Bəşəriyyət üçün ümumi bəla olan COVİD-19-a qarşı mübarizədə ölkəmizdə təsiredici addımlar atılıb. Virusun yayıldığı ilk vaxtlardan Azərbaycanda əhalinin daha çox yoluxmaması üçün profilaktik tədbirlər görülüb. Tibbi maska və gigiyenik tələbatların ödənilməsi üçün zəruri avadanlıqlar tez bir zamanda ölkəmizə gətirilib. Qısa zamanda ölkəmiz tibbi maska istehsal etməyə başlayıb. Xəstə sayındakı artımı nəzərə alaraq ölkədə mövcud ehiyat çarpayı fondu yaradılıb. Modul tipli xəstəxanalar istifadəyə verilib. İnsanların sosial məsafədən iş və prosesləri icra etməsi üçün mexanizm işlək vəziyyətə gətirilib.
Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Ilham Məmmədov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan pandemiya ilə mübarizədə geniş beynəlxalq əməkdaşlığın tərəfdarı kimi çıxış edib:
"Azərbbaycanın təşəbbüsü ilə bu istiqamətdə bir neçə beynəlxalq tədbir keçirilib. Bu ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və may ayında Qoşulmama Hərəkatının sammiti baş tutub. Azərbaycan eyni zamanda pandemiya ilə mübarizə üçün genişmiqyaslı fəaliyyətin tərəfdarı olduğunu açıqlayıb. Bu məqsədlə dövlət başçısı cənab Prezident İlham Əlyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü olub. Ölkəmizin bu təşəbbüsü 150 dövlət tərəfindən dəstəklənib. Bu məqsədlə BMT-nin dekabrın 3-4-də 70-dən artıq dövlət və hökumat başçısının iştirakı ilə xüsusi sessiyası keçirilib”.
İlham Məmmədov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində maliyyə və humanitar dəstək göstərilməsi proqramından da bəhs edib:
“Bu məqsəd üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat ayrılıb. 34 ölkəyə müvafiq yardım göstərilib. Ümumilikdə isə Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizəyə əhəmiyyətli töhvə verib".