Prezident İlham Əliyev çıxışlarında dəfələrlə tarixi abidələrimizə qarşı erməni vandalizmindən bəhs edib. Çünki ermənilər İslam dəyərlərinə təhqiramiz münasibət sərgiləyiblər. İşğaldan azad olunmuş Qubadlının Məmər kəndində ermənilərin əvvəllər məscidi donuz axırına çevirdiyinin şahidi olduq. Eyni münasibət Alıxanlıda da baş verib. Ağdam məscidində ermənilər heyvan saxlayırdı. Bütün bunlar ermənilərin Azərbaycan xalqına, İslam dəyərlərinə qarşı olan nifrətinin göstəricisidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, İslam dinində məscid, xristianlıqda kilsə, yəhudilərdə sinaqoq Allahın evi sayılır:
“Bütün dinlərin nümayəndələri çalışır ki, Allahın evinə hörmət sərgilənsin. Amma bu yanaşmanı ermənilərdə görmək mümkün olmur. Onlar sanki məqsədli şəkildə azərbaycanlıların hislərinə toxunmaq üçün iyrənc addımlar atıblar. Ermənilər xalqımıza məxsus dini abidələri təhqir etməyi sanki özlərinə “baş ucalığı” sayırlar. Azərbaycan ərazisində xristian abidələri ilə bağlı narahatlıqlarını ifadə edən YUNESKO-nu ermənilərin İslam abidələrinə qarşı vəhşiliyindən xəbərdar etmək lazımdır. Azərbaycan dünyada tolerantlığın, mültikulturalizmin mərkəzlərindən biri hesab olunur. Roma Papası, Rus Provaslav Kilsəsinin rəhbəri, digər dini liderlər Azərbaycandakı xrisitan abidələrinə qarşı yüksək münasibətdən bəhs edib. Bakının mərkəzində erməni kilsəsi 5 min dini ədəbiyyatla qorunur. Eyni zamanda paytaxtda 3 provaslav kilsəsi, 1 sinaqoq,1 katolik kilsəsi fəaliyyət göstərir. Gəncədə, Xaçmazda provaslav kilsələri var. Qəbələnin Nic kəndində 2 alban kilsəsi mövcuddur. Bu abidələr də zaman-zaman dövlət tərəfindən təmir-bərpa edilib. Eyni zamanda ölkəmizin digər bölgələrində fərqli dinlərə məxsus tarixi, dini abidələrə böyük hörmət mövcuddur”.
Ceyhun Məmmədov qeyd edib ki, cənab Prezident İlham Əliyev Zəngilan və Qubadlıya səfərlərində də Azərbaycan məscidlərinin ermənilər tərəfindən vandalizmə məruz qalmasından danışıb:
“Cənab Prezident müsəlman məscidləri ilə xrisitan abidələri arasında fərq qoyanlara çağırış edib. Dinlərə, dini abidələrə fərq qoyulmamasının vacibliyi vurğulayıb. Azərbaycanda fərqli dinlərin abidələri qorunur. Ermənilər həmçinin xristian abidələrinə də dözümsüz münasibət sərgiləyirlər. Qarabağdakı bir sıra alban kilsələri ermənilər təfindən dağıdılıb. Onları erməniləşdirə bilməyiblər deyə, bu addımı atıblar. Xocavənd rayonundakı provaslav kilsəsi də ermənilər tərəfindən dağıdılıb”.
Deputat Ermənistan bir sıra müsəlman ölkələri ilə “dost”luğundan bəhs edib:
“Ermənilər özlərini müsəlmanların “dostu” kimi təqdim etməyə çalışır, amma bütün müsəlman məscidlərini dağıdırlar. Cənab Prezident də bildirib ki, məscidləri dağıdan ölkə, müsəlmanların dostu ola bilməz. Müsəlman ölkələri Ermənistanla əlaqələrdə bu həssas məsələləri nəzər almalıdırlar. Məscidlərin dağıdılması, təhqir olunması ciddi şəkildə pislənilməlidir. Bu, yalnız Azərbaycana yönəlmiş bir hörmətsizlik deyil. Ümumilikdə müsəlman dünyasına, İslam dəyərlərinə hörmətsiz yanaşmadır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın bu barbarlığına reaksiya verib. Ümumilikdə bu məsələyə çox ciddi reaksiya verilməlidir. Ermənistanın çirkin əməlləri müsəlman ölkələri tərəfindən qətiyyətlə qınanılmalıdır”.