“Hesab edirəm ki, balansı qorumaq və əlavə problemlərin yaranmasının qarşısını almaq üçün Türkiyənin sülhməramlı kontingenti bölgədə yerləşdirilməlidir. Azərbaycanın təhlükəsizliyi naminə bu addım təcili şəkildə atılmalıdır. Bölgədə aparılan patrul xidməti Rusiya və Türkiyə hərbi qüvvələri tərəfindən birgə həyata keçirilməlidir”.
Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları üçtərəfli anlaşmanın şərtlərinə əməl etmirlər, bir çox hallarda bunu bilərəkdən pozurlar. Bu pozuntular nədən irəli gəlir, Rusiya rəhbərliyi sülhməramlıların bu özbaşınalığını niyə aradan qaldırmağa səy göstərmir, bunları görməzdən gəlir?
- Kimsəyə sirr deyil ki, Rusiya həmişə Ermənistana dəstək olub, onun maraqlarını həyata keçirib. Rusiya bölgədə yeganə forpostu olan ölkəni – Ermənistan üçün əlindən gələni edəcəyi və etdiyi də bəllidir. Rusiya Qarabağda müharibə başlayandan öz qüvvələrini “sülhməramlı” adı altında bölgəyə göndərmək üçün fürsət axtarırıdı, bunu da əldə etdi. Çünki bu gün beynəlxalq tribunalarda Ermənistanın ən böyük dəstəkçisi Rusiyadır.
Bu baxımdan, Qarabağa gətirilən rus sülhməramlılarının əleyhimizə çevriləcəyi gözlənilən idi. Bu, təkcə Azərbaycanın yox, bölgədə maraqları olan digər dövlətlərin maraqlarını əks etdirmir.
Bilirdik ki, Rusiya ora girəcəksə, bir sıra problemlərlə üzləşəcəyik. Sülhməramlıların komandanı Rüstəm Muradovun Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla görüşməsi, onların qondarma bayraqlarının altında fotolar çəkdirməsi, onlarla sıx təmaslarda olması Azərbaycan cəmiyyətində haqlı etirazlar yaradır. Moskvadan özbaşınalıqlar edən sülhməramlıların komandanlığına barmağın silkələnməməsi ikili standartlardan irəli gəlir.
Putin başqa söz deyir, Lavrov bir ayrı söz danışır, Peskov tamam başqa mətləblərdən dən vurur. Nəticədə Rusiya sülhməramlıları ermənilərin tərəfindən çıxış edən qüvvələr təsiri bağışlayır.
Rusiya sülhməramlıları bölgəyə gələn gündən bəri hər gün Ermənistana qaçan erməniləri Xankəndi və digər ərazilərə köçürməklə məşğuldur. Əlbəttə, Rusiya sülhməramlılarına sığınan ermənilər özlərini təhlükəsizlikdə hiss etdikləri üçün Xankəndinə axışırlar. Rusiya sülhməramlılarının bu addımları bölgədə yeni problemlərin yaranmasına rəvac verir. Bütün bunlar suallar və narazılıq doğurur.
Rusiyanın innən belə Azərbaycanın maraqları çərçivəsində addımlar atacağı güman edilmir. Hesab edirəm ki, balansı qorumaq və əlavə problemlərin yaranmasının qarşısını almaq üçün Türkiyənin sülhməramlı kontingenti bölgədə yerləşdirilməlidir. Azərbaycanın təhlükəsizliyi naminə bu addım təcili şəkildə atılmalıdır.
Düşünürəm ki, bölgədə aparılan patrul xidməti Rusiya və Türkiyə hərbi qüvvələri tərəfindən birgə həyata keçirilməlidir. Azərbaycan bu məsələdə qətiyyətli davranmalıdır. Çünki Rusiya və ermənilər gələcəkdə Azərbaycana qarşı problem yarada bilərlər. Artıq belə problemlər görünməyə başlayıb. Rusiya sülhəramlıları və separatçılar yaxşı dil tapıblar. Separatçılar yenə də rusların hesabına bölgədə at oynatmaq niyyətindədirlər.
Əlbəttə, Azərbaycan da boş dayanmır, öz işini görür. Nə Azərbaycan, nə də Türkiyə bölgədə ikinci erməni dövlətinin yaranmasına imkan verəcək. Hələ ki, bu problemin yaranmasının qarşısını ala bilmişik. Bunu da qarantiyaya almaq üçün Türkiyə sülhməramlılarının patrul xidmətində iştirakı vacibdir.
- Rusiya tərəfi tez-tez ATƏT-in Minsk Qrupu formatında “Dağlıq Qarabağın statusu”na dair danışıqların bərpası məsələsini gündəmə gətirir. Sizcə, Rusiyanın yenidən digər iki həmsədr ölkəni - Fransa və ABŞ-ı özünün yaratdığı “proses”ə qaytarmaq istəyinin arxasında hansı maraqları var?
- Təkcə Rusiya yox, erməni lobbisi və diasporunun güclü olduğu digər ölkələr də status məsələsini gündəmdə saxlamağa çalışırlar. Təsadüfi deyil ki, Fransa parlamentində Makron hökumətinə “Qarabağın müstəqilliyi”ni tanınmaq tövsiyə edən qətnamə qəbul edilib. Hollandiya da bu yöndə bir addım atdı. Görünən budur ki, bir sıra Avropa dövlətlərindəki erməni lobbisi ciddi-cəhdlə status məsələsini gündəmdə saxlayır.
Maraqlısı isə budur ki, “Qarabağın müstəqilliyi”ni Ermənistanın özü belə tanımır. Əgər Ermənistan özündə cəsarət tapıb bunu edə bilmirsə, niyə bunu başqaları onun adından etməlidir?
Rusiyaya gəldikdə, Moskva öz forpostunu əlində saxlamaq üçün bu məsələdən istifadə edib, gələcəkdə də bunu gündəmdə saxlamağa çalışacaq. Erməni diasporu və lobbisinin Rusiyanın xarici siyasətinə təsirləri var. Amma Rusiyanın nə düşünməsindən asılı olmayaraq, bu məsələ Minsk Qrupu formatında həll edilə bilməz. Sadəcə olaraq, Rusiya məcburiyyət qarşısında qaldığı üçün Minsk Qrupunu dilə gətirir. Özləri də yaxşı bilirlər ki, bu gün həmin qrupun fəaliyyəti sıfıra bərabərdir.
Minsk Qrupu heç münaqişənin aktiv fazasında özünü göstərə bilmədi. Buna baxmayaraq, yenidən Minsk Qrupunun fəaliyyətini davam etdirmək, genişləndirmək istəyirlər. Amma Azərbaycan prezidenti həmsədrlərə öz yerini göstərdi.
Ötən otuz ilə yaxın il ərzində həmsədrlər Azərbaycana “yağlı tikə” kimi baxıblar. Bu vəziyyətdən çox gözəl şəkildə bəhrələndilər. Buna görə də, Minsk Qrupunun fəaliyyəti Azərbaycan üçün maraqlı olmamalıdır. 26 il heç nə edə bilməyən həmsədrlər bundan sonra nəyə nail ola bilərlər? Sadəcə olaraq, həmsədr dövlətlər – Fransa və ABŞ bölgədəki təsirlərini saxlamaq üçün bu formatı qorumağa cəhdlər edirlər. Fransa və ABŞ da gözəl başa düşür ki, Rusiya əldə etdiyi imkanları onlarla böldüşdürmək istəməyəcək. Əlbəttə, Türkiyə amilini də unutmaq olmaz.
- Türkiyə hərbçiləri Azərbaycana gəldilər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin gələn həftə fəaliyyətə başlaması gözlənilir. Türkiyənin bu mərkəzdəki fəaliyyəti onun bölgədəki mövqelərinin güclənməsinə təkan verəcəkmi?
- Hər kəsə bəllidir ki, artıq Türkiyənin Azərbaycanda hərbi varlığı mövcuddur. Türkiyə bu gün yox, uzun müddətdir Azərbaycanda var. Hələ son Qarabağ savaşından əvvəl Türkiyə hərbi qüvvələri Azərbaycan ordusu ilə birgə təlimlər keçmişdi, bu hərbi məşqlər indi də davam edir. Bundan başqa, Türkiyənin Azərbaycanda hərbi varlığı təmin edən ikitərəfli müqavilələr imzalanıb. Qarabağ müharibəsi Türkiyənin bölgə və Azərbaycandakı mövqeyinin nə qədər güclü olduğunu göstərdi.
Türkiyənin mövqelərinin daha da güclənməsi üçün qapıları yalnız Azərbaycan aça bilər. Əlbəttə, Türkiyə Azərbaycanın istədiyi qədər onun yanındadır və qalacaq. Hakimiyyətdə olan AKP və Prezident Ərdoğan da dəfələrlə Azərbaycanın yanında olduqlarını ən yüksək formada elan ediblər. Ən azı Ərdoğan dönəmi üçün Türkiyə Azərbaycandakı hərbi mövcudluğunu qoruyacaq.
Şübhəsiz, Türkiyənin bölgədə daha da güclənməsi Azərbaycandan da asılıdır. Türkiyənin bölgədəki varlığı təkcə Azərbaycanın və ya özünün istəyinə deyil, həm də böyük güclərin dəstəyinə bağlı olan məsələdir.
- ABŞ və NATO-dan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsinə etirazlar edildi. Mümkündürmü ki, perspektivdə bu istiqamətdə Türkiyəyə bölgədəki fəaliyyətini artırmasına NATO və ABŞ-ın hərbi dairələrindən dəstək veriləcək? Pentaqon və Atlantik Alyansı Türkiyənin regionda öz mövqelərini gücləndirməsində maraqlı kimi görünürlər.
- Əgər bu gün bu hərbi bloka üzv olan Türkiyənin hərbi qüvvələri Qarabağdadırsa, bu o deməkdir ki, artıq NATO qüvvələri Qarabağdadır. Bu da Rusiyanın xoşuna gəlməyən amildir. NATO hərbi qüvvələrinin yaxınlıqda olması Rusiyanı ciddi şəkildə narahat edir.
Bundan əvvəl NATO ölkələri seçkidən sonra gərginliyin yaşandığı Belarus istiqamətində Rusiyanı sıxışdırmağa, öz hərbi qüvvələrini yaxın mövqelərdə yerləşdirməyə cəhdlər edirdilər, indi diqqəti Cənubi Qafqaza yönəldiblər. Türkiyə qüvvələrinin bölgədə olması isə NATO-ya bölgədəki varlığını təmin etmək üçün bir fürsətə çevrildi. Dediyim kimi, Türkiyənin Cənubi Qafqazdakı hərbi mövcudluğu, Rusiya tərəfindən burada NATO-nun təmsil olunması anlamında qəbul edilir. Bu, həm də ABŞ-ın da bölgəyə ayaq açması deməkdir. Bu gün ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginlik olsa da, bir müddət sonra regional maraqlarda üst-üstə düşən məqamlar tərəfləri bir-birinə yaxınlaşdıracaq.
ABŞ həmişə NATO çərçivəsində Türkiyə ilə əməkdaşlıq edib, yeni Prezident Baydenin sərt mövqeyinə baxmayaraq, bu əməkdaşlıq eyni məcrada davam etdiriləcək. Atlantik Alyansına daxil olan digər dövlətlər də NATO-nun Cənubi Qafqazdakı nüfuz dirəsini genişləndirmək üçün Türkiyəyə dəstək verəcəklər. Bu, gələcəkdə Rusiyaya qarşı istifadə ediləcək vasitəyə çevrilə bilər.
Rusiyanın gələcəkdə daha geniş əl-qol açmaması üçün Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətinin davamlı olması NATO və ABŞ-a da gərəklidir. Başqa sözlə, Pentaqon və NATO Türkiyənin bölgədəki fəaliyyətlərinə maraq göstərirlər.
Əlbəttə, ABŞ və NATO Rusiyanın bölgədəki – Cənubi Qafqazda fəallığında maraqlı deyillər. Hər iki tərəf Rusiyanın yenidən post-sovet məkanındakı respublikaları öz orbitinə çəkmək niyyətində olduğunu yaxşı bilirlər. Rusiyanın məqsədi keçmiş ittifaq respublikaları öz ətrafında birləşdirməkdir. Bu baxımdan, NATO və Pentaqon bunun qarşısını almaq üçün Türkiyəyə dəstək verir. Bu dəstəyi verməkdən başqa yolları da yoxdur.