Moskva görüşü və imzalanan bəyanat 10 noyabr sazişindən sonrakı yaranan situasiyanın məntiqi davamı idi. Artıq Azərbaycanın ərazi bütövlüyü məsələsi həll edildi. Dağlıq Qarabağın status məsələsi gündəlikdən çıxdı. Yeni bir reallıq yarandı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanla sərhəddi tamamilə nəzarətə alması, artıq yeni addımların atılmasını vacib edirdi:
“Ona görə də Moskva görüşünün ən əsas mahiyyəti bundan ibarət idi. Digər tərəfdən bu, Azərbaycan və Ermənistan rəhbərləri arasında olan adi bir görüş deyildi. Bu, regiondakı yeni reallıqdan irəli gələrək, bölgənin iştirakçısı olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bundan sonrakı fəliyyətləri ilə bağlı görüşü idi. Bu görüşdə söhbət 3 dövlətin arasında əlaqələrin yeni bir mərhələyə çıxmasından ibarət olub. Azərbaycan- Ermənistan iqtisadi əlaqələrindən danışmaq hələ çox tezdir. Münasibətlər hələ tam qonşuluq səviyyəsinə çatmayıb. Amma bununla belə bu gün regionda kommunikasiyaların yaradılması çox vacib şərtdir. Bu hər 3 dövlətin, eyni zamanda regionda marağı olan ölkələrin mənafeyinə xidmət edir”.
Millət vəkili Moskva görüşündə Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsinin yaradılmasını vacib məsələlərdən biri kimi qəbul edildiyini bildirib:
“Bu imkan verəcək ki, Azərbaycan Rusiya və digər dövlətlərin yüklərinin Naxçıvana, oradan isə Türkiyəyə çatdırılması mümkün olsun. Bu yol yüklərin daşınmasını asanlaşdıracaq. Həm də böyük bir qənaətə səbəb olacaq. Paralel olaraq Ermənistandan Rusiyaya gedən yüklərin Azərbaycandan keçməsi məsələsi müzakirə olunub. Naxçıvan yolu açıldıqdan sonra Azərbaycan Rusiyadan Ermənistana gedən yüklərin qarşılıqlı daşınmasında heç bir problem olmayacaq. Eyni zamanda buradan Ermənistan da qazanmış olacaq. Ermənistan ərazisindən keçən yüklər bu ökənin iqtisadiyyatına bir növ dəstəkdir. Nəzər alsaq ki, Ermənistanın dənizə çıxışı yoxdur. Yaxın müttəfiqi olan Rusiya ilə əlaqələri çox məhdud - Gürcüstan üzərindəndir. Azərbaycan üzərindən yeni bir kommunikasiyanın açılması Ermənistan üçün həyati, vacib bir məsələdir. Əlaqələr bu gün artıq iqtisadi sahəyə keçib. Bu sahədə əməkdaşlıq digər məsələlərin həllinə çox ciddi təsir edəcək”.
Aydın Mirzəzadə üçtərəfli formatda baş nazir müavinləri səviyyəsində komissiyanın yaradılması, bu ayın axırına qədər ilk iclasın keçirilməsi və bundan sonrakı məsələlərə də toxunub:
"Martın 1-nə qədər kommunikasiyaların açılması və əməkdaşlıqla bağlı təkliflərin hər 3 ölkəyə təqdim edilməsi Cənubi Qafqazda artıq yeni bir iqtisadi konfuqurasiyanın yaranmasına səbəb olacaq. Əməkdaşlıq üçün kifayət qədər sahələr var. Birgə fəaliyyət üçün xeyli imkanlar mövcuddur. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bu istiqamətdə böyük işlər görmək olar. Heç də təsadüfi deyil ki, bu situasiya artıq yeni bir dövrün başlanmasından xəbər verir. Şərhçilər 11 yanvar bəyannaməsində Dağlıq Qarabağla bağlı məsələləri axtarmağa cəhd edir. Orada bu barədə söhbət aparılmayıb. Söhbət ancaq kommunikasiyaların açılmasından ibarət olub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki məsələlər ölkəmizin daxili işidir. Cənab Prezidentin Nazirlər Kabinetinin son müşavirəsində bildirdiyi kimi: Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına imkan verilməyəcək”.