblar. Həmin qurumların beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edən Ermənistanı əvvəllər müdafiə edib, bu gün isə həqiqəti etiraf etmək məcburiyyətində qalmaları bir daha Azərbaycanın bütün platformalarda, o cümlədən işğalçı dövlətlə döyüş meydanında ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mübarizə aparmasının təsdiqidir.

“Human Rights Watch” aparılan araşdırmalar zamanı üç rayona klaster bombaları ilə dörd hücumun gerçəkləşdirildiyi sənədləşdirib və həmin faktı rəsmi olaraq elan ediblər. Təşkilat oktyabrda Azərbaycanın Bərdə şəhərinə klaster bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb".

Yusif Bağırzadə bildirib ki, hesabatda bu hücumlar nəticəsində ikisi uşaq olmaqla azı yeddi mülki şəxs öldürüldüyü, yenə də ikisi uşaq olmaqla 20 nəfərin yaralandığı əks olunub: "Hesabatda həmçinin klaster sursatlarından istifadənin müharibə qanunlarının pozulması demək olduğu da xüsusi olaraq vurğulanır.

Hesabatda diqqət çəkən ən mühüm məqamlardan biri də hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbi personalın, avadanlığın, texnikanın olmaması ilə bağlı faktın qeyd edilməsidir. Bu faktın özü ermənilərin guya həmin ərazilərdə hərbçilərin hədəf alındıqları barədə dedikləri ilə bağlı yalanı da ifşa edir.

Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir.

Odur ki, hal-hazırda qarşımızda duran əsas məsələ Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini almasına və ədalətli mühakimə olunmasına nail olmaqdan ibarətdir".


Müəllif: Aysel Azad