11 Yanvar 2021 22:43
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə cavab verdiyini vurğulayan dövlət başçısı deyib: “Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib.

“Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər