Noyabrın 10-da imzalanan bəyanatda bir çox məsələlər açıq saxlanılmışdı. İndi bir sıra məsələləri müzakirə etmək lazımdır. Sənəddə ikibaşlı məsələ var. Birinci bənddə qeyd edilir ki, bütün qüvvələr atəşkəs elan olunduğu andan öz yerlərində durur. Üstəlik Ağdam, Kəlbəcər və Laçın boşaldılır. Ermənilər deyirlər ki, qoşunların çıxarılması bu yerlərə aid idi. Qalan yerlərdən qoşunlarını çıxarmaq istəmirlər. Halbuki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin bir nəfəri belə qalmamalıdır. Bu və ayrı məsələlər var ki, onların müzakirəsinə ehtiyac yaranır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin gözlənilən görüşünü şərh edərkən deyib.
Xatırladaq ki, Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada görüşəcəyi haqda məlumat yayıb.
Rasim Musabəyov hesab edir ki, belə bir görüş olduğu halda bir sıra məsələlərin müzakirə edilməsi gözləniləndir:
“Məlumdur ki, biz Ermənistana müharibə elan etməmişdik, ancaq müharibə aparırdıq. Dövlətlərarası münasibətlər müəyyən mənada nizamlanmalı, müharibə şəraitinə son qoyulmalıdır. Bir tərəfdən deyilir ki, yollar, bütövlükdə kommunikasiyalar açılmalıdır. Amma digər tərəfdən nə diplomatik əlaqələr var, nə də bir-birimizi dövlət kimi tanımırıq. Fərz edirəm ki, belə görüş olacağı təqdirdə bütün məsələlər həll edilməsə belə, hər halda səylər həyata keçirilə bilər. Yəni mən gözləmirəm ki, görüş zamanı hansısa sənəd imzalansın.
Xüsusulə, Mehri dəhlizi məsələsi var və orada yolun çəkilməsi də razılaşma tələb edir. Nəzarət ruslarda olacaq, amma ərazi Ermənistan ərazisidir. Odur ki, bu məqamlar var. Sözsüz ki, Ermənistanın Mehridə dəmir yolunu bərpa etmək gücü yoxdur. Amma Ermənistan dəmiryolları Rusiya dəmiryolları tərəfindən idarə olunur. Onlar da maraqlıdırlar ki, bu dəhliz açılsın. Çünki dəhlizin açılması ilə onlar İran və Türkiyə istiqamətində kommunikasiya əldə edəcək. Yəni burada Rusiyanın da marağı və məsuliyyəti var. Əlbəttə, mən deyə bilmərəm ki, belə bir görüş yanvarın 11-də olacaq, ancaq buna zərurət var”.
Musabəyov qeyd edib ki, hətta Rusiya faktorunu nəzərə alınsa da Azərbaycan belə bir görüşdə üstün mövqedə olacaq: “Söhbət təkcə ondan getmir ki, biz müharibədən qalib çıxmışıq. Ermənistanın Mehri istiqamətindəki dəhliz təxminən 50 kilometrdir. Amma İrana açılacaq əsas yol Azərbaycanın yoludur və burada Rusiyanın marağı var. Həm də ruslar sülhməramlı kimi Qarabağda yerləşir, lakin onun bütün komunikasiyası Azərbaycandan keçir. Üstəlik Rusiya-Azərbaycan əməkdaşlığının çəkisi Rusiya-Ermənistan əməkdaşlığının çəkisindən müqayisə olunmayacaq dərəcədə ağırdır”.