19 Dekabr 2020 09:25
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə uzun müddətdir ki, ABŞ-dan “Patriot” tipli hava hücumundan müdafiə sistemləri almağa çalışırdı. Bəhanə gətirirdilər ki, əgər sizə “Patriot” tipli raketlər lazım olacaqsa, onlar Avropada var və qısa müddətdə onları sizin ərazinizdə quraşdıra bilərik. Suriya hadisələri başlayanda Türkiyədə “Patriot” tipli raketləri quraşdırdılar, ancaq cəmi 10 gün sonra söküb apardılar. Məsələyə çox qeyri-ciddi yanaşdılar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bunan sonra Türkiyə ABŞ-dan “Patriot” tipli raketlərin satılmasını tələb edib:

“Bu prosesi də uzatdılar, son nəticədə isə satmadılar. Belə olan təqdirdə Ankara alternativlər axtarmağa başladı və bu alternativləri Rusiyada tapdı. Əvvəla, S-400-lər daha ucuzdur. Üstəlik, Rusiya ilə belə bir razılaşma əldə edilib ki, gələcəkdə həmin raketlərin Türkiyədə birgə istehsalını təşkil edə bilərlər. Bu nöqteyi-nəzərdən S-400-lərin alınması Türkiyə üçün daha əlverişlidir. Amerikanın isə hikkəyə dayanaraq bu məsələlərdə öz dediyini yeritməyə çalışması heç bir nəticə vermədi. Üstəlik bunun ardınca Amerika F-35 yeni nəsil qırıcı təyyarələrinin istehsalında Türkiyənin yaxından iştirak etməsinə baxmayaraq həmin təyyarələri də Ankaraya vermədi. Halbuki bu təyyarələrin bəzi hissələri Türkiyədə istehsal olunur. Bunun üçün Türkiyə ən azı 15 milyard dollar pul xərcləmişdi. Beləliklə, ABŞ nə sağına, nə də soluna baxır. Türkiyəyə vurduğu ziyanı da hesablamaq istəmir”.

Qabil Hüseynli bildirib ki, yaranmış vəziyyət ABŞ-la Türkiyə arasındakı münasibətləri daha da gərginləşdirir:

“Hələ bu bəs deyilmiş kimi Amerika Türkiyəyə sanksiyalar tətbiq olunmasını vəd edir. Bu sanksiyalar Türkiyəyə ciddi problem yarada bilməyəcək, ancaq məsələ ondadır ki, bu, NATO üzvü olan ölkənin alyans çərçivəsindəki müttəfiqinə qarşı haqsızlığı və ədalətsizliyi, əvvəlcədən razılaşdırlmış müddəaları pozmağa çalışmağıdır”.

Politoloq qeyd edib ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan Amerikanın Türkiyəyə qarşı bu ədalətsizliyini qınayır:

“Azərbaycan bildirir ki, Türkiyə həm “Patriot” raketlərinin, həm də F-35-lərin istehsalına var gücünü qoyub. Türkiyə bu təyyarələrin istehsalı üçün lazım olan ehtiyat hissələrinin hazırlanması üçün 10 il yaxındır ki, Amerika ilə əməkdaşlıq edir. İndi isə hər şeyin birdən-birə tərs üzünə çevrilməsi ağrıdıcı və sayğısızlıqdır. Bu, həm Türkiyə, həm də dünyanın bir sıra dövlətləri tərəfindən qınanır. Azərbaycan Prezidenti də Amerikanın bu haqsızlığını ciddi surətdə qınadı. Bu az imiş kimi sanksiyalar haqqında danışılması da ümumiyyətlə hər cür normaları tapdalayıb keçmək deməkdir. Bir sözlə Amerikanın addımları onun özünə ciddi zərər verəcək. Çünki Türkiyə Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə, özünün hava hücumundan müdafiə sistemlərini istehsal etməyə başlayacaq və beləliklə heç bir ölkəyə ehtiyacı qalmayacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər