2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi həkk olundu. İllərlə gözlədiyimiz məqsədə çatmaq uğrunda həmrəyliyimiz, bir yumruqda birləşməyimiz bu Zəfərin qazanılması ilə nəticələndi. Eyni zamanda ötən il tarixən üzləşdiyimiz çətinliklər, sınaqlar, xalqımıza, dövlətimizə qarşı yönəlmiş cəhdlər, təxribatlarla mübarizə ili kimi tarixə qovuşdu. Xalqımız yalnız öz gücünə və imkanlarına güvənərək ən çətin vəzifələrin öhdəsindən gəlməyin mümkün olduğuna bir daha əmin oldu. Bundan sonra isə irəlidə bizi yalnız inkişaf, dirçəliş, azad olunmuş ərazilərimizdə xoşbəxtlik vəd edən illər gözləyir.
Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, cənab Prezidentin Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı xalqa müraciəti tarixi çıxış oldu:
“Elə bir insan tapılmaz ki, bütün bu nailiyyətlərin əldə olunmasına sevinməsin. Bu qələbə cənab Prezident İlham Əliyevin xalqın və dövlətin milli maraqları naminə uzun illər yorulmadan fədakarlıqla çalışmasının, cəsarət, qətiyyət və qəhrəmanlığının nəticəsidir. Cənab Prezidentin söylədiyi hər fikrin altına Azərbaycan xalqı bütövlükdə öz imzasını atır. Bu gün hər kəs təsdiq edir ki, xalq-lider birliyi Azərbaycanı dünyanın seçilən, sayılan bir dövlətinə, xalqımızı ilin qalib xalqına, Ordumuzu isə yenilməz güclü ordular sırasına yazdı. Eyni zamanda bu qələbəmiz uzun illər dünya siyasətçilərinin, hərb və ictimai elmlər üzrə alimlərin tədqiqat obyekti olacaq. Cənubi Qafqazda baş verən inanılmaz hadisələrin, eləcə də hərbi-siyasi, diplomatik və informasiya sahəsində uğur qazanmağın Azərbaycan örnəyinin öyrənilməsinə təkan verəcək. Ona görə də, ötən il Azərbaycan xalqı və dövləti üçün həddən artıq uğurlu olub".
Bahar Muradova qeyd edib ki, xalqımız həm də kədər içərisindədir:
"Virusla, erməni faşizmi ilə mübarizədə çoxsaylı itkilərimiz oldu. Hələ də döyüşü bitmiş, ancaq özü can alan müharibəni müşahidə etməkdəyik. Ermənilərin basdırmış olduğu minalara mülki vətəndaşlarımız, hərbçilərimiz tuş gəlir. Eyni zamanda düşmən təxribatlara cəhd edir. Bu onu göstərir ki, onlar üzləşdiyi vəziyyətlə barışmaq niyyətində deyillər. Hələ də revanşa can atan erməni terrorçuları var. Bundan Azərbaycan vətəndaşları zərər çəkirsə, həyatını itirirsə, cənab Prezident İlham Əliyevin söylədiyi kimi: Erməni “siyasi” rəhbərləri anlamalıdır ki, bu sahədə törədilən təxribatlar onlar tərəfindən özünəqəsd olacaq”.
B.Muradovaya görə, Ermənistan ətraf ölkələrlə qarşılıqlı, faydalı əlaqələr qurmağa çalışmasa, Azərbaycanın başlatdığı Zəfər yürüşü son nöqtəyə qədər gedəcək:
“Bu zaman isə Ermənistan indikindən daha ağır vəziyyətə düşəcək. Xalq və Ordunun birliyi, cənab Prezidentin, Ali Baş Komandanın qəhrəmanlığı, cəsarətli və qətiyyətli liderliyi ilə bu işin də öhdəsindən də gələcəyimizə inanırıq. Dünya ictimaiyyəti də düşünürəm ki, bunu olduğu kimi qəbul edir”.