11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün nəticəsi ölkəmizin maraqlarına uyğundur. Bu görüş 10 noyabrda imzalanmış bəyanatın davamı kimi dəyərləndirilməlidir. Bəyanatın 9 maddəsindən 7-si demək olar ki, tam icra edilib. Doğrudur, müəyyən məsələlərin həlli ilə bağlı problemlər var. Eyni zamanda cənab Prezident də bəyanatdan kənar hərəkətlərin müşahidə olunduğunu vurğuladı. Amma ümumilikdə proses dövlətimizin tam nəzarəti altındadır. Cənab Prezident buna dövlətin maraqları çərçivəsində Moskva görüşündə eyham vurdu.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Deputatın fikrincə, diplomtik dildə bu o demək idi ki, qış fəsli bitdikdən sonra bəzi hərəkətlərə imkan verilməyəcək:
“Çünki indiki halda hümanizmi əsas gətirərək, bir sıra hərəkətlərə etiraz edilmir. Zaman etibarı ilə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz torpaqlarına geri dönəcək. Həmin ərazilərdə mümkün yaşayış şəraiti təmin edilməlidir. Obyektiv məqamlara görə, proses ləngiyir. Qalan müddəalar üzrə proseslər icra edilir.
10 noyabr bəyanatının ən uğurlu nəticələrindən biri Naxçıvanla Azərbaycan arasında Mehridən keçməklə dəmir və avtomobil yolu ilə bağlı razılığın əldə olunmasıdır. Bu, ölkə Prezidentinin diplomatik məharəti sayəsində mümkün olub. Yanvarın 11-də 9-cu bənd üzrə Naxçıvandan Mehri dəhlizi üzərindən yolun açılması ilə bağlı razılıq bəyanatı imzalandı. Artıq 3 dövlətin baş nazirlərinin müavinləri səviyyəsində işçı qrupları yaradılıb. Bu işçi qrupu özünün alt komitələrini formalaşdırıb. Prosesə artıq start verilib. Mehri dəhlizi əslində Azərbaycanın Türkiyə ilə quru yolla iqtisadi-ticari əlaqələrdə alternativi olmayan bir dəhlizdir. Vaxtilə Azərbaycan ərazisindən Mehri dəhlizi vasitəsi ilə dəmir yolu keçib. Ermənistanın işğalçılıq siyasətindən sonra Horadizdə dayanıb. İndi bu yol bərpa olunur".
Fəzail Ağamalı qeyd edib ki, bu dünya səviyyəli bir layihədir:
"Asiyanı Avropa ilə birləşdirən uğurlu iqtisadi bir yoldur. Bu, Azərbaycana çox ciddi üstünlüklər verir. Türkiyə Azərbaycan vasitəsi ilə Orta Asiyada olan digər türk dövlətlərinə qısa yolla çıxış qazanır. Dəhliz Türk dünyasının birləşməsində möhtəşəm rol oynayır. Rusiya bu yolla birbaşa əlaqə qurur. Ermənistanla iqtisadi əlaqələrini asanlaşdırır".
Millət vəkili Ermənistanın da bu dəhlizdən yaxşı imkanlar qazanacağını bildirib:
“İlk növbədə Ermənistan Azərbaycan tərəfindən blokadadan çıxarılmış olur. Beləliklə, Ermənistan ən əlverişli yolla Rusiya və İranla iqtisadi əlaqələr yaradır. Ermənistan bununla iqtisadi fəlakətdən xilas ola bilər. Paralel olaraq bütün regionda sülhün davamlı olmasına zəmin yaranır. Region dövlətlərinin hər biri bu dəhlizin fəaliyyətində maraqlıdır. Ermənistan problem yaradacaqsa, Azərbaycan-Türkiyədən başqa Rusiya və İranı da qarşısında görəcək. 10 noyabr bəyanatının 9-cu bəndinin həyata keçirilməsi cənab Prezidentin regiona ən mühüm xidmətlərindən biridir”.