2020-ci il bütün dünyada ağır sınaq ili kimi yadda qaldı. Pandemiyanın gətirdiyi çətinliklər və yaratdığı fəsadlar özünü göstərir. Azərbaycan üçün isə ötən il müasir tariximizin ən şərəfli səhifəsi oldu. 30 ilə yaxın davam edən Qarabağ həsrəti Ali Baş Komandanın və müzəffər Ordumuzun sayəsində bitdi. Ona görə də 44 günlük Vətən müharibəsinin böyük tarixi əhəmiyyəti var. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Cənubi Qafqazda erməni faşizmi məhv edilib. Cənab Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədini yerinə yetirib.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Komitə sədri ötən illər ərzində ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində qələbəyə nail olunduğunu bildirib:
“Bununla bağlı 2020 ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə cənab Prezident Azərbaycan ədalətli müharibə apardığını bir daha vurğuladı. Ermənistandan fərqli olaraq hətta hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparılıb. Dinc əhali hədəfə götürülməyib. Həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə biz öz humanist siyasətimizi nümayiş etdirmişik".
Hicran Hüseynova bu il işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə xüsusi diqqət ayrılacağına diqqət çəkib:
“Qarşıda duran əsas vəzifə qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməməkdir. Hökumət müharibə zamanı zərər çəkmiş ailələrə müvafiq yardımlar göstərib. Cənab Prezident Gəncədə Ermənistan ordusunun raketlərlə dağıtdığı evlərin başqa yerlərdə bərpa olunması, həmi ərazilərin isə xatirə komplekslərinə çevrilməsi məsələni önə çəkib. Bu, çox mühüm və prinsipial məsələdir. Tarixi fakt gənc nəslin vətənpərvərlik ruhuna və dünya ictimaiyyətinin erməni faşizmi haqqında müfəssəl məlumatlı olmasına imkan yaradacaq. Bu, həm də tarixi qan yaddaşıdır. Cənab Prezident Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərinin, fransız deputatların, erməni XİN rəhbərinin Qarabağa qanunsuz gəlişinin yolverilməz olduğunu qeyd etdi. Bu məsələ haqlı olaraq cəmiyyətimizi narahat edir. Cənab Prezidentin “Əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycanın sərt cavab verəcək” fikri ətəndaşlarımızın narahatlığına son qoyacaqdır. Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılıq verir.. Lakin bundan sui-istifadə yolverilməzdir və qarşısı alınacaqdır. Ermənilər Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək terror törətməyə cəhd göstəriblər. Onlar terrorçu və diversantlardır. Lakin Azərbaycan tərəfi yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü. Həmin terrorçular öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunacaq. Lakin bununla yanaşı, ölkə başçısı növbəti dəfə Ermənistanı xəbərdar etdi: Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı addımlar atmamalıdır. Əks təqdirdə bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək”.
Professsor bu gün ölkəmizdə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşdığını qeyd edib:
“Anti-milli şura xain və satqın simasını yenə də nümayiş etdirir. Düşmənin və onun havadarlarının dəyirmanına su tökür. Xalqımızın qələbəsini, gücünü gözdən salmağa çalışır. Ancaq öz istəklərinə nail olmayacaqlar, çünki heç kim onlara inanmır”.
Millət vəkili Azərbaycanın pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdən olduğunu əlavə edib:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün uğurlu tədbirlər həyata keçirilib. Bu layihələrin də əsasında insan, onun rihafı, sosial cəhətdən müdafiəsi dayanır. Artıq peyvəndlə bağlı məsələlər də öz həllini tapıb. Aparılan qətiyyətli tədbirlərin nəticəsidir ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə iqtisadi azalma olsa da, bu, digər ölkələrlə müqayisədə çox az olacaqdır. Pandemiyanın yaratdığı qlobal böhran bütün dünya ölkələrində iqtisadi artımın geriləmə ilə əvəz olunmasına gətirib çıxaracaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, pandemiya nəticəsində qlobal iqtisadiyyat ümumilikdə 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacaq. Fond ilin sonuna Azərbaycan iqtisadiyyatının cəmi 2,2 faiz kiçiləcəyini gözləyir. Bu isə o deməkdir ki, ölkəmiz Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında pandemiyadan ən az zərər çəkənlər arasında ilk üçlükdədir. Digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əməkhaqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü aydın göstərir. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları təsdiq edir. Beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirir.
Eyni zamanda, 2021-ci il ölkəmizdə geniş bərpa - quruculuq layihələri həyata keçiriləcək, yeni siyasi formatlar yaranacaq, iqtisadi layihələr reallaşacaq. Bütün bunlar isə Azərbyacanı daha da gücləndirəcək, vətəndaşımızın rifahı artacaq. Hər birimiz çalışmalıyıq ki, bu işdə öz töhfəmizi verək”.