15 Yanvar 2021 22:13
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri artıq mütəmadi xarakter almağa başlayıb. Dövlət başçımızın bu istiqamətdə həyata keçirdiyi növbəti səfər Füzulidən keçməklə birbaşa Şuşa şəhərinə edilib. Onu deyim ki, Prezident İlham Əliyevin bu səfərlərinin çox böyük əhəmiyyəti var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu səfərlər göstərir ki, ölkənin siyasi rəhbərliyi işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri ilə məşğul olmağa başlayıb:

“Cənab prezidentin, birinci vitse-prezidentin şəxsən özləri bu proseslərə rəhbərlik etməklə yanaşı həm də yeni ideyalar, yeni fikirlər gündəmə gətirmək üçün bu səfərləri həyata keçirirlər. Yəni, cənab prezidentin və birinci vitse-prezidentin səfəri azad edilmiş ərazilərdə çox böyük işlər getdiyini bir daha sübuta yetirir. Dövlət başçımız Cıdır düzündə çox maraqlı bir çıxış etdi. Qələbəmizin mənbələrinə, qələbəmizi şərtləndirən səbəblərə toxundu və qeyd etdi ki, Vətən Müharibəsində qələbənin əldə edilməsində əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirib. Bu gənclər demək olar ki, cənab İlham Əliyevin 17 illik prezidentliyi dövründə yetişmiş nəsildir. Beləliklə, biz deyə bilərik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bütün bunlar onu göstərir ki, ölkədə milli-mənəvi məsələlərə böyük önəm verən, vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu onu göstərir ki, qeyd olunan istiqamətlərdə məsələlələr çox düzgün qurulub. Nəticə etibarilə biz Vətənini sevən, onun hər qarışı uğrunda canını verməyə hazır olan insanları formalaşdırmışıq. Doğrudan da bu gənclər Vətən Müharibəsində həddindən artıq böyük igidlik və rəşadət göstərdilər. Onlar 44 gün ərzində yağı düşmənlə çarpışaraq, onu əzərək, tapdalayaraq, onurğa sütununu sındıraraq torpaqlarımızdan çıxmağa vadar etdilər və ərazi bütövlüyümüzü təmin etdilər. Prezident onu da qeyd etdi ki, əlbəttə, digər nəsillərin də bu Qələbədə böyük zəhməti var, payı var. Azərbaycanda nəsillərarası gözəl bir əlaqə qurulub. Nəsillər arasında qurulan gözəl hesabına biz milli həmrəyliyi təmin edə bilmişik. Məhz bu milli həmrəyliyin yaranması bizim yumruq kimi birləşməyimizə, dəmir yumruq kimi düşmənin başına zərbə endirməyimizə imkan verdi”.

Qabil Hüseynli daha sonra deyib:

“Cənab prezident çıxışlarının birində qeyd etmişdi ki, biz Vətən Müharibəsi ərəfəsində apardığımız geniş iş nəticəsində cəmiyyətin bütün təbəqələrinin həmrəyliyinə, əməkdaşlığına nail ola bildik. Bu məsələdə siyasi partiyalarla aparılan işlər də diqqətçəkicidir. Çünki bizim müharibədə apardığımız qalibiyyətli, rəşadətli döyüşlərə görə 50-dən çox partiya mövqeyimizi ürəkdən bəyəndi, təqdir etdi. Hətta həmişə müxalifətə olub bizdə nöqsan axtarmağa çalışanlar Vətən Müharibəsindəki qələbəmizi təbrik etdilər. Bu, cəmiyyətin çox sıx sıralarla birləşməsidir. Bu, Azərbaycan cəmiyyətində birliyin və həmrəyliyin bərqərar olmasıdır. Bu birlik və həmrəylik hesabına xalqımız ortaya güclü passionar enerji qoydu. Xalqın bu passionar enerjisi də düşmən üzərində qələbəmizin rəhninə çevrildi. Bu gün biz Cıdır düzündəyik. Buranın əsrarəngiz mənzərəsini seyr edirik. Müharibədən bir neçə ay öncə isə Paşinyan Azərbaycan xalqını təhqir etmək üçün başının dəstəsi ilə burada “Yallı” gedib. İndi hanı o Paşinyan, onun başının dəstəsi. Hamısı rədd olub gedib. Azərbaycan hərbçiləri, rəşadətli ordumuz və həmin gənclər onları Vətən torpağından silib-süpürüb atıblar. Bax, Azərbaycan xalqı budur, bu qüdrətə malikdir. Bu qüdrətin hesabına biz çiçəklənən, daim inkişaf edən Azərbaycanı qurub yaradacağıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər