14 Yanvar 2021 17:08
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan regionda gündəliyi müəyyən edən ölkəyə çevrilib. Ermənistan və onun baş naziri yeni reallıqda öz mövcudluğunu, müstəqil ölkə kimi varlığını təqdim etməyə çalışsa da, bu mümkün deyil. Yeni reallıq ona dəlalət edir ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır. Bu, Ermənistanda daxili auditoriyada nə qədər tez dərk olunsa, onlar üçün daha yaxşı olacaq. Çünki xarici diskusiyalarda bu reallıq dəyişib. Məhz bundan sonra Ermənistanın hansısa bir formada gələcəyi ola bilər.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Deputat bildirib ki, Ermənistan əhalisinin məğlubiyyətdən və yeni reallıqdan sonra ölkədən köçüb getməyəcəyinə heç kim zəmanət verə bilməz:

“Çünki Ermənistanda iqtisadi vəziyyət olduqca ağırdır. Gələcəklə bağlı böyük ümidsizlik var. Mövcud qüvvələr isə revanşdan, yeni müharibədən danışır. Erməni əhalisi üçün bunun nə qədər lazımlı olduğunu düşünmək belə yersizdir. Artıq Ermənistanda etirazlar var ki, əsgərləri Azərbaycana, Qarabağa göndərməsinlər. Ona görə də, zaman etibarı ilə ermənilərin içərisində bu hissiyat formalaşacaq. Bu regionda yaşayıb, qonşu dövlətlərlə əməkdaşlıq etmək niyyətində olmayan ölkənin heç bir gələcəyi ola bilməz. Paşinyanın Moskva görüşü zamanı da söylədikləri daxili mətbuata və daxili auditoriyaya yönələn ifadələr idi. Ermənistanda hazırda vəziyyət düşündüyümüzdəın də ağırdır. Ümumiyyətlə, ölkənin bundan sonrakı taleyi suallar yaradır”.

Səməd Seyidov yeni reallıqda Azərbaycan xalqının, dövlətinin tək olmadığını qeyd edib:

“Ölkəmizin nəinki geniş iqtisadi əlaqələri, o cümlədən siyasi dəstəyi bu hadisələrdən sonra tamamilə başqa müstəvidədir. Cənab Prezidentin həyata keçirdiyi siyasətin nəticəsində bunun əyani şəkildə şahidiyik. Ötən gün Türkiyə, Pakistan, Azərbaycan xarici işlər nazirlərinin görüşü ölkəmizin bu formatda mövcudluğunu olduqca əhəmiyyətli edib. Eyni zamanda Azərbaycan Türkiyə, Rusiya və İranla da münasibətləri reallığı tamamilə fərqli bir inkişafa doğru aparır. Bu gün Ermənistan öz müstəqilliyni, əlaqələrini tamamilə itirib. Real vəziyyətdə heç bir ölkəyə lazım olmayan bir əraziyə çevrilib. Hətta onları dəstəkləyən Fransa belə bunu ermənilər üçün deyil, öz məqsədləri, prestijləri üçün edir”.

Millət vəkili əlavə edib ki, Moskva görüşləri yeni bir səhifə açıb:

“Bu yeni səhifə getdikcə inkişaf edəcək. Bu inkişaf Ermənistanın yeni reallıqda heç bir önəmə malik olmamasını isbat edir. Ermənistan hansısa bir formada mövqe saxlamaq istəyirsə, Azərbaycanın təklif etdiyi, gündəmə gətirdiyi layihələrə qoşulmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər