14 Yanvar 2021 18:16
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı ölkədə ağır məğlubiyyətin yaratmış olduğu gərginlik davam edir. Erməni cəmiyyəti çaşqınlıq və təlatüm içindədir. 44 günlük müharibə “sarsılmaz erməni xəyalları"nı puç etdi. İşğalçı dövlət 44 günlük müharibənin davamında ağır kaputilyasiya etməyə məcbur edildi. Güclü Azərbaycan qarşısında başqa seçimləri qalmadı.

Bunu Teleqarf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, 10 illərdir formalaşdırılmış erməni düşüncələrinin 44 günlük mübarizədə yalan olduğu ortaya çıxdı:

"Ağır məğlubiyyətin yaratmış olduğu siyasi, mənəvi, psixoloji gərginlik Ermənistanda daxili parçalanmaya yol açıb. Hazırda təcüvüzkar dövlətdə Paşinyan hakimiyyətinə qarşı etirazlar, siyasi, ideoloji mübarizə gedir. Vaxtilə Ermənistanda hakimiyyətdə olmuş bəzi şəxslər açıq şəkildə Paşinyanı ittiham edirlər. Bu günlərdə Ermənistanın müxalifət lideri Vazgen Manukyan müsahibəsində Paşinyanın “narıncı inqilab” nəticəsində hakimiyyətə gəldiyini, ötən müddətdə işinin cəmiyyətdə bölücülük yaratmaq olduğunu deyib. Müxalifət lideri Paşinyana ümid bəsləyənlərin xəyallarının puç olduğunu, müharibənin gedişində cəbhədə baş verənləri yetərincə dərk etmək qabiliyyətində olmadığını bildirib. V. Manukyan "I Qarabağ müharibəsində Azərbaycanda Əbülfəz Elçibəy kimi bir şəxsin hakimiyyətdə olması Ermənistanın qələbəsini təmin edib", - deməklə Paşinyanı “Ermənistanın Elçibəyi” adlandırıb”.

Ceyhun Məmmədov qeyd edib ki, erməni müxalifəti Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini etiraf edir:

“Müxalifət təmsilçisi V. Manukyan da bildirir ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı. Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi. Hazırda Ermənistanda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır. Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir. Əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi? Ortada bu qədər itkilər oldu. Hazırda erməni cəmiyyətində ictimai-siyasi müzakirələrdə bu mövzu aktualdır. Amma reallıq dəyişib. Düşmən məğlub edilib. Azərbaycan öz haqlı mövqeyini bərpa edib. Bundan sonra regionda söz sahibi Azərbaycandır. Moskva görüşündə əldə edilən razılaşmada da görünən mənzərə odur ki, regionun yeni arxitekturası müəyyənləşir. Azərbaycan bu reallıqda aparıcı və təşəbbüskardır. Ermənistanın isə yeni reallıqda mövcud şərtlərə əməl etməkdən başqa seçim imkanı yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı