Vətən müharibəsinin qəhrəmanlarından biri olan ictimai fəal, politoloq Eltun İbrahimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eltun müəllim, necə oldu ki, müharibəyə qoşuldunuz?
- Bizim nəsil 30 illik həsrət, müqəddəs torpaqlarımız uğrunda qisas və intiqam hissində böyüyüb. Ruhları qarşısında baş əydiyimiz, məzarlarını ziyarət etdiyimiz zaman qanlarının yerdə qalmayacaqlarına verdiyimiz söz üçün müharibə, Allahın bizə bəxş etdiyi fürsət idi. Qismən səfərbərliyin elan olunması arzumun reallaşması üçün böyük şans yaratdı. Dəfələrlə hərbi komissarlığa müraciətimdən sonra könüllü olaraq cəbhəyə yollandım. Bu gün fəxr edirəm ki, müqəddəs torpaqların düşmən işğalından azad olunmasında iştirak etmişəm.
- Hansı istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak etmisiniz?
- Biz Ağdərə və Tərtər istiqaməti uğrunda gedən döyüş əməliyyatlarında iştirak edirdik. Müharibənin ilk günlərində Ordumuzun uğurları, əldə olunan qənimətlər, düşmənin döyüş bayrağını və silah-sursatını qoyub qaçması, əsgərlərdə böyük ruh yüksəkliyi yaratmışdı. Qələbənin qısa bir zamanda əldə olunmasına böyük inamımız vardı. Bildiyiniz kimi bu istiqamətlərdə coğrafi relyef və iqlim olduqca əlverişsiz idi. Düşmən istehkamının olduqca güclü olmasına baxmayaraq, müharibənin ilk günlərində Talış kənd və Suqovuşan qəsəbəsi azad olundu. Məhz Suqovuşanın azad olunması ilə Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanılmasına imkan yarandı.
- Düşmən siyasi arenalarda olduğu kimi, döyüş meydanlarında da hiyləgərlik edirdimi?
- Biz dəfələrlə xarici ölkələrdə, beynəlxalq tədbirlərdə erməni gəncləri ilə problemlərlə qarşılaşmışıq. Onlar Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırdı. Təmsil etdiyimiz ölkənin bir fərdi olaraq istənilən təxribatın qarşısını almışıq. Eyni zamanda düşmənə və dünyaya sülh yolu ilə münaqişənin həllinin tərəfdarı olduğumuzu göstərmişik. Paralel olaraq bir gün pozulmuz ədaləti güclü Ordunun bərpa edəcəyi mesajını da çatdırmışıq. Qələbənin xalqımız üçün çox da uzaqda olmadığına əminliyimizi məhz qarşı tərəfə bildirmişdik. Çox təəssüf ki, sülh prosesi çərçivəsində məsələnin həllini tamamilə mümkünsüz edildi. Vətən müharibəsinə Rəşadətli Ordunun bir üzvü olaraq qatıldım. Beynəlxalq humanitar hüquq normaları münaqişə zamanı qadınlara, uşaqlara, tibbi ekipaja, ümumilikdə mülki əhaliyə qarşı hücumu qadağan edir. Amma işğalçı Ermənistan Azərbaycanın mülki obyektlərini və mülki əhalisini ətəşə tutaraq hərbi cinayətlərə əl atdı. Düşmən cəmiyyətdə qorxu, təlatüm, qarışıqlıq yaratmaqla bunun müstəvisində ön xəttəki əsgərin əhvalını pozacağını düşünürdü. Amma hiyləgər düşmənin bu planı işə yaramadı. Çünki xalqımız birlik və əzm nümayiş etdirməklə bütün sahələrdə düşmənə layiqli cavab verdi. Xain düşmən döyüş zamanı hər cür iyənc əməllərə əl atdı. Hətta neytralda qalan şəhidlərimizin cəsədləri altında belə minalar yerləşdirirdi. Atəşkəs müddətində şəhidlərimizin neytraldan götürülməsi zamanı tibbi ekipaja və əsgərlərimizə qarşı atəş açırdı.
- I Qarabağ müharibəsindən sonra doğulanlar Vətən müharibəsində tarix yazdılar. Necə düşünürsünüz, xalq öz tarixi yaddaşını bərpa edə bildimi?
- Müqəddəs kitabımız Quranda yazıldığı kimi: "Savaş məcburiyyət halında əl atılan və mütləq müəyyən insani və əxlaqi sərhədlər çərçivəsində gerçəkləşdirilməli olan arzuolunmaz və məcburi yoldur”. Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Xalqımız əsrlər boyu bu torpaqlarda yaşayıb. Məhz buna görə də torpaqlarımızı düşməndən azad etmək bizim müqəddəs borcumuz, haqq işimiz idi. Bizim doğulduğumuz ildə şəhid olanların ruhları o torpaqlarda bizi gözləyirdi. Bəzən möcüzələrin baş verməsini heç də təsadüf hesab etmirdik. Biz son 30 ildə itirdiklərimizin 44 gündə qaytarılmasına yenidən nail olduq. Bu savaş özgüvənimizi bizə qaytardı. Millət olaraq müharibədən sonra görüləcək hələ çox işlərimiz var. Beləliklə güclü və bütöv Azərbaycan ideyasının reallaşdırılması heç də uzaqda deyil. Biz buna çox inamlıyıq.
- Ölkədə baş verən ictimai-siyasi proseslərdə çox aktiv iştirakçısınız. Bu politoloji qabiliyyətləriniz döyüşlərdə hansı hallarda köməyinizə çatdı?
-Yaxşı bir gələcəyə sahib olmaq istəyiriksə, gəncliyimizin müəyyən bir hissəsini gələcəyimiz üçün qurban verməyi bacarmalıyıq. İstər şəxsi həyatımızda, istərsə də ictimai həyatımızda bu mühüm əhəmiyyət kəsb edir. Mən kifayət qədər tanınmış ictimai təşkilatın fəxri sədriyəm. Böyük bir beynəlxalq gənclər şəbəkəsi auditoriyasına çıxış imkanlarım mövcuddur. Müharibədə iştirakım həmin xarici dostlarımız arasında maraq yaratmışdı. Dostlarımızla tez-tez əlaqə saxlayıb məlumat alırdılar. Öz dəstəklərini ifadə edirdilər. Müharibədə qalib tərəf olmaq üçün döyüş hazırlığı qədər, mənəvi psixoloji hazırlığın yüksək olması önəmlidir. Bu istiqamətdə bilik və bacarığımızın bölüşməsində, gündəlik əldə olunan nailiyyətlərin əhəmiyyətini döyüş yoldaşlarımıza çatdırılmasında müəyyən işlərin aparılmasına dəstək verirdik.
- Qələbədən sonra özünüzü necə hiss edirsiniz? Müharibədən sonra Azərbaycan Ordusunun qalib əsgəri Eltun İbrahimov cəmiyyət tərəfindən necə qarşılandı?
- Müharibə cəbhə yoldaşının şəhid olduğu anı yaşamaq, digər tərəfdən uğurlu əməliyyatların xəbərini almaq, eyni anda həm sevinməyi həm də kədərlənməyin nə olduğunu yaşadır. Eyni zamanda ailənə, sevdiklərinə bir daha geri dönməyəcəyin hisslər yaşayırsan. Tezliklə sağ-salamat dönüb sevdiklərinə qovuşmaq hisslərini yaşamaq da gözəl duyğulardandır. Mülki əhalinin bizim üçün göndərdiyi əsgər yardımları içərisində məktəblilərin “Bizim yaşımız çatmır, ancaq sizlərin yanında olmaq istəyirik” kimi məktublarını oxuyarkən qürurlanırsan. 44 günlük müharibə yetişən gəncliyimizlə qürurlanmağa haqqımızın olduğunu da göstərdi. Bəzən ən təhlükəli, geri dönüşün olmadığı anlarda yarımçıq qalan arzuları da 44 günlük müharibədə yaşadıq. Xəyalların üçün sağ qalmanı Allahdan arzu etmək, qalib, müzəffər kimi geri dönüşün eyforiyasında yaşamaq gözəl duyğulardır. Bəzən acı surprizlərlə qarşılaşıb, yeni ümidlərin doğur və bu anda qarşındakı düşməni məhv etmədən xoşbəxtliyin üçün yol yoxdur düşüncəsinə dalıtrsan. 44 günıük Zəfər savaşı xalqımıza 10 illiklərdir arzulanan xəyal edilən, təxəyyülə belə gətirlməyən bir qürur yaşatdı. Müzəffər və qalib olmağı bacaran bir xalq olduğumuzu dünyaya göstərmiş olduq. Bu gün “Vətən müharibəsi” iştirakçısı olmağımla fəxr edirəm. Fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun nəfəriyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar.