2 Yanvar 2021 14:59
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 2020-ci ili başa vurduq. Ötən il xalqımızın milli birlik, qələbə, Qarabağ həsrətinin bitdiyi ildir. İl çətin başladı. Dünyanı bürüyən pandemiya Azərbaycandan da yan ötmədi. Hər gün müxtəlif ölkələrdən virusa yoluxanlar, vəfat edənlərin sayı ilə bağlı dəhşətli statistika açıqlanır. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və çalışır ki, öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Azərbaycan dövləti də insanları qorumaq üçün bütün zəruri tədbirləri görür.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir:

"Prezident İlham Əliyevin rəhbərliyi infeksiyasının yayılmasının qarşısını almaq, iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün tədbirlər həyata keçirilib. Bu layihələrin də əsasında insan, onun rihafı, sosial cəhətdən müdafiəsi dayanır. Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı. Özü və Birinci vitse-prezident bir illik maaşını həmin quruma köçürdü. Ümumiyyətlə, cənab İlham Əliyev həm ölkə rəhbəri kimi, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də bir nümünə oldu. Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq adekvat addımlar atılıb. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyaların sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirlərinə qarşı 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Bu tədbirlər 5 milyon insanı əhatə edir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib”.

Komitə sədri pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu söyləyib: “ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə gəstəyi göstərib. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Cənab İlham Əliyev beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab Prezident İlham Əliyev videokonfransla Zirvə görüşünün keçirilməsinə nail olub. Zirvə görüşü Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunu göstərdi. Cənab Prezidentin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini 130-dək dövlət dəstək verdi. Bu ölkəmizin regional və qlobal miqyasda getdikcə geosiyasi əhəmiyyətini artırıb”.

Hicran Hüseynova ölkə daxilində də yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşdığını bildirib:

“Siyasi partiyalar ərazi bütövlüyümüzlə bağlı həmrəylik nümayiş etdirib. Vətən müharibəsi zamanı 51 partiya Ali Baş Komandanı birmənalı dəstəklədi. 2019-cu ildən başlanan kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilib.

2020-ci ilin tarixi torpaqlarımız ger qaytarıldığı, ərazi bütövlüyümüz bərpa olunduğu bir il oldu. 2020-ci ildə 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı erməni faşizmindən azad etdik. Biz həmişə bu ümidlə yaşamışıq. ATƏT Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın hüquqa əməl etməməsi bizim xalq olaraq səbrimizi tükədirdi. Hadisələrin gedişi göstərirdi ki, qarşı tərəf danışıqları pozmaqda qərarlıdır. Ötən ilin iyul ayında düşmən Tovuzda hərbi təxribat törətdi. Avqustda isə erməni hərbi diversant dəstəsinin niyətləri hərbçilərimiz tərəfindən darmadağın edildi. Ancaq təxribatlar davam edirdi. Sentyabrın 24-də ölkə başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış etdi. Cənab Prezident BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırış etdi. İşğalçı Ermənistan heç bir hüquq, norma və prinsip gözləməyərək növbəti dəfə təxribat törətdi. Qüdrətli Ordumuz əks-həmlə əməliyyatları ilə düşmənə layiqli cavab verdi. 44 günlük Vətən müharibəsi xalqımızın inamını özünə qaytardı. Bu gün həqiqətən də vahid bir mövqe Xalq-Dövlət-Ordu birliyi var. Hər kəs tam qələbəyə nail olmaq üçün, torpaqlarımızı bu mənfur terrorçulardan azad etmək üçün öz töhfəsini verdi. Milli Məclis də bu prosesdən kənarda qalmadı. Milli Məclisin Komitələri o cümlədən, Ailə, Qadın və Uşaq Komitəsi adından beynəlxalq təşkilatlara, parlamentlərarası dostluq qruplarına müraciətlər unvanlandı”.

Deputat vurğulayıb ki, yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir əlində bayraq, bir əlində silah torpaqlarımızı düşməndən azad etdilər:

“Vətən müharibəsinin ən böyük və qürurverici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi. Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddir və o illərlə qarşı tərəfin uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır. Soydaşlarımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisasını alındı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq”.

Millət vəkili 2021-ci ildə bizi yeni sınaqlar, Qarabağda bərpa-quruculuq işləri gözlədiyini əlavə edib:

“Xalqımız yeni ildə də bu birliyi davam etdirməklə, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. Hamıya can sağlığı, ruzi-bərəkət, mehribançılıq, həmrəylik, əmin-amanlıq arzulayıram! Azərbaycanın gücü onun birliyindədir!”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər