12 Yanvar 2021 14:46
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr bəyanatından 2 ay sonra Moskva görüşü baş tutdu. Burada məsələnin görünən və görünməyən tərəfləri var. Prosesin görünməyən tərəfinə nəzər salmaq daha vacibdir. İki ay arxada qaldı. Bu iki ayla bağlı təsəvvürlər formalaşıb. Azərbaycanı narahat edən məqamlar mövcud idi. Erməni silahlıları ərazilərdən tam çıxarılmamışdı. 10 noyabr bəyanatının 4-cü bəndinə görə, rus sülhməramlılarının əraziyə daxil olması ilə paralel erməni silahlıları ərazini tərk etməli idi. Bəyanatda bu öz əksini tapıb. Amma bəyanatın imzalanmasından sonra ermənilərin təxribatı davam edib. Sözsüz Azərbaycan tərəfi bunun qarşısını alıb. Əslində ermənilərin təxribatları xeyrimizə olan reallıqlar formalaşdırıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, siyası şərhçi Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, ermənilər vəziyyəti yoxlamaq üçün belə addım atmış ola bilərdilər: “Düşünürdülər ki, vəziyyət dəyişib, rus sülhməramlıları ərazidədir. Onları yoxlamaq istəyirlər. Belə təxribatlar olarsa, rus sülhməramlıları özlərini necə aparacaq, Azərbaycanın qarşısında erməni təxribatçılarını qoruyacaqmı? Azərbaycan öz ərazilərində rahat və müstəqil şəkildə antiterror əməliyyatları həyata keçirdi. Ermənilərə növbəti dəfə mesaj verdi. Öz ərazisində söz sahibi yalnız Azərbaycan dövlətidir. Bu, çox vacib bir məqamdır”.

Deputat qeyd edib ki, bununla ermənilər böyük xəyal qırıqlığına uğradılar və sakitcə SSRİ dövründə olan sərhədlərə qayıdılmasına razı oldular: “Proses davam edir. Narazı olsalar da, başqa çıxış yolu görməyərək, Azərbaycanın iradəsinə tabe oldular. SSRİ zamanındakı dövlət sərhədlərimiz bərpa edilir. Bu, hərbi qələbənin siyasi nəticəsidir. Azərbaycanı narahat edən məqamları isə cənab Prezident müşavirədə səsləndirib. Görüş öncəsi narahatlıqların mesaj formasında səsləndirilməsi təsadüfi hesab oluna bilməz.

Azərbaycanı narahat edən konkret məqamlar nümayiş olundu. Rusiya Prezidenti Vladimir Putinin rus sülhməramlılarının statusunun müəyyənləşdirilməsinin vacibliyini dilə gətirməsi də təsadüf deyil. Bu, cənab Prezidentin göndərdiyi mesajın nəticəsi idi. Yəni ölkə başçısı qeyd etdi ki, bəyanatda ifadəsini tapmayan fəaliyyət növlərini müşahidə edirik. Sülhməramlılar tərəfindən belə bir fəaliyyət həyata keçirilir. Rus tərəfi bu məsələyə həssas yanaşdığını nümayiş etdirmək istəyir, Rusiya Azərbaycanla əlaqələrə önəm verir. Azərbaycanın haqlı mövqelərini tanıyır. Bu, ilk baxışdan görünməyən, amma haqqında danışmaq üçün kifayət qədər əsasın olduğu vacib strateji məqamdır”.

Siyasi şərhçinin fikrincə, Moskva görüşündə imzalanan üçtərəfli birgə bəyanat nəqliyyat kommunikasiya xəttlərinin inkişaf etdirilməsini təşkil edir: “3 tərəfli işçi qrupu konkret zaman çərçivəsində bu prosesləri həyata keçirəcək. Amma məsələ tək bundan ibarət deyil. Burada Azərbaycan növbəti dəfə özünün qalib statusunu təqdim etdi. Ermənistanın baş nazirinin fikirləri yalnız erməni ictimaiyyətinə hesablanmışdı. Ona görə ki, Paşinyanı İrəvandan Moskvaya buraxmırdılar. O, analoqsuz formada hava limanına gəlib Moskvaya uçdu. Xəbərdarlıq etmişdilər ki, ermənilərin ziddinə sənəd imzalayacaqsa, Ermənistana dönməsin. Paşinyan belə bir formada hədələnmişdi.

Moskvadakı ermənilər də ona, “sən bizim lider deyilsən, bizi təmsil edə bilməzsən deyirdilər”. Ona görə də, Paşinyan özünün Ermənistana qayıdışını da təmin etməli idi. Bu baxımdan onun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Sadəcə olaraq konkret məqamlara əsaslanmış fikirlərdir”.

Elşad Mirbəşiroğlu bildirib ki, Prezident Moskva görüşündə münaqişənin artıq bitdiyi, Azərbaycanın regionda kommunikasiyanın bərpası, inkişafına dəstək olduğu mesajını verib: “Bu, Azərbaycanın, Rusiyanın və Ermənistanın maraqlarına cavab verir. Moskva bəyanatı 10 noyabrda imzalanmış birgə bəyanatın şərtlərinə dəqiq əməl olunmasına xidmət edir. Bu, Azərbaycanın prioritetidir. Regionda əsas kommunikasiya xəttinin yaradılmasının təşəbbüsünü Azərbaycan irəli sürüb və qəbul etdirib. Bu, Naxçıvanla Azərbaycan arasında quru əlaqəsinin yaradılmasıdır”.

Millət vəkilinə görə, Moskvada imzalanmış sənəd Azərbaycanın maraqlarına cavab verir:

“Azərbaycanın irəli sürdüyü şərtlər üzrə prinsipləri təmin edir. Regionda inkişafın, nəqliyyat, kommunikasiyasının perspektivi birbaşa Azərbaycanın təşəbbüsü ilə reallaşır. Artıq əsas strateji kommunikasiya xəttlərinin reallaşması istiqamətində Azərbaycan tərəfi addımlar atıb. Füzuli-Şuşa yolunun çəkilişinə start verilib. Füzulidə beynəlxalq aeroportun tikilməsi haqqında qərar var. Bunun ardınca Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin yaradılması ona dəlalət edir ki, Azərbaycan regionda çox mühüm nəqliyyat infrastrukturu yaradır. Bütün bunlar bütövlükdə region ölkələrinin geosiyasi, iqtisadi maraqlarına cavab verir. Moskva görüşü Azərbaycanın qalib statusunu bir daha nümayiş etdirdi. Regiondakı proseslər Azərbaycanın maraqlarına uyğun davam edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər