2020-ci il Azərbaycan xalqının tarixində xüsusi oldu. Görülən işlər, qazanılan uğurlar şanlı qələbəmizi şərtləndirdi. Bu uğur faşizm ideologiyası üzərində parlaq bir qələbədir. Qələbəmiz iqtisadi, siyasi gücümüz hesabına əldə edildi. Hüququn gücünü hər kəs gördü. Xalqımızın dəmir yumruğu düşməni, ədalətsizliyə, işğala, təcavüzə görə cəzalandırdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Azərbaycanın bütövlüyü, Qarabağın işğaldan azad olunması ilə nəhayət 30 il sonra tarixi ədalət bərpa olundu:
“İşğalda olan torpaqlarımız, Vətənimizin ayrılmaz paçası, dilbər güşəmiz olan Qarabağ azad olundu. Bu zəfəri, qalibiyyəti xalqımıza yaşadan Müzəffər Ali Baş Komandandır. Azərbaycan əsgəri öz həyatı, canı ilə Ali Baş Komandanın əmrlərini yüksək səviyyədə icra etməklə ərazi bütövlüyümüzün tamlığına nail oldu. Qələbənin misli-bərabəri yoxdur. Azərbaycan xalqının dövlətçilik tarixində elə bir nailiyyət yoxdur ki, bu möhtəşəm zəfərlə müqayisə olunsun. Xalqımız müstəqil dövlət qurmağı necə bacarmışdısa, qazanılan bu zəfər də azadlığımızın əldə olunması qədər qiymətlidir”.
Məlahət İbrahimqızına görə, Azərbaycan xalqının yaddaşında, kiçikdən-böyüyə hər kəsdə 2020-ci il əbədi, silinməz izlər qoyacaq:
“Xalqımızın qələbəsini şərtləndirən əsas amillərdən biri də məhz beynəlxalq arenada qazanılan uğurlar olub. Beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzu liderinin qətiyyəti sayəsindədir. BMT qətnamələrindən və digər aparıcı təşkilatların Azərbaycan ərazilərinin işğal faktı ilə bağlı vermiş olduğu qərarlar dövlətimizin haqlı mövqeyini daha da gücləndirib. Belə qərarların əldə olunması eyni zamanda diplomatik uğurun başlıca şərti idi".
Millət vəkili cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini əlavə edib:
“Dünyanın geosiyasi xəritəsində Cənubi Qafqaz xüsusi yer tutur. Cənubi Qafqaz tarix boyu İpək yoluna, enerji resurslarının daşınmasına görə hər zaman maraq dairəsində olub. Ona görə böyük güclərin bu bölgəyə marağı çox olub. Bir çox hallarda isə bu maraqlar toqquşub. Ulu öndər Heydər Əliyev və cənab Prezidentin həyata keçirdiyi siyasət, enerji layihələri regionda böyük canlanma yaradıb. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan kimi böyük əhəmiyyətə malik olan layihələrin reallaşması dünya üçün əsas faktora çevrilib. Bu layihələr olmasaydı, ondan sonra icra ediləcək TAP, TANAP kimi iri layihələrin də icrası mümkün olmazdı. Çünki bu gün böyük güclər üçün əsas ideologiya enerji layihələridir. Bu bölgə 300 ilə yaxın müddətdə enerji daşıyıcılarınını zəngin olmasına görə geosiyasi əhəmiyyətə malikdir. Ona görə də məhz Azərbaycan liderinin qətiyyəti ilə regionda heç bir layihə ölkəmizin iştirakı olmadan reallaşmır. Bu bölgədə əsas söz sahibi Azərbaycandır. 44 günlük müharibədən sonra yaranmış yeni reallıq bunu bir daha şərtləndirir”.