“Füzulidə bəynəlxalq hava limanının inşası strateji əhəmiyyət kəsb edir. Hesab etmək olar ki, bu, Xocalıdakı aeroportun bağlanılması deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Xocalı aeroportu kiçiktutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:
“Hazırda limanın yerləşdiyi ərazilərdə bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil. Hətta Paşinyan istəsə belə, bundan sonra helikopterlə Xocalı aeroportuna gələ bilməz. İstənilən icəzəsiz uçuş legitim hərbi hədəf olacaq, Azərbaycan tərəfi dəfələlərlə bu barədə xəbərdarlıq edib. Bununla belə, Rusiya tərəfi sülhməramlı qüvvələrə logistik dəstək üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Azərbaycan isə haqlı olaraq, buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edən bir məsələdir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadlar ortaya çıxa bilər.
Rusiya faktiki olaraq beş il ərzində Qarabağda olacaq. Ona görə də Füzuli aeroportu açılandan sonra Rusiya təyyarələri bura Azərbaycanın nəzarəti altında eniş edəcək. Nəzərə alsaq ki, Türkiyə hərbçiləri də Qarabağdadır, Füzulidə inşa olunacaq hava limanının əhəmiyyəti bir qədər də artır. Yəni Füzulidəki hava limanının inşası həm Türkiyə, həm də Azərbaycanın maraqlarına cavab verəcək. Bununla Rusiyanın Xocalıdakı aeroportdan təktərəfli formada istifadə niyyətinin qarşısı alınacaq”.
Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və adi bir helikopter uçuşuna icazə verməyəcək: “Bu baxımdan, Xocalı aeroportunun beynəlxalq aviasiya sistemindən çıxarılacağı da mümkündür. Çünki Füzuli hava limanı bölgənin ən böyük beynəlxalq statuslu limanı olacaq”.