“Qarabağda Azərbaycan əleyhinə fəaliyyət göstərən, hazırda orada qalmaqda davam edən əsas şəxslərin taleyi beynəlxalq hüquqa uyğun şəkildə həll edilməlidir. İndiki vəziyyətdə görünən budur ki, Rusiya onları himayə edir. Amma sonda bu məsələlər qarşılıqlı anlaşma və razılaşma ilə həll ediləcək. Yəni bu, müharibə deyil, diplomatik mübarizədir və müharibədən daha çətindir. Bunu da xalqımız bilməlidir. Qarabağda müharibəni udmaqla yanaşı həm də onu dünyada legitimləşdirilməli, qəbul etdirməlidir. Gördüyünüz kimi bəzi ölkələrin müxtəlif dövlət qurumları hətta beynəlxalq hüququ gözardı edərək Azərbaycanın əleyhinə qanunlar qəbul edirlər. Bu işlər asan məsələ deyil”.
Bu fikirləri politoloq Toğrul İsmayıl Teleqraf.com-un “Xankəndidə qalmaqda davam edən Araik Arutyunyan, Vitali Balasanyan və digər separatçıların sonunu necə görürsünüz” sualına cavab verərkən deyib.
O əlavə edib ki, bu gerçəklikləri Azərbaycan dövləti ilə yanaşı Rusiya və Türkiyə də gözəl bilir: “Əlbəttə, Azərbaycan ictimaiyyəti separatçıların həbs edilməsi və ya fəaliyyətsiz qalmasını tələb etməlidir. Buna normal yanaşmaq lazımdır. İctimaiyyətin tələbi də dövlət tərəfindən nəzərə alınmalıdır. Bunlar başqa məsələdir. Amma bu işlərin idarəetmə mexanizmlərinin olduqca həssas olduğunu da unutmamaq vacibdir”.
Mütəxəssis qeyd edib ki, Azərbaycan ilk dəfə belə bir müharibə aparıb: “Mən əvvəlki dövrü saymıram. İlk dəfə Azərbaycan öz ərazilərində təmizləmə əməliyyatı apardı, amma bu, müharibə kateqoriyasına girəcək əməliyyatlar idi. Müharibədən sonra prosesin nizamlanması lazımdır. Bizim insanlarımız daha çox II Dünya Müharibəsi haqda məlumatlı olduğundan oradan misal gətirmək olar.
II Dünya Müharibəsinin ilk günündən beynəlxalq görüşlər keçirildi, sonrakı durumun necə olacağına dair müzakirələr aparıldı və bəzən qərarlar da verildi. Amma buna rəğmən sonrakı proseslər zamanı bu qərarların bir hissəsi yerinə yetirilmədi və dəyişdirildi. O müharibə uzun müddət davam etdiyi üçün proses də uzun oldu. Amma bizim apardığımız müharibə sürətli idi, müharibə dövründə 3 atəşkəs cəhdini gördük və dördüncüsündə düşmən tərəf təslim oldu. Başqa sözlə, erməni tərəfi bu əraziləri 6 il ərzində işğal etdisə də, Azərbaycan 44 günə onları təmizlədi. O qədər sürətli oldu ki, onun alt mexanizmi beynəlxalq hüquqa və norma ilə tənzimlənmədi. Bu səbəbdən də suallar çoxdur. Fikrimcə, proses davam edəcək. Əlbəttə, bu proses çərçivəsində problemlər yavaş-yavaş həll ediləcək”.
Politoloq qeyd edib ki, indiki halda Azərbaycanın işğaldan azad olunan ərazilərində məskunlaşma və bərpa işlərinin aparılması vacib olsa da, bu, zaman aparacaq: “Bizim insanımız nə düşünür? Ərazilər işğaldan azad edildi, mən dərhal ata yurduma köçürəm və yaşayıram. Belə asan deyil. Ora köçüb yaşamaq belə bir neçə il zaman alacaq. Ərazilərin minalardan təmizlənməsi lazımdır. İkincisi, bunlar təmizləndikdən sonra həmin ərazilərin təhlükəsizliyinin təmin edilməsi lazım gələcək. Yəni hər hansı bir erməni qrupu ayağa qalxıb kəndə girib qətliam edəcəksə, bu necə olacaq. Sözsüz ki, Azərbaycan hər kəndə, nöqtəyə ordu yerləşdirə də bilməz. Başqa sözlə, bu təminatlar olmalıdır.
Nəhayət orada insanların yaşaması üçün şəraitin qurulması, infrastrukturun bərpası lazımdır. Bura tətil kəndləri deyil ki, Bakıda oturub kənddə bir ev tikəsiniz və hər yay ora gedib iki ay istirahət edəsiniz. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etdik. Amma bu ərazilərin yaşayacaq duruma gətirmək lazımdır. İnsanların sərbəst yaşaması üçün şərait qurulmalıdır”.
Mütəxəssis xatırladıb ki, yuxarı-aşağı ermənilər Qarabağı 30 il nəzarətlərində saxladı: “Bəs niyə inkişaf etdirə bilmədi? Çünki bu əraziləri öz vətəndaşlarının normal yaşayacağı hala gətirə bilməyəcəklərini görürdülər. Sovet dövründə digər məsələlər öz yerində, bəs nədən Dağlıq Qarabağı qoparıb Ermənistana vermədilər? Çünki iqtisadi, sosial, kultural-mədəni olaraq bu ərazilər Azərbaycansız yaşaya bilməzdi, bu, mümkün də deyildi. Oranın yol təminatı, su təminatı, hər şey bizdən asılıdır. Əslində indiki günümüzdə bu, daha çox qabarıq formada önə çıxır. Ən önəmlisi hava sahəsidir. Nəzəri baxımdan siz torpaq üstündə mübahisə edə bilərsiniz, amma hava sahəsi Azərbaycana məxsusdur. Azərbaycan icazə verməsə bu ərazilərdə təyyarə enə bilməz. Əvvəl biz əraziyə nəzarət edə bilmirdik, indi böyük əraziləri Azərbaycan Ordusu nəzarətə götürüb. Hətta ermənilərin yaşadığı ərazilərin ətrafı da nəzarətimizdədir. Hansı yerdən təyyarə gəlib orada eniş edə bilər? Sərhədə daxil olmadan belə onu vurub sala bilərsən”.
Sonda mütəxəssis qeyd edib ki, yuxarıda qeyd etdiyi məsələlər dərhal həll olunacaq məsələlərə daxil deyil: “Tədricən Azərbaycan bunları həyata keçirəcək. Ondan sonra ən ağırlı proses bu ərazilərin inkişafıdır. Mənim də xəyalım var ki, Şuşada ortaq Türkiyə-Azərbaycan universiteti qurulsun, böyük məmnuniyyətlə orada işləyərəm”.