Təəssüf ki, Belçika federal parlamentinin nümayəndələr palatasının qondarma “Dağlıq Qarabağ”la bağlı plenar sessiyası keçirilib. Sessiyada “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnaməsində əsassız və qərəzli iddialar yer alıb.
Bunu Teleqraf.com-a Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkli Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad olunur ki, bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiq edir: “Amma digər tərəfdən, Azərbaycanla bağlı yalan dolu məlumat yer alır. Ermənistanın törətdiyi hərbi cinayətlərə isə toxunulmur”.
Deputat qərəzli qətnamədə açıq aydın anti-Türkiyə yanaşmasının əsassız və qəbuledilməz olduğunu söyləyib: “Belçika kimi ölkələr belə əsassız qətnamələri təsdiq etmək əvəzinə, beynəlxalq hüquqa istinad etməlidir. Eləcə də BMT Nizamnaməsinin prinsiplərinin Ermənistan tərəfindən illərdir ciddi surətdə pozulmasını önə çəkilməlidir”.
Nigar Arpadarai bildirib ki, Belçika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində beynəlxalq təşkilatların illərdir uğursuzluğundan narahat olub səylərini bu istiqamətdə cəmləşdirməlidir: “Çünki Belçika özü də bu təşkilatların üzvüdür”.